Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini olmuş, eyni zamanda 1-ci şöbəyə rəhbərlik etmiş Yasin Məmmədov, 2-ci şöbənin sabiq rəisi Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun mühakiməsi Bakı Hərbi Məhkəməsində davam edir. Amma nədənsə, hakim Elbəy Allahverdiyev sabiq MTN-çilərin məhkəməsində baş verənlərin ictimailəşməsinə imkan vermir, bu üzdən prosesdə jurnalistlərin iştirakına qadağa qoyulub.
Bir sıra media orqanlarının rəhbəri bununla əlaqədar Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova rəsmi qaydada müraciət edib. Məhkəmənin sədri müraciətə baxılacağını bildirib.
Məhkəmə iclasında zərərçəkmişlərdən bir neçəsinin hüquqlarını müdafiə edən vəkil Osman Kazımov da jurnalistlərin iştirakına qadağa qoyulmasına etiraz edib. Vəkil vəsatət qaldırıb ki, media nümayəndələrinin iştirakına icazə verilsin.
Lakin hakim Elbəy Allahverdiyev vəsatəti baxılmamış saxlayıb və bu qərar da əsaslandırılmayıb.
Məhkəmədə zərərçəkmiş Namil Rzayev dindirilib. O deyib ki, “Texnikabank”da əmanəti vardı. MTN-də “Texnikabank”la bağlı araşdırmalar başlayanda Vüsal Ələkbərov onu da dindirməyə çağırıb.
Mövlam Şıxəliyevi hələ Qaradağ rayonunda işlədiyi vaxtda tanıdığını deyən zərərçəkmişin sözlərinə görə, general həmin vaxt Qaradağda polis idarəsində onun xalası oğluyla birlikdə işləyirdi: “Evi də şəhərdə ofisimin yanındakı binada idi”.
Zərərçəkmişin sözlərinə görə, “Texnikabank” işi ilə əlaqədar MTN-ə dindirməyə gedəndə Vüsal Ələkbərov ondan 1 milyon pul tələb edib, əks halda həbslə hədələyib. O isə həmin vaxt Mövlam Şıxəliyevlə görüşmək istədiyini deyib: “Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. Stolun üstündə siyahı vardı. Dedi ki, Eldar Mahmudovun siyahısıdır, sənin də adın var, orada adı olanlar 1 milyon dollar pul verməlidir”. Soruşdum ki, neyləmişəm? Dedi ki, “Texnikabank”a pul qoyub, 1 faiz yazdırıb, 2-3 faiz almısınız. Dedim ki, yalandır, mən elə 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan”.
Zərərçəkmiş əlavə edib ki, Mövlam Şıxəliyev Eldar Mahmudovla danışacağını deyərək gedib. Geri qayıdandan qiymətin 700 min dollara düşdüyünü xəbər verib. Bir qədər sonra məbləğ 200 min də azalıb: “Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 mindən aşağı olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da “Texnibank”a əmanət qoyduqlarına görə qanunsuz həbs eləmişdilər. Ona görə qorxdum. Məcbur olub razılaşdım. “Funikulyor”un yanında mənzilim vardı, məcbur olub həmin evi satdım”.
Namil Rzayev ilk 300 min dolları düzəldəndən sonra Vüsal Ələkbərovla əlaqə saxladığını deyir. Onun sözlərinə görə, Vüsal Ələkbərov deyib ki, “28 May”dan 250 dollara dəri çanta alıb, içinə göyərti yığıb gətirsin. O da belə başa düşüb ki, pulu çantaya qoyub, üstünə də göyərti yığmalıdır, diqqət çəkməsin. Belə də eləyib.
“Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dolları nəzərdə tutub. Yerdə qalan 200 min dolları sonradan şəxsən Mövlam Şıxəliyevə verdim”, – zərərçəkmiş bildirib.
Zərərçəkmiş Namil Rzayevin qohumu Hüseyn Mustafayev də məhkəmədə dindirilib: “Mövlam Şıxəliyevgil Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Namili hədələyib ondan pul tələb edirdilər. O da məcbur olub pulu yığmaq üçün evini satdı. Mənim Namillə şərikli biznesim vardı. Namilin “Funikulyor”un yanındakı evini o vaxt “Gilan Holding”ə satdıq”.
Prokuror şahid və zərərçəkənin 300 min dollar Vüsal Ələkbərova verilməsi barədə dediklərilə əlaqədar onun fikrini soşruşsa da, o, cavab verməkdən imtina edib.
Mövlam Şıxəliyev isə 200 min dollar alması haqda iddiaları təkzib edib. Şıxəliyev bildirib ki, istintaqa prosessual rəhbərliyi o, həyata keçirməyib. Prosessual rəhbərlik Baş prokurorun o zaman birinci müavini olmuş Rüstəm Usubovda olub: “Müstəntiqlər kimi istəsəydilər, çağırıb dindirə bilərdilər. Mən Namil Rzayevin çağırılmasından məlumatsız olmuşam. Mən onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət Baş prokurorun 1-ci müavinində idi. Mən kim olmuşam ki?! Kimin tutulması, kimin buraxılması barədə məlumatlı olsam da, tutulub-buraxılma ilə bağlı göstəriş verməmişəm. Namil Rzayevdən 200 min dollar alınması ilə bağlı deyilənlər də yalandır”.
Zərərçəkənlərdən Zaur Əliyev Mövlam Şıxəliyevdən soruşub ki, yaxın münasibəti olmuş Namil Rzayevin və onun qohumu Hüseyn Mustafayev niyə onun əleyhinə ifadə verir?
“Mən sənin sualına cavab vermirəm. Ümumiyyətlə ifadə verməkdən imtina edirəm”, – general belə cavab verib.
Bundan sonra zərərçəkmiş Əfsəl Həsənəliyev ötən məhkəmə iclasından yarımçıq qalan ifadəsini davam etdirib:
“2013-cü ildən bu yana Prezident Administrasiyasına, Baş prokuror Zakir Qaralova dəfələrlə ərizə ilə müraciət etmişəm. Zakir Qaralovun qəbulunda olmuşam. Zakir Qaralov bu dəstənin cinayətlərini ört-basdır edirdi. Az qala, məni həbs etdirirdi. Birbaşa mənim yanımdan göstəriş verdi ki, mənimlə bağlı şahidlərin ifadələrini təkzib etsinlər. Prokurorluqda Zakir Qaralov, Rüstəm Usubov bunların cinayətlərini ört-basdır edirdi…”
Hakim zərərçəkmişə ifadəsini davam etdirməyə imkan verməyib və məhkəmə prosesi fevralın 22-nə qədər təxirə salınıb.
Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.
Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.
Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.
Gununsesi.info