ŞİRVANIN BAŞÇISI OLANDA BU MƏRDAN CAMALOV ŞƏHİDİN DUL QADININI DA "ZIRILDAMA"DEYƏRƏK OTAĞINDAN QOVMUŞDU
Zərdab rayon sakini, Vətən müharibəsi qazisi Cavid Həsənov sosial şəbəkə hesabında rayon icra hakimiyyətinin başçısından narazı olduğunu yazıb.
C.Həsənov iddia edib ki, Zərdab rayonunun icra başçısı Mərdan Camalov onu qəbul etsə də, dinləmək istəməyib:
"Mən Həsənov Cavid Sahib oğlu, 16 ilə yaxın Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişəm, Vətən Müharibəsində yaralanaraq qazi olmuşam. Bu il avqustun 22-də sakini olduğum Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün icra başçısına təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq ayrılmasını xahiş edirəm. Cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. "Hamınız üstümə gəlirsiniz, elə bil, bura bankdır, mən pul paylayanam?!" kimi sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir. Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm.
Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, "torpaq filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik" deyib otaqdan çıxdı. İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi.
Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD-də (Xüsusi Təyinatlı Dəstə - red.) xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib.
Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb. Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mənimlə dilənçi kimi davrandı və demək olar ki, məni qovdu.
Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi".
Qazi həmçinin qeyd edib ki, icra başçısı və yaxınları rayonun bəzi kəndlərində torpaq zəbt edib:
"Rayonda yaşayanlar bilir ki, Zərdabın, demək olar ki, bütün kəndlərdində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı və yaxınları zəbt edib, əkiblər. İnanıram ki, Zərdab rayonunda icra hakimiyyətinin bu özbaşınalığına son qoyulacaq. Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq".
Cebhe.info məsələ ilə bağlı Zərdab rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
Qazi ilə görüşdə adı hallanan icra hakimiyyətinin başçısının köməkçisi, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə iş şöbəsinin müdiri Zinhar Bayramov Cebhe.info-ya iddiaların əsassız olduğunu bildirib:
“Özüm də hərbçi olmuşam, hərbçilərə, xüsusilə, “xüsusi təyinatlılar”a böyük hörmətim var. Onlar bizim başımızın tacıdır, çox əziyyət çəkiblər. Həsənov Cavid torpaq sahəsi istəyi ilə müraciət edib, rayon icra başçısı da qazini qəbul edib. Sadəcə, başçı görüşdə dedi ki, gərək əvvəldən deyəydin və biz bələdiyyə sədrini, nümayəndəsini bura çağırardıq.
Həmin görüşdə 100-200 manat söhbəti olmayıb. İcra başıçısı deyib ki, biz qazilərə, əlillərə, hətta Vətən müharibəsi iştirakçılarına, kimə yardım lazımdırsa, onu edirik. İlk yardım ən azı 500 manat məbləğində olub. Qaziyə sənədlərinin təqdim edilməsi deyilib. Yəni o, ərizə yazmalıdır, əlillik vəsiqəsi təqdim etməlidir. Ondan sonra sənədlər “Kapital Bank”a verilir. Sadəcə, o, ərizə verməkdən imtina elədi. İcra başçısı da torpaqla bağlı bələdiyyə sədrini çağırmalı olduğunu dedi, onunla da razılaşmadı”.
Şöbə müdiri qazinin Zərdab rayonunda torpaq sahəsinin olduğunu vurğulayıb:
“Biz araşdırdıq ki, onun kənddə 8 hektar 30 sot pay torpaq sahəsi var. Həmin adam da evlərini satıb, 1999-cu ildən Bakıya köçüb, 30 ilə yaxındır burada yaşamır. Pay torpağını da qayınatası əkib, becərir. Xidmətə də Bakıdan gedib. Torpaq istəməyə haqqı çatır. Prezidentin tapşırığı var ki, müharibə iştirakçılarının hamısına qayğıyla yanaşılsın. Bizə hansı qazi, müharibə iştirakçısı müraciət edibsə və əgər orada bələdiyyənin ehtiyat fond torpağı varsa, verilir”.
İcra hakimiyyətinin nümayəndəsi bildirib ki, qaziyə örüş sahəsinin verilməsi qanuni deyil:
“Örüş sahəsinin verilməsi dövlətin qanununa uyğun deyil. Rayon icra başçısı da deyir ki, bələdiyyəni çağıraq bura, əgər bələdiyyənin ehtiyat fond torpağı varsa, bütün qazilər kimi sənə də torpaq ayrılıb veriləcək. Əlavə söz deyilməyib.
Zərdabda nə qədər qazi, Vətən müharibəsi iştirakçısı var. Heç kim deyə bilməz ki, icra başçısı torpaqla, işlə və digər məsələlərlə bağlı bizə kömək etməyib. Kim gəlib, hamısını özü qəbul edib, dinləyib və yardım edib. Bizim rayonda əlillik dərəcəsi olan doqquzuncu qazimizdir. Əlillərin hamısının siyahısı, sərəncamı var. Hamısı ərizə yazaraq “Kapital Bank”dan pullarını alıbılar”.