“Mən hazırda Putinlə aparılan bütün danışıqlardan sarsılıram. Kansler Şolts, Prezident Emmanuel Makron. Bu danışıqlar mənasızdır. Onlar nə edirlər? Onlar Rusiya ordusunun Ukraynadakı cinayətlərinə görə cavabdeh olan şəxsi legitimləşdirirlər. Bunlara görə o cavabdehdir. Oraya qoşun göndərmək qərarını o verib. Komandirlər ona tabedirlər…”
“AzPolitika.info” xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda Almaniyanın məşhur “Bild” nəşrinə son müsahibəsində söyləyib.
Polşa Prezidenti Vladimir Putini Hitlerə bənzədərək, deyib ki, İkinci dünya müharibəsi zamanı heç bir dövlət başçısı onunla danışıqlar aparmayıb və onun “simasını saxlamağa” çalışmayıb: “Vladimir Putin. İkinci dünya müharibəsi zamanı kimsə Adolf Hitlerlə danışıqlar aparıbmı? Kimsə deyirdimi ki, Adolf Hitlerin simasını saxlamaq lazımdır və biz elə etməliyik ki, Hitler aşağılanmış olmasın? Mən bunu eşitməmişəm”.
Duda əlavə edib ki, Ukraynanın mövqeyi nəzərə alınmadan Rusiya ilə heç bir razılığa getmək olmaz və Kiyevə hər cür yardım edilməlidir ki, Rusiyanı öz suveren ərzisindən qovsun.
Xatırladaq ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron növbəti dəfə hər şeyə rəğmən kollektiv Qərbin Ukrayna müharibəsilə bağlı Putinin “sifətini qorumağa” çalışmalı olduğunu bildirib. O, Putinin Ukraynaya qarşı faktiki olaraq işğalçılıq müharibəsini sadəcə “fundamental tarixi səhv” kimi dəyərləndirib.
Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Makronun bu fikirlərinə sərt şəkildə cavab verib və deyib ki, “Rusiyanın aşağılanmasının yolverilməz olduğunu deyənlər Fransanın özünü aşağılamış olurlar”.
Cəlal
“AzPolitika.info”