Böyük Britaniya zəngin əcnəbilər üçün investor vizasını ləğv edir.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi xarici investorlara sürətləndirilmiş daimi yaşayış imkanı təklif edən “Tier 1” vizasının dərhal ləğv ediləcəyini açıqlayıb. “Qızıl viza” olaraq da bilinən investor vizası Britaniyada 2 milyon funt- sterlinq və ya daha çox sərmayə qoyanlara ailələri ilə birlikdə yaşamaq icazəsi təklif edir. Lakin bu viza növünün zəifliyi ilə bağlı narahatlıqlar səbəbindən bir müddətdir ki, yoxlamalar aparılır və hökumət korrupsioner elitanın Böyük Britaniyaya çatması üçün bir fürsət olaraq gördüyü bu vizanın qaldırılmasına qərar verib. Artıq Böyük Britaniyada investorların məskunlaşması onların yaradacağı real iş yerləri və nəzərəçarpacaq iqtisadi təsirlərə əsaslanacaq. İnvestor viza sistemi 2008-ci ildə Avropa İttifaqı xaricindəki varlı insanları Böyük Britaniyaya investisiya qoymağa təşviq etmək üçün başlamışdı. Qeyd edək ki, indiyədək bir çox azərbaycanlı məmurların da Londonda mülkləri, İngiltərədəki bank hesablarındakı milyonlarla bağlı müxtəlif informasiyalar yayılıb.
Məsələn, Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşının Londondakı mülkləri, milyonlarla dollar dəyərində qızıl-zinət əşyaları alması və digər maliyyə maxinasiyaları London məhkəməsinin qərarından sonra onun milyonlarına əl qoyması ilə nəticələndi.
Bundan başqa, London məhkəməsində Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus milyonlarla bağlı vəsaitin böyük hissəsinin üzərinə qoyulmuş yasağın aradan qaldırılması ilə bağlı qərar verilsə də, 5 milyon funtq-sterlinqlə bağlı problem hələ də qalır. Britaniyanın Milli Cinayət Agentliyinin məlumatına görə, Feyziyevlər “çirkli pullarının yuyulmasında” Estoniya və Latviyada saxta şirkətlərdən istifadə edib. Bu köçürmələrin bəziləri qanuni və çox böyük biznes əməliyyatlarını sübut edən sənədlər, o cümlədən vergi hesab-fakturalar və müqavilələrlə müşayiət olunub.
Böyük Britaniya hökumətinin korrupsioner elitanın İngiltərəyə çatması üçün bir fürsət olaraq gördüyü bu vizanın qaldırılması azərbaycanlı zənginlər üçün hansı problemlər yaradacaq? DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Böyük Britaniya bu vizanı investisiya qoyan olmadığına görə ləğv edir:
“Dünyada onsuz da böhran yaşanır. Kim ki, oraya pul qoyubsa, artıq qoyub. Həmçinin Böyük Britaniya bir neçə il bundan əvvəl qanun qəbul etdi. Hansı ki, Cahangir Hacıyevin həyat yoldaşı, Cavanşir Feyziyev və digər şəxslərə bu qanunu tətbiq edir. Onlar Böyük Britaniyaya yerləşdirdikləri vəsaitin mənbəyini göstərməlidir. Bu qanun çıxandan sonra zəngin xaricilər onuz da Londona maraq göstərmirlər. Bu vizanın ləğvi həm də o deməkdir ki, onların əmlakları orada qalır, ancaq vizaları ləğv edilir. Faktiki olaraq özlərinə deyirlər ki, çıxın, ancaq əmlakları qalır və Böyük Britaniya dövlətinin mülkiyyətinə keçəcək. Bu baxımdan Londonda isvestor olanlar üçün pis xəbərdir. Qanun çıxandan sonra heç kəs pulunu qoymaq istəmir. Yəni pulunu qanunsuz yolla əldə edənlərdən söhbət gedir. Bizim ölkədə də varlı insanların 99 faizinin var-dövləti qanunsuz yollarla əldə olunub”.
Ekspertin sözlərinə görə, zənginlər ona görə Londonu seçirlər ki, bu şəhər dünyanın maliyyə paytaxtıdır:
“Oradan istənilən ölkəyə pul qoymaq daha ucuzdur, kredit almaq ucuzdur, bu baxımdan iki yüz ildən artıqdır ki, London dünyanın maliyyə paytaxtı hesab edilir. Bununla yanaşı, hər zaman hesab edilirdi ki, ingilis hüququ, ingilis məhkəmələri dünyanın ən ədalətli qanunvericilik sistemidir, ən ədalətli məhkəmələrdir. Onlarda belə əminlik var idi ki, pulları tam əminlikdədir. Ancaq zaman göstərdi ki, belə deyil”.
Ekspertin fikrincə, onlar gərək sübut etsinlər ki, əmlakı qanuni yolla əldə olunub: “Əgər sübut etsələr, problem yoxdur. Təbii ki, belələri də var, ancaq çox deyil. Kim ki, sübut edə bilməyəcək, onların əlindən alınacaq. Dünya bu dəqiqə böyük, o cümlədən iqtisadi sistemdə dəyişikliklərin astanasındadır. Bu yolda hansı dövlət “çırpışdıra” bilirsə “çırpışdırır”. Böyük Britaniya da bu yolla xeyli insanın əmlakını əlindən almış olur. Ancaq onlar demir ki, saxta yolla əldə edibsən, deyir, haradan əldə etdiyini sübut elə. Sübut edə bilmirsənsə, qurtardı. Deyirlər ki, sənə qarşı cinayət işi açmırıq, sən sadəcə sübut edə bilmədinsə, əmlakını əlindən alıram. Bu hallar çoxalacaq. Bizdə də hansısa saxta yollarla gəlir əldə edənlər sübut edə bilməsələr, qadağa qoyulacaq”.