Cəbhədən gələn xəbərlər və Moskvadan sızan məlumatlar göstərir ki, Rusiya ordusu, əslində, Kremlin göstərmək istədiyi qədər rahat deyil.
Musavat.com “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Kremldəki mənbələr adlarının anonim qalması şərti ilə Britaniya mətbuatına çox təəccüblü açıqlamalar verib, Rusiyanın və Putinin vəziyyəti haqqında danışıblar.
Son bir neçə həftə ərzində xarici mətbuata açıqlama verənlər arasında 15 dövlət qulluqçusu, deputat, dövlət və özəl şirkətlərin rəhbər işçiləri də var.
Anonimlik şərti ilə danışan bu rus “elitaları” hərbi münaqişənin yaxın aylarda şiddətlənəcəyini bildiriblər. Ancaq ümumi qənaət ondan ibarətdir ki, Rusiya uduzsa, nə baş verəcəyini heç kim proqnozlaşdıra bilməz.
Müharibə başlayandan bəri rus ordusunun ən əhəmiyyətli məğlubiyyəti Rusiya daxilində vəziyyəti kəskin şəkildə dəyişdirib. Mənbələr bildiriblər ki, Ukraynanın hücumu Kremli səfərbərlik elan etməyə və Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ilhaqı ilə bağlı referendum keçirməyə məcbur edib.
“Putin itirə bilməz, ona görə də təcili olaraq vəziyyəti dəyişməlidir”, - Kremlə yaxın mənbə bildirib.
PUTİNİN MƏXFİ QƏRARLARI
Mənbələr deyirlər ki, Vladimir Putin cəbhədəki məğlubiyyətlər qarşısında tələsik və məxfi qərarlar qəbul edir, Rusiya lideri Ukraynada böyük uğursuzluqlarla üzləşərkən “koordinasiya çatışmazlığında” və hərbi rəhbərlərlə məsləhətləşməməkdə günahlandırılır.
Adı açıqlanmayan yüksək vəzifəli şəxs nüvə müharibəsi təhlükəsini Qərb siyasətçilərinə mesaj kimi şərh edərək, Putinin məntiqini kəskin istehza ilə tənqid edib, referendumların səfərbərliyə haqq qazandırmaq üçün bəhanə olduğunu vurğulayıb:
“Mesaj ondan ibarətdir ki, Ukraynanın bizi məğlub etməyə haqqı yoxdur. Silah verməklə siz (Qərb) sadəcə Ukraynanın ölümünü gecikdirirsiniz”.
Dövlətə məxsus banklardan birinin rəhbəri Rusiya liderinin bütün qərarları məsləhətləşmədən qəbul etməsindən son dərəcə narahat olduğunu bildirib: “Putin hər kəsə fərqli şeylər deyir. Bu, təkcə iqtisadiyyata deyil, həm də müharibənin necə aparıldığına aiddir".
Hökumətə yaxın mənbə deyir: "Orduya çağırılan ehtiyatda olan 300 min əsgər sadəcə olaraq diqqəti yayındırmaq üçündür. İndi qismən səfərbərlikdir, lakin sonra kütləvi səfərbərlik olacaq, sonra isə taktiki nüvə silahları işə düşəcək".
"RUSİYA İKİYƏ BÖLÜNÜR"
Mənbələrdən biri xarici mətbuatı əmin edib ki, lazım gələrsə, cəbhəyə gedəcək. O, qərarının səbəblərini vətənpərvərlik hissi və Ukraynanı nasizmdən xilas etmək zərurəti ilə izah edib. Bir neçə deputat, senator və regional parlamentarilər də cəbhəyə getmək niyyətlərini açıq şəkildə bəyan ediblər.
Bir dövlət şirkətinin rəhbərinin sözlərinə görə, Rusiya cəmiyyəti müharibəyə münasibətdə ikiyə ayrılıb.
Gözlənilən fəlakətlərə rəğmən, Rusiya elitasından heç kim Putini müharibəni dayandırmağa çağırmayıb. İlk aylarda Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin Putinə qərarlarının nəticələrini izah etməyə çalışsa da, hazırda heç kim dövlət başısını münaqişədən yayındırmır.
Rusiya hökumət rəsmiləri – həm Ukraynadakı müharibənin tərəfdarları, həm də ona qarşı çıxanlar – müharibənin son məqsədini və mümkün nəticələrini açıqlamaqda çətinlik çəkirlər:
"Aydındır ki, biz qalib gəlməliyik. Bu, yeganə mümkün variantdır. Bunun baş verməsi üçün hər şeyi etməliyik. Bu qatar artıq hərəkətdədir və biz onun içindəyik. Rusiya uduzsa, nə baş verəcəyini təsəvvür edə bilmirik. Qərb Rusiyanı məhv etmək istəyir və Ukrayna ilə müharibədə məğlubiyyət Rusiyanın ölümü deməkdir”.
Nigar Cəfərli,