Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
Fondun Zəngilan Rayon Şöbəsinin müdiri Şakir Nuriyev və digər vəzifəli şəxs Ramiz Əmiraslanov xidmətdə olduqları vaxt yeyinti etdikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilirlər. Zərərçəkmiş tərəf isə Fondun Zəngilan rayon şöbəsidir. Cinayət işi üzrə ibtidai istintaq artıq yekunlaşıb və iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Abbas Rzayevin sədrliyi ilə sentyabrın 9-da baxılacaq.
Ş.Nuriyev vəzifədə olduğu müddət ərzində ölkə mediasında bir neçə dəfə onun Səlim Müslümovun tələbə yoldaşı və dostu olduğu qeyd olunub. S.Müslümov fonda rəhbər təyin edildikdən sonra Ş.Nuriyevi də vəzifəyə təyin edib. Ş.Nuriyev İmişli, Qaradağ, Qobustan və Şuşa rayon şöbələrinin müdiri işləyib. Bir müddət isə DSMF-nin kadrlar şöbəsinə rəhbərlik edib. Payaxtın Səbail rayonunda müdir işləyəndən sonra Zəngilana təyin olunub.