Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində törətdiyi hərbi təxribat nəticəsində Azərbaycanın dövlət sərhəddində vəziyyət yenidən gərginləşib.
Hətta Ermənistan müdafizə nazirinin müavini müharibə təhlükəsinin olacağını istisna etməyib.
“Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində vəziyyət o qədər də gərgin deyil, lakin hər an gərginlik yarana bilər”.
Bu açıqlama ilə Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan çıxış edib.
Ermənistan mətbuatı yazır ki, Sarkisyan təfərrüatlara varmayıb, lakin əmin edib ki, heç bir məlumat ictimaiyyətdən gizlədilmir.
Xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i, təxminən 11:00-da Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ayaz Nəzərov şəhid olub.
Döyüşlər zamanı Ermənistanın 3 hərbi qulluqçusu ölüb, 2 nəfər yaralanıb. Azərbaycan Ordusunun cavab zərbəsi ilə Ermənistanın iki hərbi postu dağıdılıb. Yanvarın 11-i gecə saatlarından başlayaraq 12-si səhərədək Azərbaycanın Kəlbəcər və Tovuz rayonları istiqamətində silahlı təxribatları davam edib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh çağırışlarının artdığı və kommunikasiyaların açılması istiqamətində müəyyən razlaşmaların əldə olunduğu bir dönəmdə hərbi əməliyyatların yenidən başlaması bu prosesi poza bilər.
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla ötən il noyabrın 26-da Soçidə, dekabrın 24-də isə Brüsseldə keçirdiyi görüşlərdən sonra verilən müsbət mesajlar tərəflərin sülhə daha yaxın olduğunu göstərirdi. Hətta Azərbaycanla sülhə hazır olduğunu deyən Paşinyan Qarabağa olan iddiasından dolayısı ilə imtina etdiyini bildirmiş, Türkiyə ilə münasibətlərin normallaşması prosesinə başlamışdı.
Sərhədlərin delimitasiyası və demarkasiyasına dair Rusiyanın məsləhətçi iştirakı ilə birgə komissiyanın işə başlıaması barədə razılıq əldə olunmuşdu. Rusiya xarici işlər nazirinin müavini Rudenko isə bu günlərdə verdiyi açıqlamada Azərbaycanla Ermənistan arasında dəmir yolunun ardınca, avtomobil yolunun bərpası ilə bağlı razılaşmanın əldə olunduğunu deyib.
Lakin Ermənistan yanvarın 11-dən başlayaraq Azərbaycanın dövlət sərhəddində silahlı hücumlar həyata keçirməklə münasibətləri yenidən gərginləşdirib. Qeyri-sabit mövqeyi ilə seçilən Paşinyanın bu spekulyasiyası tərəflər arasında sülhün təmin edilməsi və əldə olunmuş razılaşmaların icrası üçün ciddi risklər yaradır. DİA.AZ-ın məlumatına görə, yaranmış vəziyyəti Cebhe.info-ya şərh edən Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Brüssel görüşündən sonra Arazdəyən-Mehri-Ağbənd-Horadiz dəmiryol xəttinin açılması razılaşdırılmış, sülh sazişinin əldə olunması üçün müəyyən ümidlər yaranmışdı:
“Hətta Paşinyan Qarabağın statusunun Azərbaycan Konstitusiyası çərçivəsində müəyyənləşməli olduğunu qeyd etmişdi. Amma bu şərtlər gözlənilmədən dəyişdi.
Qazaxıstanda baş verən hadisələr, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu ölkəyə sülhməramlı qüvvə göndərməsi, Paşinyanın bu hərbi alyansa rəhbərlik etməsi Ermənistanda müəyyən ümidlər doğurur. Rəsmi İrəvan KTMT-nin Azərbaycana qarşı hərbi əməliyyatlarda Ermənistana kömək etməli olduğuna dair mütəmadi açıqlamalarını eşidirik. Görünür, Paşinyan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində KTMT-dən istifadə etmək, Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq istəyir. Təbii ki, Ermənistan tərəfinin bu siyasəti dövlət sərhəddində növbəti eskalasiyaya gətirib çıxara bilər. Düşünmürəm ki, Kolllektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanla Azərbaycan arasındakı böhrana reaksiya versin.
Təbii ki, bu qərar Moskvada qəbul olunur. Əgər Moskva KTMT-ni bu böhrana sürükləyərsə, qarşısına Türkiyə-Azərbaycan tandemini çıxara bilər. Bu da Rusiyanın regiondakı maraqlarına ziddir. Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını tələb edə bilər. Bura Qazaxıstan deyil. Rusiya ciddi şəkildə strateji səhvlərə yol verir və Cənubi Qafqazdakı mövqeləri zəifləyə bilər. Çünki Rusiya indiyə qədər KTMT-ni Ermənistanla Azərbaycan arasındakı münaqişəyə qoşmayıb. Bundan sonra da bunu mən istisna edirəm. KTMT-nin bu məsələyə daxil olması Rusiyanın əleyhinə işləyə bilər.
Ermənistan rəsmilərinin açıqlamalarına gəlincə, onların müəyyən ümidləri var. Moskvada görünür, bəzi rəsmilər onlara vədlər verir, şirnikləndirir. Bu, növbəti mərhələdə Moskvanın Ermənistanı tələyə salmaq cəhdi də ola bilər. Çünki dövlət sərhəddində eskalasiya baş versə Ermənistan ağır məğlubiyyətə düçar olacaq. Nəticədə, Paşinyanın mövqeləri zəifləyəcək və xalq ayağa qalxa bilər.
Əgər Ermənistanın təxribatları davam etsə, Azərbaycan adekvat addımlar atacaq və düşmən tərəfə zərbələr endirəcək. Ermənistanın Azərbaycanı KTMT ilə üz-üzə qoymaq cəhdləri baş tutmayacaq. Hesab edirəm ki, bu məsələdə Türkiyə yenə Azərbaycanın yanında olacaq. Növbəti mərhələdə Türkiyənin Ermənstanla münasibətləri daha da kəskinləşəcək.
Türkiyə ilə münasibətlərin normallaşması prosesi ərəfəsində Azərbaycanın dövlət sərhəddində hərbi təxribatlar davam edərsə, Ermənistanın blokadası yenə də davam edəcək”.