Ukrayna müharibəsi Kreml üçün müxtəlif ssenarilər yazır. Krımdakı hərbi aerodromun vurulması Rusiyada böyük ruh düşkünlüyü yaradıb. İndi daha aydın görünür ki, Moskva müharibəni öz xeyrinə başa vurmağa hazır deyil.
Bizimyol.info xəbər verir ki, ssenarilər arasında Rusiyada hakimiyyətə demokratik qüvvələrin gəlməsi daha çox səslənir. Halbuki Vladimir Putinin ölkə rəhbərliyini itirəndən sonra mövqeyi arzuolunmaz şəxslər də ələ keçirə bilər. Bəzi politoloqlar hadisələrin belə istiqamət alacağına çox inanır. Bir neçə dəfə fikirlərinə yer verdiyimiz Andrey Piontkovski Putinlə müqayisədə daha qəddar siyasətçilərin hakimiyyəti ələ keçirəcəyini düşünür.Andrey Piontkovski
“Novofyodorovkadakı partlayış təkcə hərbi eksperiment deyildi, həm də psixoloji effekt yaratdı. Kremlin yalan və təbliğat sistemi Xersonun azad olunması ilə sıradan çıxa bilər. Dövlət çevrilişi olacaq. Amma hakimiyyətə hansısa liberallar, demokratlar yox, Putinin özü kimi yaramazlar gələcək”.
Piontkovski hadisələrin SSRİ-də olduğu kimi inkişaf etdiyini bildirir. Əvvəlcə mütləq günahkar tapılmalıdır. Sovet İttifaqının tarixində belə şeylər çox olub. Hakimiyyətdəki şəxs taxtdan salınır, onun yerinə isə bəzən daha yaramazı gəlir. Piontkovski uzunmüddətli müşahidələrindən sonra Rusiya siyasi elitasında heç nəyin dəyişməyəcəyinə əmin olub.
Müharibə günlərində Putinin hakimiyyətdən getmək ehtimalı çox müzakirə olunub. Qərb mətbuatı bu barədə xeyli materiallar dərc edib. Müxtəlif namizədlərin adları hallanıb. Ən çox Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin adı eşidilir. Onu Putindən daha qəddar adam sayırlar. Patruşev də SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin şinelindən çıxıb.
Təhlükəsizlik Şurasının katibi o vaxt indiki prezidentdən daha yüksək vəzifə tutub. Patruşevin buna görə Putinə saymazyana münasibət göstərdiyi iddia olunur. Amma bəzi mənbələr Kreml rəsmisinin məsuliyyəti üzərinə götürmək istəmədiyini bildirir. Xüsusilə müharibədən sonra Patruşev Rusiyaya rəhbərlik etməyi təhlükəli sayır. O da inanır ki, Qərbin məqsədi imperiyanı parçalamaqdır.
Aytən, Bizimyol.info