Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa edilb.
İfadetv.com Xəzər Xəbər-ə istinadən məlumatına görə, Teleqram kanallarında yayılan videolarla “Xaytarak” radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.
Şəhidlər xiyabanında ermənilərə məxsus “Xaytarak” və “Erməni Ari dövləti” radikal qruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.
Görüntülərdən aydın görünür ki, çəkiliş edən şəxs qadındır.
Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Bu zaman hər bir detal diqqətlə yoxlanılıb.
Əvvəlcə xüsusi əməliyyatla həmin videoları çəkən Rusiya əsilli, İtaliya vətəndaşı olan Yana Gutselyuk saxlanıb. Araşdırmalarla məlum olub ki, Yana həyat yoldaşının işi ilə bağlı uşaqları ilə birlikdə Bakıya gəlib. O, burada olarkən “Telegram”da turizmyönümlü səhifələrə üzv olaraq əsasən gəzməli-görməli yerlərlə maraqlanıb. Bu zaman qadından əslən azərbaycanlı olduğunu və Rusiyada yaşayan “Baku Siti” restoranının sahibi kimi təqdim edən şəxs kömək istəyib. Bunun müqabilində pul ödəyəcəyini də bildirib.
Digər şəxs Elena Lariontseva isə ifadəsində bildirib ki, Azərbaycanda turizim sektorunda işlədiyi üçün sosial şəbəkə qruplarında Rusiyadan yeni gələnlərə köməklik edib. Ona Rusiyada olduğunu bildirən bir nəfər tanımadığı şəxs “Telegram” sosial şəbəkəsində yazıb ki, Şəhidlər xiyabanından foto və video çəkib göndərsin. Elena da Bakıda olan rəfiqəsi Lalə Bəhrəmovadan bu işdə ona kömək etməsini xahiş edib. Onlar birlikdə Şəhidlər xiyabanına gedərək tanımadıqları şəxslərin istəklərini yerinə yetiriblər.
Sonra həmin adam Elena Lariontsevaya bildirib ki, “mən azərbaycanlıyam və mənə inan”.
“Ona ən çox niyə inandığımı bilirsiniz? Rus dilində səlis yazırdı. Ermənilər heç vaxt belə yaza bilmirlər”, – deyə qadın bildirib.
Elena Lariontseva ilə Şəhidlər xiyabanında “Xaytarak” radikal quruplaşmasının embleminin fonunda şəkil və video çəkən əslən azərbaycanlı və Rusiyada yaşayan Lalə Bəhrəmova da saxlanılaraq ifadəsi alınıb. Lalə bildirib ki, atası azərbaycanlı, anası isə rus olub. 1995-ci ildə valideynləri ayrılarkən Lalə anası ilə Rusiyaya köçüb və orada yaşayıb.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılmış araşdırmalarla “Xaytarak” radikal qruplaşmasının “Telegram” kanalının təsisçi və inzibatçıları da müəyyən edilib. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopcanyan və Artur Martirosyandır. DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı bundan sonra da qətiyyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcək.