Birinci Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Amnistiya Aktının imzalanacağı gözlənilir. Mediada yayılan informasiyalara görə Vətən müharibəsində əldə olunmuş qələbə – 8 noyabr Zəfər Günü münasibəti ilə veriləcək amnistiyanın 10 mindən artıq məhkuma şamil olunacağı gözlənilir.
Məlumata görə, hüquq-mühafizə orqanlarının birgə təhlili nəticəsində hazırlanan layihəyə Cinayət Məcəlləsinin bir çox maddələri daxil edilib. Qeyd olunur ki, amnistiyaya düşəcək şəxslər arasında Cinayət Məcəlləsinin 139-1 maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə ittiham olunanlar da var. Bundan başqa oğurluq, ölümlə nəticələnməyən şəxsiyyət əleyhinə cinayətlər, külli miqdarda olmayan dələduzluq və sair əməllərinə görə məhkum olunanlar da azadlığa çıxa biləcək.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsindən Pressklub.az bildirilib ki, hələlik Prezident Administrasiyasından Amnistiya Aktının layihəsi parlamentə göndərilməyib.
Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.
Bundan əvvəl – 2009-cuilin Novruz Bayramı ərəfəsində Mehriban Əliyevanın təşəbbüsü ilə verilən amnistiya zamanı isə 9 min nəfərə şamil olunub, 1700 məkib azadlığa çıxıb.
Azərbaycanda Prezident tərəfindən vaxtaşırı əfv sərəncamları imzalansa da amnistiya aktları nadir hallarda verilir. Amma belə bir humanist addıma ciddi ehtiyac var.
Əvvəla, Azərbaycan Avropada əhalsinin say nisbətinə görə ən çox məhbus olan ölkələrdən biridir. Hazırda Avropa Şurasına üzv ölkələr arasında məhkumların sayına görə beşinci yerdəyik.
Avropa Şurasının quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı illik hesabatına görə, Azərbaycanda toplam 21 min 12 məhbus cəzasını çəkir. Ölkədə əhalinin hər 100 min nəfərinə 208.7 məhbus düşür. Bir il öncə həmin göstərici 218.2 idi. Bu göstəriciyə görə, hesabatın Avropa məkanında əhatə etdiyi 50-yə yaxın ölkə arasında Azərbaycan ən yüksək 5-ci nəticəyə malikdir. Azərbaycanda həbs həyatı yaşayanlardan 474 nəfəri, yəni, bütövlükdə məhbusların 2.3 faizi xarici ölkə vətəndaşlarıdır.
İkincisi, Azərbaycanda məhkəmə-hüquq sistemində mövcud olan ciddi problemlər hər il xeyli sayda insanın əsassız cəzalandırılmasına səbəb olur. Az ağır cinayətlərlə bağlı istisnasız olaraq həbs-qətimkan tədbrinin seçilməsi, cəza tətbiq edilərkən yüngülləşdirici halların nəzərə alınmaması, rüşvət hallarının hökmlərdə ciddi rol oynaması məhbusların sayının artmasına səbəb olur.
Üçüncüsü, Azərbaycanda siyasi motvlərlə həbs olunanların da sayı kifayət qədərdir. Rəsmi Bakı buna görə beynəlxalq təşkilatları və hüquq-müdafiə təşkilatları tərəfindən sərt qınaqlarla üzləşir. Təcrübə göstərir ki, Amnistiya Aktı verilərkən, siyasi məhbusların ittiham edildikləri maddələr kənarda qalır.
Bəs Zəfər Günü münasibəti ilə veriləcəyi gözlənilən Amnistiya Aktının əhatə dairəsi necə olmalıdır? Hazırda Azərbaycanda necə bir akta ehtiyac var?
Hüquqşünas Hafiz Həsənov Pressklub.az-a şərhində bildirib ki, Zəfər Günü ilə bağlı Amnistiya Aktı qəbul edilərsə, bu akt əvvəlki aktlardan daha çox şəxsi və cinayət əməlini əhatə etməlidir: “Nəzərə alsaq ki, amnistiya aktı ilə cinayət törətmiş şəxslər cinayət məsuliyyətindən və cəzadan azad edilə, cəzanın müddəti azaldıla, cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilə bilər, yaxud şəxs əlavə cəzadan azad edilə bilər və məhkumluq götürülə bilər. O zaman 30 il düşmən işğalında olan ərazilərimizin böyük hissəsinin işğaldan azad edildiiyi Zəfər Günü ərəfəsində belə geniş Amnistiya Aktı niyə də qəbul edilməsin?”
Hüquqşünas əlavə edir ki, belə bir gündə Amnistiya Aktının tətbiqi çox əhəmiyyətlidir və bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, təhlükəsizliyi və ölkənin inkişafı uğrunda xidmətləri olan və hansısa səbəblərdən cinayət törətmiş hər kəsi əhatə etməlidir. H. Həsənovun sözlərinə görə, eyni zamanda, Amnistiya Aktının əhalinin həssas qruplarına daxil olan insanlara tətbiqi imkanı da diqqət mərkəzində olmalıdır: “Bunlarla yanaşı, həbsi hüquq müdafiə təşkilatları tərəfindən siyasi motivli sayılan məhkumlar və ötən ilin iyununda “Qarabağ yürüşü”ndə iştirak edən “Qarabağ məhbusları” da bu Amnistiya Aktının təsiri altına düşməlidirlər. Həmçinin, bu amnistiya aktı COVİD-19 pandemiyası dövründə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilmiş və cəzalandırılmış şəxsləri də əhatə etməlidir”.
Hüquqşünas onu da qeyd edib ki, Amnistiya Aktının ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının azı 10 ilini çəkmiş məhkumların cəzasının qalan hissəsinin müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi də Zəfər Günü ilə bağlı çox humanist qərar olardı.
Seçkilərin Monitorinqli və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli də Pressklub.az-a açıqlamasında bildirib ki, Amnistiya Aktının veriləcəyi barədə təşəbbüs sevindirici haldır. “Hansı formada qəbul olunmasından asılı olmayaraq bu, humanizm aktı kimi dəyərləndirilməlidir. Çünki xeyli sayda məhkumun azadlığa qovuşmasına səbəb olacaq”,-deyə o, əlavə edib.
A. Məmmədli bu Aktın əhatə dairəsinə siyasi motivlərlə həbs olunmuş şəxslərin də düşməsini arzulayır: “Çünki onlar haqsız, ədalətsiz olaraq azadlıqdan məhrum edilmiş insanlardır. AXCP və Müsəlman Birliyi Hərəkatının üzvləri arasında xeyli şəxslər var ki, onların də Amnistiya Aktından faydalanması arzuedilən olardı. Nəticədə Azərbaycan siyasi məhbus problemi ilə bağlı xeyli irəliləyiş əldə etmək olar. Əlbəttə, bu iki təşkilatın üzvlərindən başqa da xeyli sayda vətəndaş siyasi motivlərlə həbs edilib. Düşünürəm ki, akt qəbul edilərkən hakimiyyət mütləq bu amili nəzərə almalıdır”. //PRESSKLUB.AZ//