MƏMURLARIMIZIN XARİCDƏKİ BİZNESLƏRİNİ YAXINLARI İDARƏ EDİR
Deputat və biznesmen Cavanşir Feyziyevlə bağlı son günlər London Məhkəməsində və ölkə mediasında yayımlanan rəsmi məlumatlar onun siyasi səhvlər buraxmasıilə nəticələnmiş, ölkənin 18 tanınmış jurnalistlərinin ağır cinayətlərdə günahlandırması ilə nəticələnmişdir. Və çox təəssüfləndirici hal budur ki, özünü halal biznesmen kimi hiss edən bu adamda azca da olsa dövlətçilik təfəkkürü olsaydı, deputat statusunun mahiyyətindən, fəlsəfəsindən azacıq anlayışı olsaydı bilərdi ki, hər şeydən öncə bir millət vəkilinin öz vətənini qoyub, hər hansı bir ölkəyə milyonlar yatırmağa ən azından mənəvi haqqı yoxdur! Bu, o deməkdir ki, həmin adam imkan düşən kimi dabanına və vicdanına tüpürüb qaçacaq!
Bu gün postmüharibə dövründə Azərbaycan az qala bütün xarici maliyyə qurumlarından, beynəlxalq təşkilatlardan Qarabağın bərpası və digər problemlərin həlli üçün hər cür maliyyə yardımı almağa çalışır. Və bu, sadəcə Azərbaycanın maliyyə imkanlarının məhdudluğu yox, daha çox prinsip məsələsi, Azərbaycanın beynəlxalq səviyyədə inama, siyasi dəstəyə ehtiyacının olduğunun göstəricisidir. Cənab Feyziyevin isə sir-sifətindən də məlum olan cılız intellekti imkan vermir ki, ölkədaxilində baş verənlri anlaya bilsin.
Belələri övladlarını ölkədən çıxarıb “xata-baladan uzaq” tutduqları kimi, haram milyonlarını da qaçırıb ora-bura dürtməklə maliyyə fərariliyi və dövlət maraqlarına xəyanət edirlər. Feyziyev 1987-ci ildən bizneslə məşğul olduğunu desə də bu yalandır. O əsas dərman biznesinə 1993-cü ildə Əli İnsanovun Səhiyyə naziri təyin edilməsindən sonra bu işə dəvət edilmiş və əldə etdiyi lisenziya əsasında bu günə qədər milyonlar qazana bilmişdir. Yəni, öz bacarığı sayəsində deyil, sırf təsadüf nəticəsində “çirkli” biznesdə “ulduzu” parlamışdır. Bu gün C.Feyziyev kimilər Azərbaycanda həddən artıq çoxdur. Və qəribəsi də budur ki, belə məmur, deputat, “İş adamı” çətiri altında olanların çoxu eyni ssenari üzrə biznes fəaliyyətlərini xaricdə davam etdirməyi üstün tuturlar. Ona görə də cəmiyyətimizdə də məmur dedikdə, dövlət əmlakını mənimsəmək, dövlət büdcəsini dağıtmaqda israrlı bir zümrə başa düşülür. Ona görə də az-çox olan vicdanlı, millətə və dövlətə xidmət edən sadiq məmurlar da o birilərin, yəni dağıdanların “oduna” yanır. Təbii ki, bu düşüncəni cəmiyyətdə “məmur”ların özlərinin fəaliyyəti formalaşdırıb.
Bu səbəbdən də məmur deyəndə xaricdə mülkləri olan, böyük biznes imperiyasına nəzarət edən, övladları xaricdə yaşayan, eləcə də böyük maliyyə imkanlarına sahib olan şəxs başa düşülür. Əslində isə Prezident İlham Əliyevin dediyi kimi, məmur birbaşa xalqın xidmətçisi olmalıdır. Amma bir çox məmurlar, sabiqlər və hazırkı vəzifə sahiblərinin bəziləri xalqa deyil, şəxsi maraqlara - ciblərinə xidmət edirlər.
Təsadüfi deyil ki, əksər məmurların övladları xaricdə yaşayır və hətta bir çoxunun Azərbaycan vətəndaşlığı belə yoxdur. Çox zaman bunlar təhsil almaq adı altında edilsə də, sonradan məmur övladlarının ölkəyə qayıtmaması, Azərbaycanın vəsaiti hesabına xaricdə böyük biznes imperiyası qurmalarının şahidi oluruq.
Deputat C.Feyziyev olayından sonra məmurların müxtəlif adlar altında Azərbaycandan xaricə çıxardıqları biznes adı altında övladlarının əlilə yatırılan pulların sabah yenə məhkəmələrdə dondurulmasına və ya müsadirə edilməsi hadisəsilə rastlaşmayacağımıza bu gün heç kim zəmanət verə bilmir. Məslənin aktuallığını nəzərə alaraq İFADETV.COM tərəfindən mütəmadi olaraq xaricə pul daşıyan məmurlaımız haqqında informasiyaları cəmiyyətə və Avropa ölkələrinin Azərbaycandakı Səfirliklərinin diqqətinə çatdırmağı planlaşdırırıq ki, ağır günündə dövlətimizin işinə yaramayan oğurluq pullar elə olduqları ölkələrin xəzinəsinə keçməsi daha yaxşıdır. Və adları ölkə və dünya mətbuatında hallanan belə məmurların adlarına viza verilməməsi gündəliyə gətirilməlidir.
Bu gündən başlayaraq xaricdə biznes yatırımları olan Azərbaycanın keçmiş və indiki məmuyrları barədə informasiyaları hissə-hissə təqdim edirik:
1. Məsələn, 2020-ci ildə məlumat yayıldı ki, sabiq Xarici İşlər naziri Elmar Məmmədyarovun oğlanları Emin və Riyad ABŞ-da yaşayır və zəngin həyat tərzi keçirirlər.
Məlumatda həmçinin bildirilirdi ki, sabiq nazirin övladları 2 və 2.5 milyon dollar dəyərində olan mənzillərdə yaşayırlar. Hətta iddialara görə, sabiq nazir və xanımı Kamilə Məmmədyarova da ABŞ-da Riyad Məmmədyarova məxsus evdə müvəqqəti qeydiyyatda olublar.
Qeyd edək ki, bu məlumatlar Elmar Məmmədyarovun nazir olduğu vaxtlara aiddir. Yaxşı ki, E.Məmmədyarov 16 il ərzində topladığı pulların çox hissəsini ölkəsinə qaytarmışdır.
2. Sabiq Kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı Fəridə Məmmədovanın da xaricdə yaşadığı və hətta onun bizneslə məşğul olduğuna dair məlumatlar var.
3. Qeyd edək ki, Fəridə Məmmədova sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun həyat yoldaşıdır. Fəridə Məmmədova “Naz” moda evinin sahibidir.
Qeyd edək ki, moda evinin Bakıdakı təmsilçisi “NAZ Couture” modalar evidir. Anar və Fəridə Məmmədovalar rəsmi olaraq Azərbaycan vətəndaşı olsalar da, 2018-ci ildən etibarən Londonda yaşayırlar.
Heydər Əsədovun oğlu Asif Əsədzadə də Londonda yaşayır. Asif Əsədzadənin uzun zamandır Bakıya gəlməməsi ilə bağlı müxtəlif iddialar səslənir.
4. Keçmiş Kənd təsərrüfatı naziri İsmət Abbasovu oğlu Yunis Abbasov da xaricdə yaşayır. O, 2006-cı ildən Londonun dəbdəbəli Doklands məhəlləsində çoxmənzilli 2 mərtəbədən ibarət böyük və lüks bir penthaus malikanə alması ilə gündəmə gəlmişdir. Yunis Abbasovun bu mülk üçün 1,4 milyon funt-sterlinq ödədiyi bildirildi.
5. “MTN işi” və Beynəlxalq Bankdakı qalmaqallarla ictimaiyyətin gündəminə gələn Eldar Mahmudov və Cahangir Hacıyevin də ailəsinin Londonda yaşadığı ilə məlumatlar var.
Qeyd edək ki, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ölkədən milyardlarla pulu qanunsuz çıxarmaqda ittiham edilərək həbsə atılıb.
Onun xanımı Zəminə Hacıyeva Cahangir Hacıyevin həbs olunmasından qısa zaman öncə Londona köçüb və hazırda orada yaşayır. Qeyd edək ki, Zəminə Hacıyeva Londonda bahalı alış-verişlər etdiyi üçün dəfələrlə xarici və yerli KİV-lərin gündəminə gəlib.
6. Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da xaricdə yaşayır.
Qeyd edək ki, onun xaricə getməsi kifayət qədər qalmaqallı baş vermişdi. Belə ki, İsrafil Abutalıbov sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qızı Ülkər Abbasova ilə evli ola-ola başqa bir xanıma qoşularaq Londona qaçıb. Sonradan İsrafil Abutalıbov adını dəyişdirərək “Abubəkr Abutalıbov” olub.
7. Sabiq nazir Əli Abbasovun oğlu Eldar Abbasov da xaricdə yaşayır.
Qeyd edək ki, Eldar Abbasov “Azərenerji” ASC-nin keçmiş rəhbəri Etibar Pirverdiyevin qızı Dünya Pirverdiyeva ilə ailəlidir. Onlar uzun zamandır Londonda yaşayır.
Qeyd edək ki, Eldar Abbasov və Dünya Pirverdiyev Londonda həm də bizneslə məşğul olurlar. Məlumata görə, Əli Abbasovun və Etibar Pirverdiyevin övladları Londonda meyvə-tərəvəzin topdansatışı ilə də məşğul olan “INFIPRO LIMITED” şirkətinin sahibləridir.
8. Sabiq Vergilər naziri Fazil Məmmədovun da övladlarının xarici bağları mövcuddur. Belə ki, Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova da Londonda yaşayır və orada bizneslə məşğul olur.
Qeyd edək ki, Selcanxatun Məmmədova Fazil Məmmədovun ailə şirkəti hesab olunan "Synergy Group" Şirkətlər Qrupuna da rəhbərlik edirdi.
9.. Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova da xaricdə yaşayır. Onun xaricdə şəxsi biznesi də var. Kəmalə İbrahimova "DeCamie" moda evinin sahibidir.
10.. Gənclər və idman naziri olmuş Azad Rəhimovun oğlu Arif Rəhimov da xaricdə yaşayır. Onun ABŞ-da yaşadığı ilə bağlı məlumatlar var.
11. Meliorasiya və Su Təsəsrrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzanin oğlu Cümə Əhmədzadə hazırda Mərkəzi Bankın sədrinin qızı Günel Rüstəmova ilə Londonda yaşayırlar və böyük bizneslə məşğuldurlar.
12. Səhiyyə naziri olmuş Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva da xaricdə yaşayan məmur övladlarındadır.
Nərmin Şirəliyeva Rusiya vətəndaşıdır və bir müddət əvvələ qədər Moskva vilayətinin mədəniyyət naziri vəzifəsində çalışırdı.
Oqtay Şirəliyevin digər qızı Nərgiz Şirəliyeva da Rusiya vətəndaşıdır və 2011-ci ilin martından hakim Vahid Rusiya Partiyasının (Yedinaya Rossiya) üzvüdür. O, 2012-ci ildə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında onun etibar edilmiş nümayəndələrindən biri olub. O, həm də "Əlaçılar" Ümumrusiya qadınlar ictimai təşkilatını yaradanlardan biridir.
Xaricdə biznes sahibi olanlar sırasında Nəqliyyat nazirinin sabiq müavini, Azərbaycan Dəmir Yolları QSC-nin keçmiş sədri Arif Əsgərovun da adı var. Onun da haqqında da bu qəbildən olan informasiyalar və bununla bağlı sənədlər yayılıb. Deyilənlərə görə Arif Əsgərov Slovakiyada şirkət sahibi olub, amma sonradan sözügedən şirkətlərin "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehovun adına keçirildiyi haqqında da məlumat var.
13. Sabiq məmurlarla yanaşı hazırda vəzifədə olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun böyük oğlu Tale Heydərov da xaricdə yaşayır.
Tale Heydərov diaspor fəaliyyəti göstərən “Avropa-Azərbaycan Cəmiyyəti”nin sədridir. Tale Heydərov Azərbaycan vətəndaşı olsa da, ilboyu daha çox Avropada-İngiltərədə olur.
14. Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubov da xaricdə yaşayır.
O, İngiltərə vətəndaşı olsa da, Kanadanın Ontario əyalətində daimi qeydiyyatdadır. Onun Kanadada, İngiltərədə, İsveçrə və Macarıstanda şirkətlərinin olduğu məlumdur.
15. İddia olunub ki, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ukraynada özünə biznes imperiyası qurub. Ukraynanın Lvov vilayətində, Nikolayev şəhərində zavod açan icra başçısı, bu biznesin qurulmasına 9 milyon dollar vəsait xərcləyib.
16. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin” ASC-nin sədri cənab Saleh Məmmədovun oğlu Sübhan Məmmədov da təhsil almaq adı altında Londona getmiş və qısa zaman kəsiyində özünə böyük bir biznes imperiyası qurmağa nail olmuşdur.
17. Azərbaycan Qida Təhlükəziliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin isə böyük biznes imperiyasına sahib olduğu artıq dəqiqləşmiş məlumatdır. Hətta o, haqqında yayılan məlumatlara münasibət bildirərək, Slovakiyada "Saffran” S.R.O adlı şirkətin rəhbəri olduğu, şirkətin hotel və mehmanxanaları tekstil, hamam aksesuarları ilə təmin etdiyini təsdiq edib. Qeyd edək ki, Q.Təhməzli həm də "Medeks” MMC-nin iki təsisçisindən biridir. Q.Təhməzli agentliyə sədr təyin edilməzdən əvvəl bu şirkətin direktoru işləyib. Qeyd edək ki, bir müddət əvvəl AQTA-nın "Medeks” MMC-dən 7 ay ərzində 336,8 min manat dəyərində mallar satın alması ilə bağlı xəbər yayıldı. Bu isə birmənalı qarşılanmadı və qurumun tender zamanı qanunsuzluğa yol verdiyini və nəticədə Qoşqar Təhməzlinin öz şirkətini qalib etməsi kimi təqdim edildi.
18. Nazirlər Kabinetində Komunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini olan Musa Pənahovunun da biznes sahibi olması ilə bağlı məlumatlar yayılıb. Belə ki, Moldovanın sabiq prezidenti Voroninin nəvəsi ilə ailə quran Musa Pənahovun oğlu Fuad Pənahov 9 ildən çoxdur ki, Avstriyada fəaliyyət göstərən "DanGas GMBH” ticarət şirkətinin sahibidir. Musa Pənahovun oğlu bu şirkəti 2010-cu ilin iyulun 6-da Vyana ədliyyəsində 35 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Qeyd edək ki, həmin vaxt Musa Pənahov nəqliyyat nazirinin müavini olub və Azərbaycan tərəfindən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrasına rəhbərlik edib. Musa Pənahovun digər oğlu Kənan Pənahov isə əvvəllər Maliyyə Nazirliyində çalışıb və İngiltərə vətəndaşlığı alaraq Londona köçüb. PIMAGRO LLC-nin ortaqlarından biridir. Hazırda vəzifədə olan məmurlarla yanaşı, sabiqlərin də xaricdə böyük biznes şəbəkəsinin olduğuna dair məlumatlar paylaşılıb. Məsələn, sabiq vergilər naziri Fazil Məmmədov xarici ölkələrdə hotel, restoran və digər xidmət sahələrini özündə birləşdirən şirkət sahibidir. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov isə hələ vəzifədə olduğu zaman Azərbaycanda olan "Garant Holdinq”in (keçmiş adı "ZQAN Holdinq”-müəll.) bir hissəsini xaricə, daha dəqiq desək, Türkiyəyə köçürüb. Ziya Məmmədovun sahib olduğu holdinq özündə xidmət, maliyyə-bank, sığorta, enerji satışı sahələrini birləşdirir.
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun da adı biznes sahibi olan məmurlar sırasında çəkilib. Onunla bağlı da kifayət qədər qalmaqallı məlumatlar yayılıb. Digər maraqlı məqam isə ondan ibarətdir ki, oliqarx məmurların biznes karyerası elə vəzifəyə gəldikləri zamana təsadüf edir.
Azərbaycanın ən böyük holdinqlərindən biri olan "Gilan Holdinq”in də xaricdə fəaliyyət göstərdiyi haqqında məlumatlar mövcuddur. Qeyd edək ki, "Gilan Holdinq”in tərkibinə 300-dən çox şirkət daxil idi və sözügedən biznes imperiyasına fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarət etdiyi deyilirdi. Yaxşı ki, bu imperiyanın əksəriyyəti onun əlindən alındı.
Bunlardan əlavə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının sabiq şöbə rəisi, deputat Rəbiyyət Aslanovanın oğlu Elnur Aslanov, sabiq deputat Xanhüseyn Kazımlı, Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş rəhbəri Rüfət Aslanlı da xarici ölkələrdə mülk və şirkət sahibidir. Bunlar bu günə qədər mətbuatda yayılan məlumatlardır. Yayılmayan məlumata görə isə Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevin, İqtisadiyyat naziri cənab M.Cabbarovun xaricdə heç bir bizneslərinin olmaması və ailələrinin də Bakıda yaşamasıdır. Yəni, dövlətə etibar edib Bakıda işləyən və yaşayan məmurlarımız da vardır.
Biznes imperiyasına sahib olan təkcə məmurlar deyil, seçkili qurum olan Milli Məclisin bəzi deputatları da oliqarx məmurlardan heç də geri qalmırlar. Hətta bəzi deputatların biznes imperiyasına daxil olan yerli və daxili şirkətlər oliqarx məmurların sahib olduqlarından qat-qat çoxdur.
Məsələn mətbuatın "un kralı” adlandırdığı sabiq deputat Əsabil Qasımov Azərbaycana taxıl idxalı ilə məşğul olan əsas şirkətlər "Karat Holding” MMC, "Gəncə Dəyirman” MMC, "Karmen” MMC, "Aveta” MMC və "Fatoğlu” MMC-nin sahibidir. Bununla yanaşı, İmişlinin deputatı xaricdə də biznes sahibidir və o, "YUTAS (OOO "ÖTAS")” MMC, "PODOLSK UN FABRİKİ” MMC, "RUSAGRO” MMC, "STAV-AZ MMC” (OOO "STAV-AZ"), "AQROS” MMC, "EKSPO” MMC və digər bir çox şirkət və istirahət mərkəzlərinə rəhbərlik edir. Bununla yanaşı, paytaxta fəaliyyət göstərən və tərkibində 2 ədəd 18 mərtəbəli hoteli birləşdirən "MARINE PLAZA" MMC və "Karat MTK”, "İdeal” MMC, "Azİnvest kimi tikinti şirkətləri də deputata məxsusdur. Bakıda ümumilikdə Əsabil Qasımov və ailə üzvlərinə aid olduğu bilinən 29 şirkət fəaliyyət göstərir.Son məlumata görə sabiq deputat Rusiyanın Kislovodsk şəhərində yatırdığı 2 milyard dollar sərmayə hesabına böyük bir hotel inşa edib 2021-ci ildə istifadəyə vermişdir.
Milli Məclisin deputatları İqbal Məmmədov, Xanlar Fətiyev, Ağalar Vəliyev, Hadi Rəcəbli, Nəriman Əliyev, Malik Həsənov, Rüfət Quliyev, AZər Kərimli və Ülvi Quliyevin də bizneslə məşğul olması haqqında kifayət qədər məlumatlar yayılıb.
Xatırladaq ki, ölkə Konstitusiyasının 89-cu maddəsinin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı sahibkarlıq, komersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla) mandatından məhrum edilir.
Deputatlar isə bu maddənin "təsir dairə”sindən sahib olduqları biznes imperiyasını yaxın adamlarının adına keçirməklə çıxa bilirlər. Amma qısa araşdırma kifayət edər ki, sözügedən bizneslərin kimə aid olduğu bəlli olsun. Maraqlıdır ki, yayılan məlumatlara və sənədlərə görə, hələlik hansısa araşdırma aparılmasına dair rəsmi məlumat verilməyib, kimsə məsuliyyətə cəlb olunmayıb və ya onlarla bağlı heç bir ölçü götürülməyib. Yuxarıda adı çəkilən məmur və deputatlarla bağlı biznesə sahib olduqlarını göstərən kifayət qədər sənəd yayılıb. Sənədlərin doğru olmaması da istisna deyil, amma o zaman da yayılan məlumat və sənədlərin araşdırılması labüddür. Çünki bütün hallarda tərəflərin (biznes sahibi olan məmur və deputatlar və ya sənədləri yayan mənbə-müəll.) biri mütləq qaydada məsuliyyət daşıyır. Amma hələ də məhz bu məsələ ilə bağlı hər hansı bir araşdırmanın getməsi haqqında məlumat yoxdur.
Hesab edirik ki, London Məhkəməsinin C.Feyziyevin 5.3 mil funt strellinq pulunun müsadirə olunmasıilə bağlı 30 yanvar 2022-ci il tarixli qərarı Azərbaycan hökümətini hərəkətə keçirməlidir.
Bizi izləyin.
İfadetv.com –un araşdırma qrupu