Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi (MTN) Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində bu gün keçirilən iclasa jurnalistlər buraxılmayıb.
Açıq keçirilən məhkəmə iclasına jurnalistlərin buraxılmaması barədə qeyri-qanuni göstərişi hakim Elbəy Allahverdiyev verib.
Mayın 31-də baş tutan prosesdə ilk ifadə verən Vüqar Cəfərov olub. O, iş üzrə zərərçəkmiş Etibar Cəfərovun qardaşıdır. Vüqar Cəfərov bildirib ki, qardaşı 2005-ci ildən “Sədərək” Ticarət Mərkəzində sahibkarlıqla məşğul olub.
Onun sözlərinə görə, 2013-cü ilin avqustunda qardaşını Seyran Nəcəfov, Balaşirin Babayev, Elman Əhmədov, Elvar Əliyev və Natiq Teymurovla birgə MTN əməkdaşları saxlayıblar: “Sonradan qardaşımın barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçildi. İş üzrə müstəntiq Fuad Məmmədov olub. Fuad Məmmədov Yasin Məmmədovla birgə atamdan 300 min manat tələb edirdilər. Deyirdilər ki, guya qardaşım qaçaqmalçılıq edib. Halbuki, qardaşım qaçaqmalçılıq etməmişdi. Sadəcə şərləyirdilər. Pul qoparmaq istəyirdilər. Biz qohum-qardaşdan borc aldıq, nəyimiz vardı satdıq. Cəmi 210 min manat pul toplaya bildik. Pulu MTN-in arxasında Fuad Məmmədova verdim. Pulu alandan 3-4 gün sonra qardaşımı azad etdilər”.
Şahid ona verilən suallara cavab olaraq deyib ki, qardaşı və digərilərinə qarşı qondarma ittiham Qaradağ Məhkəməsinə göndərilib: “Məhkəmədə ittihamın əsassız olduğunu tədiqlədi. Buna görə də qaçaqmalçılıq maddəsi ölkəyə keyfiyyətsiz mal gətirmə maddəsinə tövsif olundu. Bu maddə ilə kimsəni həbsdə saxlamaq olmazdı. Bunu Yasin Məmmədov da, Fuad Məmmədov da bilirdilər. Ona görə də qaçaqmalçılıq maddəsini ortaya atmışdılar. Məhkəmədə sübut olundu ki, qaçaqmalçılıq ümumiyyətlə olmayıb. Dedilər ki, guya mallar keyfiyyətsizdir. Araşdırdılar, aydın oldu ki, mallar da keyfiyyətlidir. Ona görə də malları qardaşımgilə qaytardılar. Boş qutuları yandırıb, videoya çəkdilər ki, guya keyfiyyətsiz malları yandırırlar. Qardaşımla bərabər tutulanların hər birindən MTN-də hədə-qorxu ilə pul tələb edib almışdılar. Sonda məhkəmə qardaşımla bərabər tutulan hər kəsi cərimələdi, azad etdi. Bu adamlar bu günə qədər bizə vurulan zərəri ödəməyiblər”.
Şahid bildirib ki, qardaşının azadlığı üçün Yasin Məmmədov onlardan hədə-qorxu ilə pul tələb edərkən bunun generaldan gəldiyini deyib.
Bundan sonra hazırda həbsdə olan zərərçəkən Cavidan Hacıyev də məhkəmədə sərbəst ifadə verib. O, 2016-ci ildə “Texnikabank”dan 18 milyon manat kredit götürərək mənimsəməkdə ittiham olunaraq 10 müddətinə azadlıqdan məhrum edilib, sonradan cəzası 6 ilə qədər endirilib.
Cavidan Hacıyev bildirib ki, həbsinə qədər Türkiyədə biznes quraraq orada işləyib: “Özümün “İnter Alyans” şirkətinin adından Türkiyədən, digər ölkələrdən ölkəyə sement, sement xammalı gətirilməsi ilə məşğul olmuşuq. 2008-ci ilin noyabrından başlayaraq Rauf Kərimovla şərikli işləməyə başladım. Özümün və Rauf Kərimovun biznes fəaliyyətinin inkişafı üçün 2008-ci ilin dekabrında “Texnikabank” ASC-dən qeyd edilən şirkətlərin adından müvafiq girovları, eləcə də Rauf Kərimova məxsus “Bakı” mehmanxanasını girov qoymaqla 30 milyon manat məbləğində uzun müddətli kredit götürdük”.
Cavidan Hacıyevin sözlərinə görə, 2012-ci ilin mart ayının ortalarında “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev MTN tərəfindən həbs olunub: “2012-ci ilin mayında şərikim Rauf Kərimov MTN-ə çağırıldı. Onu çağıran o zaman MTN İstintaq Baş İdarəsinin şöbə rəisi olan Vüsal Ələkbərov olub. Sonradan mənim özümü də Vüsal Ələkbərov MTN-ə çağırdı. Türkiyədən ölkəyə gələrək MTN-ə getdim. Vüsal Ələkbərovun çağırışı üzrə 2-3 ay ərzində hər gün onun qəbuluna getdim. Vüsal Ələkbərov hər gün məni və Rauf Kərimovu “Texnikabank” ASC-dən krediti necə, kimin vasitəsilə götürməyimiz, krediti nəyə xərclədiyimiz barədə soruşub. Uzun dindirmələrdən sonra Vüsal Ələkbərov Rauf Kərimovdan külli miqdarda pul tələb etdi. Vüsal Ələkbərov Raufa dedi ki, hərəniz 500 min manat verin, sizi həbs etməyək. Biz razılaşmadıq. Çünki cinayətimiz yox idi. Vüsal Ələkbərov demək olar ki, hər gün MTN-ə çağırıb, 10-15 dəqiqə, gah da saatlarla gözlədib, bizi 1 milyon manat pulu verməyə razı salmağa çalışırdı. Bizi hədələyirdi. Hədəni artırmaqla razılığımızı almaq üçün 3-4 dəfə Təhsin Ağayevin otağına aparmışdı. Təhsin Ağayev də Vüsal Ələkbərova qoşularaq hər dəfə biz hədə-qorxu gəlir, israrla 1 milyon manat vermək lazım olduğunu deyirdi. Təhsin Ağayev bu gün özünü tülkiliyə vurub, guya xəstədir, aradan çıxıb. MTN-də özünü dəcəl uşaq kimi aparırdı, yekə-yekə danışırdı. Bir dəfə Təhsin Ağayev öz otağından Mövlam Şixəliyevə zəng vurdu, “bunlar deyilən məbləği hələ düzəltməyiblər” deyirdi. Bundan sonra Təhsin Ağayev dəfələrlə mənə zəng elədi, pulu hazırlayaraq, verməyi, razılaşmağı, rəhbərliyin xəbər gözlədiyini, əks halda bizi həbs edəcəklərini deyirdi. Bizi o qədər bezdirdilər ki, Təhsin Ağayevlə və Vüsal Ələkbərovun tələbi ilə razılaşmağa məcbur olduq. Biz konkret olaraq pulu vermək istəmirdik. Razılıq verməzdən bir neçə gün əvvəl Təhsin Ağayev Vüsal Ələkbərovu otağından Raufu birbaşa Mövlam Şixəliyevin xidməti kabinetinə apardı. Onların söhbəti təxminən 15 dəqiqə çəkdi. Təhsin Ağayev Raufla birlikdə qayıdaraq gəldilər. Rauf mənə dedi ki, pulu verməsək, axırımız yaxşı olmayacaq. Mövlamın sözlərini mənə çatdırdı. Mövlam Raufa demişdi ki, 1 milyonu verməsəniz, ikinizi də həbs etdirib, çürüdəcəyəm. Ona görə də məcbur razılaşdıq. Biz Vüsal Ələkbərovdan pulu hissə-hissə vermək üçün vaxt istədik. Vüsal Ələkbərov razılaşdı”.
Cavidan Hacıyev qeyd edib ki, 2012-ci ilin sentyabr - noyabr ayları ərzində Rauf “Yunayted Kredit Bank” ASC-dən və “Atrabank” ASC-dən 500 min manat kredit alıb: “Mən sürücüm Elmir Muxtarovun adına “Atrabank”dan 200 min manat kredit götürdüm. Avtomobillərimi satmaqla 250 min manat, ümumilikdə 500 min manat düzəltdim. Vüsal Ələkbərov Rauf Kərimova zəng edərək pulu istədi. Pulu MTN-nin poliklinikasının qarşısında Vüsal Ələkbərova verdik. Vüsala ilk olaraq 200 min manat, ardınca 300 min manat, daha sonra 200 min manat və 200 min manat verdik. Son dəfə Vüsalın tapşırığı əsasında Təhsin Ağayev bizdən pulu 100 min manat aldı”.
Cavidan Hacıyev qeyd edib ki, 2014-cü ildə Baş Prokurorluq “Texnikabank”la bağlı araşdırmalar zamanı onları da istintaqa çağırıblar: “O zaman bildik ki, MTN-də bizim barəmizdə heç bir sənədləşmə aparılmayıb. Halbuki, Vüsal Ələkbərov bizi aylarla MTN-də dindirirdi, sənədləri imzalatdırırdı. Vüsal Ələkbərov, Təhsin Ağayev və Mövlam Şixəliyev yaxşı bilirdilər ki, bizim günahımız yoxdur. Ona görə bizi MTN binasına qeydiyyatsız girişimizi təşkil ediblər”.
Bundan sonra şahid qismində Cavidan Hacıyevin işçisi Sahib Səfərov ifadə verib. O bildirib ki, Cavidan Hacıyevdən general Mövlam Şıxəliyev külli miqdarda pul tələb etdiyi zaman pulun toplanmasında iştirak edib.
Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.