Hazırkı beynəlxalq vəziyyət ötən əsrin 30-cu illərinə çox bənzəyir. Münhen təkrar olunur. Beynəlxalq hüququn və beynəlxalq münasibətlərin universal prinsiplərinə zidd olaraq dünyanın siyasi xəritəsi dəyişdirilir. 30-cu illərdəki Versalın təftişini hazırda Helsinki Yekun aktının təftişi əvəz edir. Versal müqaviləsi, Lokarno-Reyn təminat paktı kimi gözümüzün qabağında Helsinki Yekun aktı və Minsk sazişi də tarixin arxivinə gedir.
Oyuncaq “dxr” və “lxr”in "tanınması" Sudetin ilhaqının yeni təzahürüdür. Dünən Putinin bir saatlıq ritorikası Hitlerin Münhen nitqinin təkrarıdır. Cənubi Osetiya və Abxaziyanın işğalı, Krımın ilhaqı Münhendən öncə Reynin işğalı kimi bir şeydir. Dünyanın Reynin işğalına səssiz qalması, Sudetin ilhaqına susması Anşülsü (Anschluß - Avstriyanın Almaniyaya birləşdirilməsi) doğurdu. Hitler Lokarno-Reyn təminat paktına zidd olaraq 1936-cı ildə Reyni işğal edəndə iki sutka yatmadı ki, görsün İngiltərə və xüsusilə Fransa bu akta nə deyəcək. İki gündən sonra Fransanın Berlindəki səfiri Andre Fransua Ponce Almaniya Xarici İşlər Nazirliyinin sorğusuna cavab olaraq dedi ki, biz elə əvvəldən Reynə Almaniyanın bir hissəsi kimi baxırdıq.
2008-ci ildə Rusiya Gürcüstana təcavüz edəndə sən demə Putinlə Medvediyev də iki sutka yatmayıblar. Amma dünən Medvedyev etiraf etdi ki, 2008-ci ilin həmin məşum iki sutkasını nahaq yatmayıblar. Çünki 2008-də tərəflər arasında vasitəçilik edən Sarkozi də Putini yox, Saakaşvilini günahlandırdı, özünü Eduard Daladyenin Hitlerin qarşısında apardığından da qorxaq apardı.
İndi dünya yeni Anşülsün (Anschluß) astanasındadır. Yəqin ki, Rusiyanın Avstriyası Belarusiya olacaq. Anşülsdən öncə Almaniya Avstriyada faşistpərəst rejimin "təhlükısizliyini" öz üzərinə götürmüşdü, hazırda Moskva da Minskin "təhlükəsizliyinə" təminatçıdır. Yəqin ki, yaxın vaxtlarda Anşüls də tamamlanacaq.
Anşülsdən sonra Hitler Balkanların himayə axtaran rejimlərini tək-tək Fürerbauda (Münhen) III reyxin "təhlükəsizlik" çətirinin altına saldı. Rumıniyada İon Antonesko, Macarıstanda Mikloş Xorti və Bolqarıstanda Çar Boris Hitlerin əlaltısına çevrildi.
Rusiya bu gün 30-cu illərdə faşist Almaniyasının oynadığı rolu oynayır. İşğala göz yummaq işğalçını şirnikləndirmək siyasətidir. Münhendən qayıdanda Nevill Çebmerlen Sudetin ilhaqı ilə bağlı sazişi jurnalistlərə göstərib “Mən sizə sülh gətirməşəm” dedi. Prezident Co Baydenin bu gün ABŞ-ın fiziki və hüquqi şəxslərinə “dxr” və "lxr”ə malların, xidmətlərin və texnologiyaların ixracı, satışı, tədarükünə qadağa sanksiyası Çemberlenin Qərbə gətirdiyi "sülhə" çox bənzəyir. Guya ABŞ-ın fiziki və hüquqi şəxsləri dünənə qədər dxr və lxr-ə mal, texnologiya daşımaqdan, xidmət göstərməkdən yorulmuşdular, bu gündən sonra rahatlıq tapacaqlar.
Hə, indicə Almaniya da "Şimal axını 2"-nin boş qaz borularının sertifaktını dayandırdı...
Cəmil Həsənli, professor