Hakimiyyət komandasında gözlənilən dəyişikliklərin vaxtı çatıb. Azərbaycan cəmiyyəti yaxın günlərdə sürpriz yeniliklərin şahidi olacaq.
Yenisabah.az-ın əldə etdiyi məlumata görə, yaxın bir neçə gün ərzində üç nazir yola salınacaq. Onların kimliyi barədə müffəssəl məlumatlar əldə edə bilmişik.
Tezliklə yola salınması gözlənilən nazirlərin siyahısına Fövqəladə hallar naziri Kəmaləddin Heydərov başçılıq edir. Bu dəyişikliyin Kəmaləddin Heydərovun öz arzusu ilə baş tutacağı bildirilir.
Qeyd edək ki, son vaxtlar FHN ətrafında baş verən xoşagəlməz hadisələr Kəmaləddin Heydərovun istefasını qaçılmaz edib. Nazir özü də bunun fərqində olduğu üçün postu ilə könüllü şəkildə vidalaşmaq istəyir.
Məlumatlara görə, "fövqəlnazir" hələ ötən ilin sonlarında istefa vermək istəyib. O, bu istəyini reallaşdırmaq üçün Hesablama Palatasını rəhbərlik etdiyi quruma dəvət edib. Bunda məqsəd gedərkən dövlətə "borcunun" qalmadığını sübut etmək olub. Hesablama Palatası təxminən iki ay FHN-də yoxlamalar aparsa da, ciddi qanun pozuntuları aşkarlamayıb. Üzə çıxarılan xırda nöqsanlar isə yerindəcə düzəldilib, xələfinə Heydərovla bağlı hər hansı kompromat saxlanılmayıb.
Qeyd edək ki, Kəmaləddin Heydərov hakimiyyət komandasının ən stajlı məmurlarından biri sayılır. 62 yaşlı Heydərov 28 ildir yüksək postlarda çalışır. Onun "ulduzu" 34 yaşında parlayıb. Kəmaləddin Heydərov 1995-ci ildə Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. O, 11 il bu vəzifədə çalışdıqdan sonra 2006-cı ildə yaradılan Fövqəladə Hallar Nazirliyinə rəhbər təyin olunub. Heydərov 17 ildir Azərbaycan Respublikasının fövqəladə hallar naziridir.
General-polkovnik rütbəsi daşıyır.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə postu ilə vidalaşacaq növbəti hökumət üzvü Ədliyyə naziri Fikrət Məmmədovdur. İyulun 1-də 68 yaşını tamamlayacaq Məmmədov həmkarları arasında öz postunu uzun illər qorumağı bacaran yeganə şəxsdir. 2000-ci il aprelin 19-da ədliyyə naziri postuna təyinat alan Fikrət Məmmədov 23 ildir eyni vəzifədə çalışır. Onun istefasını zəruri edən başlıca səbəb isə məhkəmə-hüquq sistemində köklü islahatların aparılacağıdır. Hakimiyyətin yuxarı eşelonunda hesab edirlər ki, bu islahatları Moskvada deyil, Avropada hüquq təhsili almış gənc və enerjili yeni ədliyyə nazirinin rəhbərliyi altında həyata keçirmək mümkündür.
Fikrət Məmmədov da Kəmaləddin Heydərov kimi çiyinlərində general ulduzları daşıyır. O, ədliyyə generalıdır.
Hakimiyyət komandasını tərk etməyə hazırlaşan üçüncü yüksək rütbəli məmur isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarlarından fərqli olaraq, o, hökumətdə stajlı məmur hesab olunmur. Emin Əmrullayev cəmi 3 il əvvəl nazir postuna sahiblənib. Amma təhsil sistemindəki nöqsanlar, məktəblərdə ard-arda baş verən biabırçılıqların ictimailəşməsi gənc nazirin istefasını qaçılmaz edib. Ona göstərilən etimadı doğrultmayan, təyinatlarda dostbazlıq, qohumbazlıq kimi neqativ halları, ən başlıcası isə şəxsi münasibətləri üstün tutan Emin Əmrullayevin Kəmaləddin Heydərov və Fikrət Məmmədovla birlikdə yaxın günlərdə yola salınması gözlənilir.