Xəbər verildiyi kimi, İranın molla rejimi Azərbaycanla sərhəd ərazilərdə genişmiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır. Bu təlimlər adətən gülünc mənzərələrlə yadda qalsa da, fars rejiminin təmsilçiəri tərəfindən “güc nümayişi” kimi təqdim edilir.
Yeni təlimlər barədə danışan İran İnqilab Keşikçilərinin (SEPAH) rəsmisi də bildirib ki, sabahdan Araz çayı boyunca “qüdrətli İran” şüarı ilə təlimlər keçiriləcək: “Təlimlər SEPAH-ın Quru Qoşunlarının "Aşura" Qərargahı tərəfindən Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində keçiriləcək. İran hərbçiləri təlim zamanı helikopterlə manevr və paraşüt əməliyyatları, gecə hücum əməliyyatları, helikopterlə döyüş əməliyyatları, döyüş və kamikadze dronları əməliyyatları, o cümlədən Araz çayı üzərində körpü salınması, əlaqə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi üzrə əməliyyatları icra edəcəklər”.
SEPAH-ın Quru Qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əli Əkbər Purcəmşidian da fars rejiminin digər təmsilçiləri kimi, guya sionizm təhlükəsinə qarşı hazırlıq gördüklərini iddia edib. O, ötən gün SEPAH-ın "Aşura" qanadının komandirləri ilə görüşdə iddia edib ki, “sionist rejimin” bölgədə olması İran üçün ciddi təhlükə olaraq qalır.
Ancaq o, Türk düşməni olan fars rejiminin əsl məqsədinin Zəngəzur dəhlizinin açılmasını əngəlləmək olduğunu da gizlətməyib: “Builki hərbi təlimlərimiz ötən ilkilərədən fərqlənir. Azərbaycan və Ermənistan İran üçün təhlükə deyil, amma orada baş verən bəzi hadisələri təhdid olaraq qəbul edirik. Bölgənin sərhədləri dəyişilməməlidir. İranın iqtisadiyyatı həmin dəhliz vasitəsilə ayaqdadır və biz təhdidlərə laqeyd yanaşa bilmərik”.
Beləliklə, saxta molla rejimi növbəti dəfə Azərbaycanın deyil, Ermənistanın dostu olduğunu, Zəngəzur dəhlizinə qarşı olduqlarını ortaya qoyub. Təlimləri də bu məqsədlə keçirdiklərini etiraf edib.
Ancaq belə təlimlərin türk dünyasnın birləşdirən layihəyə əngəl olacağını, Azərbaycan dövlətinin iradsinə təsir göstərəcəyini düşünmək üçün gərək tam gerizəkalı olasan...
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videolarda İranın Araz çayı istiqamətində hərbi texnikalar daşıdığı əks olunub.
“AzPolitika.info”