Hökumət daxilində aparılan “təmizləmə” əməliyyatları çərçivəsində həbs edilən, işdən çıxarılan, habelə, bu gün də vəzifədə olan məmurların mənimsədiyi milyonlarla manat vəsaitlə yanaşı, onların dəbdəbəli villaları da müzakirə mövzusudur. Bu adamların milyonluq, gözqamaşdıran imarətləri ictimai qıcıq yaradır. Sosial şəbəkələrdə bu mülklərin fotoları, videoları yayılır. Hamı da bilir ki, bu saraylar dövlətdən, xalqdan oğurlanan pullarla inşa edilib.
Tutulan, istintaqa çağırılan sabiq və indiki məmurların taladığı vəsaitlərin bir hissəsi geri qaytarılır. Bəs onların mülkləri, oğurluq pullarla tikdirdikləri evlərin bir qismi də müsadirə oluna bilərmi? Bu həm də ictimai gərginliyi azaltmaq üçün lazımdır. Həmin evlərin bir neçəsi müsadirə olunarsa, xalqın qəzəbi xeyli azalar. Bu imarətlərin məhkəmənin qərarı ilə dövlət tərəfindən müsadirə edilməsi gözlənilsə də, hansı təyinat üçün istifadə ediləcəyi sual altındadır. Ancaq ictimaiyyəti narahat edən məsələlərdən biri də məmurların villalarının sökülməsi təcrübəsidir. Xatırladaq ki, bu artıq bir neçə dəfə baş verib. İctimaiyyət nümayəndələri isə hazırkı şəraitdə mənimsənilən dövlət vəsaiti hesabına tikilən villaların sökülməsini deyil, müxtəlif sosial təyinatlar üzrə istifadəsini təklif edirlər. Bu məsələ ilə bağlı sosial şəbəkələrdə də illərdir ki, müzakirələr gedir.
“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyb ki, məmurlardan belə imarətləri geri almazdan əvvəl məsələ hüquqi müstəvidə çözülməlidir: “Azərbaycanda illərdir ki, maliyyə amnistiyası müzakirə mövzusudur. Fikrimcə, ən yaxşı çıxış yolu da budur. Elan olunmalıdır ki, bu günə qədər dövlətdən, yəni xalqdan oğurlanan pullar hesabına qurulan bizneslər, tikilən imarətlər, xaricdə alınan əmlakları bəyan edən indiki və keçmiş məmurlara güzəştlər olacaq. Xalqdan oğurlanan pullar hesabına əldə edilən varidatın 20-25 faizini saxlamaq şərti ilə qalanı xalqa qaytarılmalıdır. Əgər maliyyə amnistiyası veriləndən sonra bu və ya digər məmurun bəyan etmədiyi əmlak müəyyən olunarsa, həmin məmur uzun müddətli həbsə alınmalı, bütün əmlakları araşdırılıb oğurluq pullarla əldə edilməsi məhkəmə yolu ilə sübuta yetiriləndən sonra müsadirə olunmalıdır”.
Hüquqşünas təklif edir ki, məmurların əmlaklarının araşdırılması üçün komissiya yaradılmalıdır: "Azərbaycan müharibədən çıxmış dövlətdir. İşğaldan azad edilmiş ərazilərimizdə görülməli olan xeyli iş var. Azad edilmiş torpaqlara tez bir zamanda əhalimizin qaytarılması üçün infrastruktur yaradılmalı, iş yerləri açılmalıdır. Oğurlanan dövlət resurslarını, büdcə vəsaitlərini də geri qaytarmaq lazımdır. Əgər külli miqdarda dövlət vəsaiti mənimsənilibsə, bunun geri qaytarılması bir tələb olmalıdır. Aydındır ki, imarətlər oğurlanan milyonların kiçik bir həlqəsidir. Qiymətli daşlar, xaricdə saxlanılan pullar, ləl-cəvahirat, xarici ölkələrdə alınmış mülkiyyət oğurluq pulların saxlanılması üçün bir üsuldur. Şübhəsiz ki, bunlar müsadirə olunmalı, hərraca çıxarılmalıdır. Bütün bunlar qanun çərçivəsində həyata keçirilməlidir ki, illər sonra həbsdən çıxan məmur həmin əmlaklara iddia edə bilməsin".
Hüquqşünas deyir ki, imarətlərin sökülməsi doğru yol deyil: “Elə bir qərar verilməlidir ki, bu heç bir halda şübhə altına alınmasın. Həbs olunan hər məmurun evi sökülmək məcburiyyətində deyil. Bu həmin şəxsin mülkiyyətidir, orada onun ailəsi yaşayır. Ancaq müsadirə edilib hansısa təyinat üzrə istifadə ediləcəksə, bunun üçün dövlətin müvafiq qurumları var, sosial fondları var, onlar qərar verə bilərlər”.
Hüquqşünas deyir ki, Abşeron sahillərini zəbt edən imarətlərin böyük əksəriyyəti indiki və keçmiş iri ranqlı məmurlarındır: “Sabiq nəqliyyat naziri Ziya Məmmədovun imarətləri haqda videolara baxanda düşünürsən ki, görəsən, bu adamın atası, babası kim olub? Bunca varidatın mənbəyini göstərə bilərmi? Bir nazirin maaşı nə qədərdir ki, ölkənin bu başından o başına qədər bir-biri ilə bəhsə girən 10-15 imarət tikib? Bu adamları bir-bir çağırıb həmin imarətlərin mənbəyini aydınlaşdırmaq lazımdır. Heç bir halda həmin imarətlər sökülməməlidir. Abşeron boyunca, Xəzər sahillərini zəbt edən həmin o imarətlərdə xalqın övladları üçün yay düşərgələri, istirahət mərkəzləri açılmalı, digər sosial obyektlər yerləşdirilməlidir. Elə şərait yaratmaq lazımdır ki, korrupsioner məmur xalqdan oğurladığı əmlakı heç bir şərtsiz təhvil versin. Xalqın sərvəti ilə tikilmiş bu əmlaklardan dövlət və millət mənafeyi üçün istifadə olunmalıdır”.
“Yeni Müsavat”