Görünür, erməni ordusunda məğlubiyyətin yaratdığı ruh düşkünlüyü, intizamsızlıq və özbaşınalıq hələ uzun müddət davam edəcək. Özlərinin “məğlubedilməzliyindən”, “döyüşçü ruhundan” və s. nağıllardan dəm vuran ermənilər, sanki Azərbaycan tərəfinə əsir düşməkdən zövq almağa başlayıblar. Əgər belə olmasaydı, müharibə bitəndən sonra da əsir düşməkdə davam etməzdilər.
Son günlər sosial şəbəkə səhifələrində və mətbuatda ermənilərin dəstə-dəstə əsir götürüldüyünə dair yeni foto və videolar yayılır. Azərbaycan tərəfi bununla bağlı rəsmi məlumat yaymağa tələsməsə də, erməni mətbuatı artıq iki gündür əsl vay-şüvən qoparır. Rəsmi mənbələrdən dəqiq məlumat almaqda çətinlik çəkən Ermənistan mətbuatında müxtəlif versiyalar səsləndirilsə də, ümumilikdə ən azı onlarla silahlının Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyü təsdiq olunur.
“Sputnik Armenia”-nın bu gün yaydığı məlumatda deyilir ki, sosial şəbəkə səhifəsində onlarla erməni silahlısının əsir götürülməsinə dair yayılan foto və videolar araşdırılır. Qondarma rejimin “rəsmilərinə” istinad edən mətbu orqan yazır: “”Dağlıq Qarabağın müdafiə ordusu” Xin Taxer və Xtsaber (Köhnə Tağlar və Çaylaqqala-red.) kəndləri istiqamətində yerləşən erməni hərbçilərinin əsir düşməsi ehtimalını araşdırır. Sosial şəbəkələrdə yayılan görüntülərdə onlarla silahsız erməni hərbçisinin naməlum istiqamətdə aparıldığı görünür. Onları çoxlu sayda Azərbaycan hərbçisi müşayiət edir. Ehtimal olunur ki, “Qarabağ hərbçiləri” əsir düşüblər.”
Sayt daha sonra bildirir ki, qondarma rejimin “Müdafiə Nazirliyinin mətbuat xidməti” hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda qeyd olunub ki, dünən Hadrutun iki kəndinin yaxınlığındakı dayaq nöqtələrində yerləşən şəxsi heyətlə əlaqə itib: “Bütün gecəni və səhər tezdən hərbçilərin axtarışı davam edib. Rusiya sülhməramlılarının aktiv vasitəçiliyilə erməni hərbçilərinin əsir götürülməsinin mümkünlüyünün araşdırılması və bu fakt təsdiqlənərsə, zəruri addımların atılması istiqamətində tədbirlər görülür.”
https://www.youtube.com/watch?v=CD9xOQ5r3Io
Göründüyü kimi, erməni tərəfi onlarla, bəlkə də daha çox silahlısının Azərbaycan Ordusu tərəfindən əsir götürüldüyünü rəsmən etiraf edib. Lakin həmin ermənilərin məhz hansı istiqamətdə əsir düşdükləri barədə qeyri-müəyyənlik var. Belə ki, istər erməni mətbuatında, istərsə də sosial şəbəkələrdə təkcə Hadrutun məlum iki kəndində deyil, Şuşanın Qaladərəsi istiqamətində də bir qrup erməni hərbçisinin Azərbaycan ordusu tərəfindən tərksilah edildiyi barədə məlumatlar yayılıb. Bəzi iddialara görə onların toplam sayı 160-dır.
Hər necə olsa, görünən odur ki, müharibə bitsə də ermənilər əsir düşməkdə davam edirlər və Azərbaycan Ordusu istənilən erməni təxribatının qarşısını dərhal almaq bacarığını göstərməkdədir.
Cəlal