Türkiyənin Ukrayna savaşına münasibətdə tutduğu mövqe, Türkdilli Dövlətlər Təşkilatını yeni qlobal güc mərkəzinə çevirmək planları beynəlxalq rəqibləri ciddi şəkildə narahat edir... Hazırda ABŞ, Fransa və Almaniyanı PKK/PYD-YPG-ni dəstəkləməkdə suçlayan Türkiyənin Suriyada genişmiqyaslı antiterror əməliyyatları ilə “terror mesajları”na reaksiya verəcəyi gözlənilir...
Türkiyənin beynəlxalq nüfuzu onun rəqiblərini ciddi şəkildə narahat edir. Belə ki, son vaxtlar rəsmi Ankara bir çox önəmli beynəlxalq proseslərdə həlledici mövqe sahibi statusunda qəbul olunur. Türkiyənin beynəlxalq mövqelərinin artması və qlobal siyasi iradə mərkəzinə çevrilməsi rəsmi Ankaraya qarşı müqavimət cəhdlərini də gücləndirib.Məsələ ondadır ki, “taxıl dəhlizi”nin fəaliyyət göstərməsi barədə İstanbul anlaşması bütün dünya üçün həyati əhəmiyyət daşıyır. Əgər, rəsmi Ankaranın vasitəçilik missiyası sayəsində “taxıl dəhlizi” açılmasaydı, indi dünyada ərzaq böhranı və aclıq qaçılmaz olardı. Ancaq Türkiyə Rusiya və Ukrayna ilə anlaşaraq, dünyanı qlobal ərzaq böhranından xilas etməyə nail oldu.
Digər tərəfdən, Ukrayna savaşı uzandıqca, Türkiyənin qlobal əhəmiyyəti də artmaqda davam edir. Çünki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə birbaşa siyasi-diplomatik təmas qurmaq mexanizmlərini hələ də qoruyub, saxlaya bilmiş yeganə dövlətdir. Hətta Türkiyə Rusiyanın dünya ilə təmaslarını təmin edən ölkə rolunu da oynayır. Yəni, istənilən halda, gələcək sülh prosesində vasitəçilik missiyası da həm Rusiyanın, həm də Ukraynanın güvəndiyi yeganə ölkə kimi məhz Türkiyənin üzərinə düşmüş kimi görünür.
Nəhayət, rəsmi Ankara yeni qlobal siyasi iradə mərkəzinin yaradılması istiqamətində də olduqca ciddi addımlar atmağa başlayıb. Belə ki, Türkiyə Türk Dövlətləri Təşkilatının yaradılmasında və fəaliyyətinin gücləndirilməsində əsas siyasi cazibə mərkəzi rolunu da oynayır. Əgər, enerji resursları ilə zəngin olan Türkdilli dövlətləri özündə birləşdirən bu təşkilatın fəaliyyətində qarşıya qoyulmuş hədəflərə çatılarsa, onda dünya nəhəngləri yeni qlobal siyasi-iqtisadi güc mərkəzi ilə hesablaşmalı olacaqlar.
Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin əhatə etdiyi coğrafi məkan da strateji əhəmiyyətə malikdir. Çünki, bu coğrafi məkan Avropa və Asiyanı öz ətrafında birləşdirir. Bu iki qitənin arasında əsas nəqliyyat-kommunikasiya marşrutu rolunu oynaya biləcək Turan coğrafi məkanının təşkilatlanması gələcək dünya düzənini müəyyən edə biləcək önəmli geopolitik faktora da çevrilmək üzrədir.
Bütün bunları nəzərə aldıqda, Türkiyənin ənənəvi “müttəfiq-rəqiblər”inin narahat olması qətiyyən təəccüblü deyil. Türkiyənin yüksəlişi, qlobal güc mərkəzinə çevrilməsi onların beynəlxalq mövqelərinin zəifləməsi və itirilməsi hesabına baş verir. Ona görə də, rəsmi Ankaranın güclənməsinin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışırlar.
Bu baxımdan, Türkiyənin İstanbul şəhərində törədilən xain terror aksiyasında da əsas məqsəd rəsmi Ankaranın mövqelərinə sarsıdıcı zərbə burmaqdan ibarətdir. Böyük ehtimalla bu terror aksiyasının arxasında gizlənənlər Türkiyəyə hansısa mesajların çatdırılmasına cəhd göstərirlər. Və rəsmi Ankaranın qarşısını kəsməyə çalışırlar.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Ankara İstanbul terrorunun icraçılarını artıq müəyyən edərək, həbs etməyə başlayıb. Məlum olub ki, partlayışın törədilməsində birbaşa iştirak etmiş qadın terrorçu Suriyadakı PKK/PYD-YPG terror qruplaşmasının üzvüdür. Terror törətmək tapşırığını da məhz PKK/PYD-YPG-dən alıb. Onun həbs olunmasından sonra daha 46 nəfər terrorçu ələ keçirilib.
Ancaq rəsmi Ankaranı yalnız terroru törədənlər deyil, həm də bu qətliamı sifariş edənlər də maraqlandırır. Türkiyə rəsmi dairələri terror aksiyasından dərhal sonra bəyan ediblər ki, PKK/PYD-YPG ABŞ, Fransa və Almaniya tərəfindən dəstəklənir, himayə olunur. Rəsmi Ankara hətta Ağ Evin PYD/YPG-nin bölgədə ABŞ-ın əsas müttəfiqi olduğunu rəsmən bəyan etməsini də xatırladıb.
Eyni zamanda, rəsmi Ankara yalnız bu ittihamlarla da kifayətlənməyib. Belə ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbuldakı terror aksiyası ilə ölkəsinə konkret mesajlar verildiyini vurğulayıb: “Türkiyə verilən mesajları aldı. Ancaq heç kim Türkiyəni öz yolundan döndərə bilməz. ABŞ səfirliyinin başsağlığı mesajını da qəbul etmirik”.
Belə anlaşılır ki, rəsmi Ankara İstanbulda törədilmiş terror aksiyasını cavabsız buraxmaq niyyətində deyil. Əksinə, Türkiyə İstanbul qətliamına görə, NATO üzrə müttəfiqlərini, xüsusilə də, ABŞ-ı ittiham edir. Böyük ehtimalla rəsmi Ankaranın əsas narazılığı ABŞ-ın PYD/YPG-yə dəstək verməsi ilə bağlıdır. Çünki, Türkiyə rəsmiləri ABŞ-ın PYD/YPG-yə həm silah-sursat ötürməsi, həm də terrorçulara təlim keçməsi barədə faktlara, sübutlara malik olduğunu iddia edirlər.
Təbii ki, bütün bunlar yaxın vaxtlarda ABŞ da daxil olmaqla, Türkiyənin NATO üzrə müttəfiqləri, xüsusilə də, Fransa və Almaniya ilə münasibətlərinin gərginləşməsinə səbəb ola bilər. Yəqin ki, rəsmi Ankara bununla bağlı qarşı tərəfin daha geniş izahat verməsini də tələb edəcək. Və bu prosesin dövlətlərarası münasibətlərə təsir göstərə biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd edək ki, rəsmi Ankaranın PKK/PYD-YPG-yə qarşı da müəyyən addımlar atacağı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla yaxın vaxtlarda Türkiyə ordusu Suriyada genişmiqyaslı antiterror əməliyyatlarına başlaya bilər. Yəni, rəsmi Ankaranın terror aksiyası ilə verilən mesajları antiterror əməliyyatları ilə cavablandıra biləcəyi də qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,