Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilmiş iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da Muxtar Respublikanın Konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekunlaşıb.
Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, buna baxmayaraq hələ qarşıda iki prosedur qalıb: Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir:
"Təbii ki, ərazi bütövlüyü təmin olunan dövlətimizin idarəetmədə müəyyən dəyişiklik etməsi gözlənilən idi. Baş verən proseslərdən sonra Naxçıvan Konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Əslində son 5 ildə belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və sənəd ikinci oxunuşda qəbul edildi. Artıq lahiyə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq".
[center][/center]
Deputat söyləyib ki, Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detalları hələ ki söyləmək mümkün deyil:
"Çünki layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı əlavə nəsə söyləyə bilmərəm".
