Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan Rusiyanın "Mediamax" agentliyinə müsahibəsində maraqlı etiraflar edib. O bildirib ki, Qarabağdakı müharibə zamanı Rusiya müttəfiqlik borcunu yerinə yetirmək üçün əlindən gələni edib.
Tonoyan müharibə boyu rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində bir neçə dəfə onunla telefon danışığı apardığını söyləyib. "Məlum səbəblərdən detallara varmayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, müharibə zamanı Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi", - Tonoyan vurğulayıb. Keçmiş nazirin sözlərinə görə, Sergey Şoyqu ilə sıx təmasları müdafiə məsələləri ilə yanaşı, bir sıra digər “vacib məsələlərin” həllinə imkan verdi.
Xatırladaq ki, David Tonoyan müharibə bitdikdən bir neçə gün sonra baş nazir Paşinyan tərəfindən vəzifəsindən azad edilmişdi.
Keçmiş Müdafiə nazirinin dedikləri 44 günlük müharibə zamanı Rusiya-Ermənistan əlaqələrinə bir daha işıq salır. Əlbəttə, Azərbaycana bəlli idi ki, Moskva müttəfiqini müntəzəm olaraq silah-sürsatla təmin edir. Ölkə rəhbərliyi bunu sübut edən kəşfiyyat məlumatlarını açıqlayıb, Rusiyadan silahların hansı marşrutla Ermənistana çatdırıldığını göstərmişdi. Məsələ bir neçə dəfə ikitərəfli danışıqlarda və publik şəkildə Moskvanın qarşısında qaldırılaraq, etiraz ifadə edilmişdi. Amma Rusiya rəhbərliyi İrəvanla əlaqələrin ikitərəfli müqavilələr çərçivəsində həyata keçirildiyini bildirərək, bunun müharibə ilə əlaqəsi olmadığını iddia edirdi. Prezident Putin, Xarici İşlər naziri Sergey Lavrov döyüşlərin Azərbaycan ərazilərində getdiyini bildirərək, Rusiyanın ona müdaxilə etməyəcəyini vəd edirdilər. "Əgər müharibə Ermənistan ərazisinə keçərsə, o zaman KTMT çərçivəsindəki öhdəliklərə uyğun olaraq Rusiya prosesə müdaxilə edəcək", - Lavrov bəyantlarının birində ifadə etmişdi.
Amma David Tonoyanın dedikləri bunun əksini nümayiş etdirir. Müdafiə nazirinin döyüşlərin qızğın çağında rusiyalı həmkarı ilə hər gün bir neçə dəfə təmasda olmasını açıqlaması, əslində 44 günlük müharibə zamanı Ermənistan ordusunun Moskvadan idarə olunduğunun açıq təsdiqidir. Tonoyanın cəbhə bölgəsində tez-tez dəyişən situasiya ilə bağlı S.Şoyquya məruzə etməsi, ondan təlimatlar, tapşırıqlar alması anlamına gəlir. Müharibənın qızğın çağında gündə bir neçə dəfə telefon zəngləri başqa hansı ehtiyacdan yarana bilər ki?
Beləliklə, məlum olur ki, müharibə zamanı Rusiyanın yaratmağa çalışdığı tərəfsizlik obrazı əslində görüntü olub. Moskva bütün vasitələrlə müttəfqinin məğlub olmaması üçün çalışıb, ona ən müasir silahların verilməsi ilə də kifayətlənməyib, əvvəldən sona qədər döyüşü idarə edib. Amma bütün çabalar nəticəsiz qalıb. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Rusiya hərbi sənaye kompleksinin məhsulları ilə tam təchiz edilmiş Ermənistanın hərbi potensialının 80 fazini məhv edərək, onu atəşkəs imzalamağa məcbur edib.
P.S. xatırlatmaq yerinə düşür ki, Ukraynanın Krım vilayətinin ilhaq edilməsi zamanı Eusiya qoşunlarına komandanlığı prezident V.Putin etmişdir. Və qələbə çalmışdır.E.Rüstəmli
"AzPolitika.info"