Ötən il baş verən 44 günlük Vətən müharibəsi qalib ordunun rəhbərliyində ciddi dəyişikliklərə səbəb oldu. Döyüşlərin davam etdiyi günlərdə, rəsmən açıqlanmasa da, Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıxov və bəzi ordu komandanları öz vəzifələrindən faktiki olaraq kənarlaşdırıldı.
Müharibə bitdikdən bir müddət sonra Müdafiə Nazirliyi N.Sadıxovun təqaüdə göndərildiyini bəyan etsə də, bunun səbəbləri barədə heç nə deyilmədi. Keçmiş Baş Qərargah rəisinin də mətbuata hər hansı açıqlamasına rast gəlinmədi. İctimaiyyət arasında, sosial mediada general-polkovnikin Moskvaya bağlılığı, Azərbaycana qarşı xəyanətkar əməllərə yol verdiyi iddia olunurdu. Hətta bildirilirdi ki, müharibə zamanı bu əməllərin sübut olunması N.Sadıxovun sonunu gətirib. Əvvəlcə onun ordu ilə əlaqəsi kəsilib, daha sonra o, ictimaiyyətdən tam təcrid edilib.
Bundan başqa, N. Sadıxovun orduda yüksək vəzifə tutan qohumları və yaxın münasibətdə olduğu zabitlər də Müdafiə Nazirliyindən kənarlaşdırılıb. Ötən həftə nazirliyin Mərkəzi Ordu İdman Klubunun rəisi, polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad edilib. Klubun imkanlı şəxslərin övladlarının rüşvət qarşılığında hərbi xidmət keçdiyi hərbi hissəyə çevrildiyi deyilir. Yayılan məlumatlara görə, bu istiqamətdə araşdırma aparılır və polkovnik Məcidov istintaqa cəlb edilib. Onun keçmiş Baş Qərargah rəisi ilə yaxın əlaqələrə malik olduğu sirr deyil.
Müdafiə Nazirliyi fevralın 8-də general-leytenant Rövşən Əkbərov və general-mayor Xaqani Cəbrayılovun da xidmətdən azad edildikləri barədə məlumat yaymışdı. R. Əkbərov özü əvvəl mətbuata bildirmişdi ki, daha ordu sıralarında xidmət etmir.
Şübhəsiz ki, orduda aparılan təmizləmələr müharibə zamanı bəzi yüksək rütbəli zabitlərin qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməməsi və ümumilikdə Ali Baş Komandanın onlara etimadsızlığı ilə əlaqədardır. Orduya yaxın mənbələr “vurulan” generalların rüşvət, mənimsəmə kimi natəmiz əməllərlə məşğul olduğunu söyləyirlər. Qeyd olunur ki, müharibə zamanı bəzi hərbi hissələrdə təchizat problemləri yaranıb, geyim, yemək, tibbi ləvazimat çatışmazlığı, yaxud onların vaxtında döyüşən hərbi birləşmələrə çatdırılması sahəsində çatışmazlıqlar qeydə alınıb. Habelə, döyüş tapşırıqlarının icra olunması zamanı da sözügedən generallar “axsayıb”. Nəticədə bəzi istiqamətlər üzrə döyüş əməliyyatları uğurlu alınmayıb və lüzumsuz itkilər verilib.
Ali Baş Komandan İlham Əliyevin müharibədən sonra verdiyi önəmli mesajlardan biri də Azərbaycan Ordusunun Türkiyə (NATO) modeli üzrə yenidən qurulmasıdır. Prezident bəyan edib ki, peşəkar ordu sisteminə keçiləcək və bu istiqamətdə lazım olan bütün addımlar atılacaq. Bu sahədə Azərbaycan Türkiyə Silahlı Qüvvələrindən ciddi dəstək alır. Vaxtaşırı birgə təlimlər keçirilir, hərbi təhsil, döyüş hazırlığı, hərbi arsenalın müasir silahlarla yenilənməsi kimi vacib əməkdaşlıq istiqamətləri də uğurla icra edilir. Görünür, bu hədəflərə çatmaq üçün daxildə də “dəmir yumruğa” ehtiyac duyulub. Ölkə rəhbərliyi orduda kök salmış korrupsioner, sovet hərbi məktəbinin yetirməsi olan generaliteti və onların şəbəkəsini zərərsizləşdirməklə bu işə start verib.
Rövşən Əkbərovun həbsi məsələsinə qayıtsaq, generalın ordudakı fəaliyyəti ilə bağlı istintaq araşdırmasının aparılıb-aparılmadığı bəlli deyil. Prokurorluq hələ ki bu barədə detallı informasiya açıqlamır. Məlum olan odur ki, general-leytenant 19 il əvvəl Ukraynada baş vermiş qətl hadisəsinə görə istintaqa cəlb edilib.
Hüquqşünas Hafiz Həsənov “Press klub”a şərhində bildirdi ki, Baş Prokurorluq ətraflı rəsmi açıqlama vermədiyindən, bu barədə geniş danışmaq çətindir:
“Mediada yayılan məlumatlardan çıxış edərək onu demək olar ki, Rövşən Əkbərov haqqında cinayət işi var və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dörd aylıq həbs qətimkan tədbirinin seçilməsi onun xüsusilə ağır cinayət – 19 il əvvəl Ukraynada qəsdən adamöldürmə cinayəti törətməsi ilə bağlı ola bilər”.
Hüquqşünas qeyd etdi ki, R. Əkbərov bu cinayəti 19 il əvvəl törədibsə, indiyədək məsuliyyətə cəlb edilməməsi maraqlı məqamdır:
“Axı o, bu dövrdə qaçıb gizlənməyib, əksinə, məsul vəzifələrdə xidmət göstərib. Ola bilər ki, cinayət işi əvvəl başlayıb və istintaq indi onun təqsirinin sübutu üçün kifayət qədər əsaslar əldə edib, bu da onun həbsi üçün əsas yaradıb. Lakin aydındır ki, Azərbaycanda bu cinayət işi 19 il əvvəl başlamayıb, çünki istintaqın aparılması müddəti bu müddətdən çox-çox azdır. Yox, əgər cinayət işi başlanıb, müəyyən müddət ərzində dayandırılıbsa, buna da aydınlıq gətirilməlidir. Ümumilikdə hesab edirəm ki, bu cinayət işi üzrə açıq qalan xeyli suallar var və bunlar barədə ictimaiyyətə istintaq sirri gözlənilməklə, açıqlamalar verilməlidir”.