Ötən gün sosial şəbəkələrdə əsir düşən ukraynalı hərbçinin güllələnməsinə dair video yayılıb.
“AzPolitika.info” xəbər verir ki, Rusiya ordusunun bütün beynəlxalq konvensiyaları, müharibə qanun və adətlərini pozan növbəti hərbi cinayəti kimi qiymətləndirilən bu hadisə böyük rezonans doğurub.
Videoda hələlik adı bilinməyən ukraynalı əsgərin rusiyalı hərbçilər tərəfindən məhkəməsiz-filansız, qəddarlıqla güllələnməsi yer alır. Bu qətlin ən heyrətamiz tərəfi isə Ukrayna əsgərinin onu güllələməyə hazırlaşan cinayətkarların gözünə baxa-baxa “Slava Ukraine” deməsidir. Ukrayna hərbçisi bu şüarı deyən kimi, bir neçə rus əsgəri eyni anda onu gülləbaran edib.
Ukraynalı hərbçi bu məğrur, mətin, qorxmaz davranışı ilə artıq Ukraynada qəhrəmanlıq simvoluna çevrilməkdədir. Parlamentdəki hakim “Xalqın qulluqçusu” partiyası həmin əsgərin “Ukrayna milli qəhrəmanı” adına layiq görülməsinə dair təşəbbüslə çıxış edir
Prezident Volodimir Zelenski də ukraynalı hərbçinin nümayişkaranə şəkildə güllələnməsinə və onun qəhrəmanlığına reaksiya verərək, deyib ki, “Slava Ukraine” şüarı bundan sonra da milyonlarla ukraynalı tərəfindən səsləndiriləcək. Bu cinayəti törədənlər isə mütləq müəyyən olunaraq, cəzalandırılacaqlar.
Bir çox mütəxəssislər bu hərbi cinayətin Rusiya xüsusi xidmət orqanları tərəfindən bilərəkdən törədildiyini və xüsusi olaraq yayıldığını iddia edirlər. Onların fikrincə, bununla Rusiya tərəfi Ukrayna ordusunu da analoji addımlar atmağa təhrik etməyə çalışır.
C.Məmmədov
“AzPolitika.info”