"Bir çox rayonlarda yararsız vəziyyətə düşən çoxmərtəbəli binaların sökülməsi və onların yerində yeni binaların tikilməsi üçün mənim Sərəncamımla milyonlarla manat vəsait ayrılıb, milyonlarla. Amma sonra bəlli olur ki, o binalarda dövlət tərəfindən mənzillərlə təmin edilən insanlardan pul alınıb. Dövlət pul ayırır, rayon icra hakimiyyəti tikinti ilə məşğul olur. Tikintilərdə də nə qədər pozuntular var, nə qədər pul mənimsənilir, bütün bu faktların hamısı üzə çıxır. Ondan sonra da o mənzillər ki, pulsuz verməlidirlər həmin insanlara, onlardan da rüşvət tələb olunur. Hər addım cinayət, hər addım rüşvət. Buna son qoyulacaq! Heç kimdə şübhə olmasın! Bizim iradəmiz möhkəmdir, heç kim bizim iradəmizə təsir edə bilməz. Xalq da cinayətkarları, rüşvətxorları, gözü doymayanları yox, bizi dəstəkləyir. Mən bu dəstəyi hər gün hiss edirəm".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"Mən, eyni zamanda, demişdim ki, xoşagəlməz hallar təkcə yerli icra orqanlarında deyil, mərkəzi icra orqanlarında da var, siqnallar var, məlumatlar daxil olub. Demişdim, xəbərdarlıq etmişdim, əl çəkin bu işlərdən, əl çəkin! Hesab edirdilər ki, bunlara aid deyil. İndi isə bunun acı nəticələrini yaşayırlar. Ona görə siz gənc kadr kimi icra başçısı vəzifəsində bu amilləri daim nəzərdə saxlamalısınız. Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır. İş prinsipi bu olmalıdır, rüşvət yox, yalan yox, talançılıq yox, saxtakarlıq yox, vicdansızlıq yox! Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar", - dövlət başçısı əlavə edib.
İfadetv.com
P.S. Mayın 8-də şəhid anası Məfkurə Əbdürəhimovanın mənzil məsələsində süründürməçiliyə məruz qalmasıilə bağlı müraciəti bu gün prezidentin çıxışı ilə uzlaşdığına görə təkrar oxucuların diqqətinə çatdırırıq:
ƏFSANƏVİ ŞƏHİDİN AİLƏSİNƏ VERİLƏSİ MƏNZİL KİMLƏRƏ SATILIB??? PREZİDENTƏ MÜRACİƏT
"Azərbaycan Respublikasın Əmək və Əhalinin Social Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün hər bir rayonda tikilib istifadəyə verilmiş yeni mənzillərin istifadəyə verilməsilə əlaqədar, mən də şəhid ( Əbdürəhimov Faiq Məmmədəli oğlunun) anası kimi 2011-ci ilin aprel ayından Şəki İcra Hakimiyyətində mənzil növbəsində durmuşam.lakin əvvəlcə növbəyə durmağım üçün Şəki İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Əvvəl dedilər bu sənədləri topla gətir, sonra dedilər ki, siz Bakıya gedib Sosal Təminat Nazirliyində mənzil qeydiyyatına alınmalısınız və buna bəznəzr “Şəki nağılları”ilə hər dəfə bizi vicdansız məmurlar süründürməçiliyə saldılar. Baxmayaraq ki, Şəki İcra Hakimiyyətinin başçısının 1-ci müavini cənab Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşaqları olublar. Yəni eyni zamanda cənab nazir Fikrət Məmmədovla da qohumdurlar. Çox get-gəldən sonra axır ki, 2011-ci ildə minnətlə məni mənzil qeydiyyatına aldılar. Şəki İcra Hakimiyyətinin Sosial Təminat Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir ki, gözləyirik. Hələ də mənzil növbəmiz çatmır ki, çatmır. Məlumat var ki, ƏƏSMN-yi 2005-ci ildən indiyədək məhz şəhid ailələri və Qarabağ əlilləri üçün 6 ədəd çoxmənzilli binalar tikib istifadəyə vermişdir. Deyilənlərə görə dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti İmişli rayonundakı “qayda qanun”la saxta əlilliyi olan və olmayan kənar şəxslərə “paylanmışdır”. Hesab edirik ki, bu faktları yerində araşdırmaq o qədər də çətin deyil. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmamışdır.Rəsmi məlumatda isə qeyd edilir ki, 11000 şəhid ailəsindən 2014-cü ildədək 5000-ə qədərinə dövlət hesabına mənzillər verilmişdir. Cənab Prezidentin 2014-cü il tarixli Sərəncamında da qeyd edilir ki, qalan şəhid ailələri və Qarabağ əlillərinə 2014-2018-ci illər ərzində mənzillər tikilsin və təmin olunsunlar. Amma biz bunu görmürük. Məsələn, bizim kənddə 18, Baş Layısqı kəndində 23, Baş Göynük kəndində də 22 şəhid olmuşdur. Bu günə kimi heç birinə bir mənzil verilməyib. Və eləcə də digərləri. Hamısı da kasıb ailələrdir. Onlar da mənim kimi mənzil növbəsində dursalar da gözləməkdədirlər.
Onu da xatırladım ki, şəhid oğlum Faiqin əmisi Şamil Mahmudov Baş nazirin müavini olmuş cənab Abid Şərifovla quda olmuşlar. Yaxın-uzaq səlahiyyət sahibi olan qohumlarımızdan da nəsə ummadıq. Xeyri də olmayacaqdı.
Bir daha xatırladım ki, ailəmizdə 5 oğlan və 3 qız övladı olmuşdur ki, ən böyüyü rəhmətlik Faiq idi. Onu da qeyd edim ki, bir şəhid ailəsi olaraq 27 yanvar 1994-cü ildən bu günə qədər bizə nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım, nə övladlarımdan hər hansı biri işlə təmin edilməmişdir. Elə biz də həddən artıq kasıb vəziyyətdə yaşasaq da dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm.Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ Müharibəsinə bu daxmadan yola salmışam. O cəbhəyə getməmişdən əvvəl Gürcüstana gedib muzdla işləyib həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu. Ddüzdür, sonralar kolxozdan bir iki dəfə bayramlarda paylar göndərilsə də qəbul etməyib geri qaytarmışıq. Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzilə 28 kv m sahəsi olan həyət evində birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadğından toy edə bilmirəm. Digər oğullarım Natiq və Namiq Bakıda kirayədə yaşayırlar. Kürəkənlərim Əhməd və Elmir də Abşerron və Binəqədi rayonlarında kirayədə yaşayırlar.Özləri də iş tapa bilmirlər. Əhməd Rusiyada polis mayoru kimi işləmişdir. Digər kürəkənim Elmir də Prezident Qvardiyasında xidmət etmişdir. Bu günə qədər iş tapa bilmirlər.
Mən də bir 73 yaşlı şəhid anası kimi istəyirəm ki, 4 oğlumla və nəvələrimlə birlikdə dövlətin bizə verəcəyi mənzildə ömrümün son günlərini yaşayıb sonra bu dünyadan kök edim. Nə qədər gözləmək olar?Axı şəhid oğlum Faiq adi əsgər olmamışdır ki, təsadüfi düşmən gülləsindən şəhid olsun. O 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olmuşdur. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili Qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədd boyu hücumlarının qarşısını almış və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərərk geri çəkilmək zorunda qalmışdır. Rəhmətlik Faiq əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdir.
Zəngilanın işğalından sonra Faiq Fizuli rayonu istiqamətində döyüşlərdə iştirak etmiş, Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak etmişdir. Bir daha xatırlatmaq istəyirəm ki, biz 10 nəfərlik ailəmizlə birlikdə 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşamışıq və indi də 28 kv.m-lik darısqal mənzildə yaşayırıq amma kimsəyə əl açmamışıq.
Mən 24 dekabr 2019-cu ildə də mənzil məsləsilə bağlı müraciət etdim. ƏƏSMN-dən formal rəsmi cavab aldım ki, 2024-cü ilədək sizi evlə təmin ediləcəksiniz. Halbuki. Cənab prezident Sizin 20 iyun 2014-cü il tarixli Sərəncamınızda qeyd edilir ki, 2014-cü ilədək 5000-ə yaxın ailə mənzillə təmin edilmiş, və 2014-cü ilədək uçota durmuş qalan 5000 ailəni də 2014-2018-ci illər ərzində təmin etmək lazımdır. Lakin mən 9 ildir ki, şəhid ailəsi növbəsində 11-ci olmaqla yerimdə sayıram. Guya bu 9 ildə heç bir şəhid ailəsinə mənzil verilmədi. Amma mən bilirəm ki, qonşu Biləcik kəndindən bir şəhid ailəsi məndən sonra növbədə olsa da ona dərhal mənzil verdilər. Qısası, mənim 5000 manat pulum olmadığına görə bundan sonra 100 il də gözləsəm bu “VİCADNLI məmurlar” evlə təmin edən deyillər. Lakin 5 gün əvvəl yerli kənd bələdiyyə sədri Asif müəllim zəng edib bildirdi ki, bir yer göstərin Nazirlikdən Sizə həyət evi tikmək üçün göstəriş gəlib. Mənim belə yerim 4.5 ha pay torpağımdır ki, o da kənddən 6 - 8 km kənddən uzaqdadır.Cənab Prezident Sizin 20 iyun 2014-cuü il tarixli sərəncamınızda qeyd edirsiniz ki, Şəhid ailələrinə mənzil tikilməsi üçün torpaq sahəsi ayrılsın. Əgər sizin yerli məmurlar bu sərəncamdan irəli gələn tapşırıqları yerinə yetirsələr kəndimizin uyğun bir yerində ailə sayımıza görə ev tikilməsi yaxşı olardı.
Hazırda 73 yaşım var. Xəstəyəm. Cənab Prezident və Mehriban xanım. Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək,digər oğullarımı da bir yerə yığıb yaşamağım üçün bir şəhid ailəsi olaraq bizə veriləsi mənzilləri rüşvətlə kənar şəxslərə sartmış şəxslərin tapılıb cəzalandırılmasını və həmin evlərin boşaldılaraq mənim kimi real şəhid ailələrinə verilməsinə göstəriş verəsiniz".
İfadetv.com olaraq bütün maraqlı tərəfləri rəsmi mövqeyini dərc etməyə hazırıq