Bakının sabiq meri Hacıbala Abutalıbovun uzun müddət üz-araya çıxmadığı, gözə görünmədiyi halda, bir neçə gün əvvəl mətbuata geniş və belə demək mümkünsə, səmimi müsahibə verməsi ciddi şübhələrə yol açmışdı.
Həmin vaxt “AzPolitika.info” bununla bağlı “Abutalıbovun da qapısı döyülür?” başlıqlı yazı dərc etmişdi. Sözügedən yazıda qeyd olunurdu ki, belə müsahibələr təsadüfən verilmir və adətən nəyəsə hesablanır.
Əslində, son qurultayda YAP-ın İdarə Heyətindən çıxarılanlar arasında Hacıbala Abutalıbovun da olması, həmçinin onun adının yeni yaradılan Veteranlar Şurasına salınmaması sabiq mer üçün həyacan siqnalı idi.
Digər yandan Səlim Müslümovun həbsi, Ramiz Mehdiyev, Ziya Məmmədov və digərləri daxil olmaqla, sabiq iri məmurların “məşhər ayağına” çəkilməsi Abutalıbovu da narahat etməyə bilməzdi. Bu baxımdan sabiq merin olduqca ehtiyatlı, sentimental, hakimiyyətə və Heydər Əliyevə sədaqətinin, eləcə də onun Abutalıbov barədə vaxtilə dediklərinin xüsusi qabardıldığı müsahibə təsadüfi deyildi.
Həmin müsahibədə hakimiyyətə bir çox mesajlar verilir, Abutalıbovun sadə, mütəvazi həyat sürdüyü, oğlanlarınınsa elə bir böyük biznesinin olmadığı, sadəcə “başlarını aşağı salıb çörək qazandığı” görüntüsü yaradılırdı.
Ötən gün Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılmasına dair rəsmi məlumat yayılandan sonra Abutalıbovun sözügedən müsahibəsinin təsadüfi olmadığı təsdiqləndi.
Necə deyərlər, “xoruzun quyruğu göründü”. Belə ki, Rasim Quliyev məhz Hacıbala Abutalıbovun istəyi və əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib. Yəni bu şəxsin Abutalıbovun adamı olduğu şübhə doğurmur.
İndi isə sabiq merin “sağ əli” olan bu şəxsin cinayət işində Abutalıbovun adının ən başda keçəcəyi şübhəsizdir. Belə görünür ki, Abutalıbov da Rasim Quliyevin həbs olunacağından qabaqcadan xəbərdar olub.
Tez-tələsik mətbuata çıxaraq müsahibə verməsi də böyük ehtimalla məhz bununla bağlıdır. Sabiq mer bilir ki, aparat rəhbərinin istintaqa söyləyəcəyi hər cümlədə onun adı keçəcək, çünki belə vəzifələrdə oturanlar adətən “kassir” rolunu oynayır və heç nəyi “şefin”, yəni bu halda Abutalıbovun xəbəri olmadan edə bilməz.
İndi istintaqın gedişini gözləmək qalır. Görək, hər kəsin bildiyi və gördüyü korrupsiya cinayətləri obyektiv araşdırılaraq üzə çıxarılacaq, yoxsa iş elə Rasim Quliyev səviyyəsindəcə bağlanacaqmı?
Cəlal “AzPolitika.info”
P.S. Hesab edirik ki, Qax rayonun İlisu kəndindəki villasına çəkilib ölkədə baş verənləri kənardan izləməkklə iş bitmir. Bakı Gömrüyünün şefi Vüsal Novruzov da 2018-də işdən çıxarıldıqdan sonra dənizkənarı villasında rahat nəfəs almaq istəyirdi ki, qəfil zənglə oyandı. Ondan tələb olunan 6 milyardın təcili çatdırılması göstərişinə cənab general 3 gün möhlət istədi. Vəssəlam. İndi də cənab Abutalıbov elə düşünür ki, 20 il ərzində yığdıqlarından kiminsə xəbəri olmayıb. Elə məsələ yoxdur. Sabiq meri də XİN rəhbəri olmuş E.Məmmədyarovun taleyi gözləyir.