Bir müddət əvvəl Milli Məclisin deputatları öz fikrini açıq şəkildə bəyan edən həmkarları Vahid Əhmədovu ağır tənqid atəşinə tutdular. Bununla da ürəkləri soyumadı, MM-in İntizam Kommisiyasının sədri (bu vəzifə lap İran SEPAH-ına bağlı əxlaq polisinə oxşayır) Eldar İbrahimovun rəhbərliyi ilə deputata töhmət cəzası verilib.
Vahid Əhmədova qarşı hücum kampaniyasına birbaşa Milli Məclisin sədri Sahibə Qafarovanın özü rəhbərlik edirdi. Hansı ki, o, Primakova inşa yazdırmaq qabiliyyəti nəticəsində millət vəkili mandatı qazanıb. Dolayısıyla Rusiyaya yaxın birisi kimi tanınır. Kampaniyada ən çox canfəşanlıq edənlərdən biri Siyavuş Novruzov idi ki, onun da Rusiya Federasiyasının “Dostluq” ordeninin laureatı olduğu heç kimə sirr deyil. Digərləri Ziyafət Əsgərov, Eldar İbrahimov və bəzi saxta müxalifət nümayəndələri idi. Saxta müxalifləri bir kənara qoysaq (çünki onlar sifarişlə züy tutanlardır), Ziyafət Əsgərov və Eldar İbrahimov da Siyavuş Novruzov kimi “kiçik torpaq”da doğulub, oranın çörəyini yeyib, suyunu içiblər.
MM-in “Əxlaq polisi” Kommisiyasında deputatın qabırğasına döşəyənlərdən biri də Vasif Talıbovun “millət vəkili” Səttar Möhbaliyev olub. Bir sözlə, mandatını “xan” həzrətlərindən alan deputatlar Vahid Əhmədovun vurulmasında xüsusi fəallıq nümayiş etdiriblər.
Milli Məclisin deputatına qarşı kampaniya aparıldığı sırada hələ də Vasif Talıbovun oylağı olmaq xarakterini itirməyən Muxtar Respublikada da hərəkətli dəqiqələr yaşanıb. Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 3 gün əvvəl əyan-əşrəfini topladığı hökumət iclasında “vəzifəsinin öhdəsindən gələ bilməyən” Naxçıvanın Mədəniyyət nazirini işdən çıxarıb. Nazir isə ona təşəkkürünü bildirərək işinə davam edib. Hətta Fuad Nəcəflinin acığına Naxçıvanda mədəni tədbirlər də keçirib.
Bu iki hadisənin eyni günlərdə baş verməsi təsadüfdürmü? Nəzərə alsaq ki, Vahid Əhmədov həmkarlarının qəzəbinə səbəb olan müsahibəsini nə az, nə çox düz 10 gün əvvəl vermişdi, deputatların bu uzun dalğınlıqdan sonra birdən-birə yuxudan oyanması, oyanan kimi cin atına minməsi də təsadüfə oxşamir.
Sizcə, Naxçıvanda və Bakıda nələr baş verir? Mütəşəkkil şəkildə ölkə başçısının üzünə ağ olmaqmı? Bəs, hakimiyyətdəki asilər “başlayın” komandasını hardan alıblar? Siyavuş Novruzovun “Dostluq” medalı aldığı və Sahibə Qafarovanın inşalar yazdırdığı Moskvadanmı? Niyə bəs bu komandanın verilməsi məhz Azərbaycanın öz sərhədlərində nəzarət-buraxılış məntəqəsi yaradıb dövlət ərazisindəki təhlükəsizlik boşluğunu doldurduğu bir zamana təsadüf edir?
Göründüyü kimi, suallar çoxdur və siyahını hələ xeyli uzatmaq olar. Ümid edirəm ki, Azərbaycan siyasi iradəsi bizim yazdığımız və yazmadığımız bütün suallara cavab axtaracaq, ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri addımlar atacaq.
Heydər OĞUZ - DİA.AZ