Rusiya sülhməramlı hərbçilərinin Moldovaya yeridilməsindən 33 il ötür. 1992-ci il iyulun 29-da onlar Dnestryanı əraziyə, münaqişə zonasına daxil olub.
Ötən bir qərinə ərzində bu ölkədəki münaqişə öz həlinin tapmayıb.
Yeri gəlmişkən, sülhməramlı sülh və təhlükəsizliyin qorunması, yaxud bərpasına yönəlmiş, həmçinin münaqişələrin həlli, barışığa kömək edən kontingent sayılır. Onlar hərbi qulluqçu, polis əməkdaşı və mülki şəxslərdən formalaşır. Sülhməramlılar keçmiş döyüşçülərin tərksilahını və digər vəzifələr üçün sülhün qorunması əməliyyatları həyata keçirir.
Rəsmi statistikaya əsasən, hazırda Moldovada münaqişə zonasında mindən çox Rusiya sülhməramlısı xidmət edir. Onlar həm də bölgədə sursat anbarlarını qoruyurlar.
[center][/center]
[b]Maya Sandu
[/b]
Hələ bu ilin əvvəlində Moldova Prezidenti Maya Sandu Rusiya sülhməramlılarının BMT və ya Avropa İttifaqının himayəsi altında mülki missiya ilə əvəz edilməsi əsasında tanınmayan respublikada enerji böhranı şəraitində ora maliyyə yardımı göstərməyə hazır olduğunu bildirmişdi.
Bununla yanaşı Prezident Rusiya sülhməramlılarının “avrointegrasiya naminə” çıxarılması istiqamətində də fəallıq göstərir.
Bu günlərdə Rusiyanın Moldovadakı səfiri Oleq Ozerov Dnestryanı bölgədən sülhməramlıların çıxarılması şərtlərini açıqlayarkən deyib ki, regiondakı münaqişənin həlli üzrə danışıqlarda irəliləyiş olduğu təqdirdə missiya daşıyıcılarının bölgədən çıxarılması məsələsinə baxıla bilər. Rusiya bu məsələdə vasitəçi, təminatçı deyil, həm də maraqlı tərəfdir.
Dnestryanı silahlı münaqişə 1990-cı ildə, Moldova SSRİ-dən ayrıldığını elan edəndən sonra başlayıb.
Onda Rusiya müttəfiq respublikaların müstəqilliyi və mərkəzdənqaçma prosesinin qarşısının alınması, SSRİ-nin həmin ölkələrdə mövcudluğunu qoruyub saxlamaq üçün münaqişələr yaradır, onu idarə, habelə vasitəçi rolunda çıxış etməyə çalışırdı. Əslində bütün bunlar Rusiyanın siyasi, hərbi, geosiyasi maraqlarını qorumaq üçün atılan addımlar idi.
Oxşar hadisə Gürcüstanda da baş verib. 1994-cü ildə atəşkəs sazişi imzalandıqdan sonra Rusiyanın sülhməramlı hərbçiləri Abxaziyadakı təhlükəsizlik zonasına daxil edilmişdi.
2008-ci ilin avqustunda Gürcüstan və Rusiya arasında müharibədən sonra eyni missiya adı altında Cənubi Osetiyaya da yeridildilər.
Müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıdı, orada öz hərbi bazalarını yerləşdirdi.
Gürcüstan Rusiya qoşunlarını sülhməramlı deyil, işğalçı hesab edir. 2008-ci ildəki məlum hadisələrdən sonra rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri kəsib və RF-ni qoşunlarını ərazisindən çıxarmağa çağırır.
[center][/center]
Azərbaycanda sülhməramlı kontingent iki dəfə, fərqli statuslarla mövcud olub.
1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti tərəfindən “Dağlıq Qarabağ” ərazisində Xüsusi İdarə Komitəsi yaradıldı. Komitəyə Moskvanın nümayəndəsi Arkadi Volski rəhbər təyin edildi. Onun tərkibində beş rus, iki erməni və bir azərbaycanlı var idi.
Bu komitənin fəaliyyəti və missiyası bölgədə münaqişənin aradan qaldırılmasına, dinc sakinlərin təhlükəsizliyini təmin etmək idi. Ancaq 1989-cu il iyulun 6-da Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan qəsəbəsi ermənilər tərəfindən yandırılır. Azərbaycan torpaqlarının Ermənistana birləşdirilməsi istiqamətində ermənilərin “Miatsum” hərəkaratının fəallığı artdı.
Həmin il iyulun 29-da, yəni 36 il əvvəl ermənilərin davamlı hücumları nəticəsində Azərbaycandan-Azərbaycana, Naxçıvana gedən qatarların hərəkəti tamamilə dayandırıdı. Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşdü.
1989-cu il avqustun 16-da Xankəndində ermənilər "Dağlıq Qarabağ əhalisinin qurultayı"nı keçirdi və "müstəqil ittifaq ərazisi" elan edildi. Bu SSRİ-nin Azərbaycandakı sülhməramlı missiyasının fəaliyyətinin nəticəsi idi. Azərbaycandakı “Volski komitəsi rədd olsun!” şüarı ilə keçirilən etirazlardan bu missiya buraxılmış elan olundu. Ancaq bölgədəki Rusiyanın 366-cı motoatıcı alayı birtərəfli qaydada fəaliyyət göstərir, ermənilərə Azərbaycan torpaqlarının işğalında yardım edirdi. Xocalı soyqırımı onların cinayətkar xidmətinin nümunəsidir.
[center][/center]
Volskinin “Xüsusi komitəsindən” başlayan “sülhməramlı” əməllər bununla bitmir.
Sovetdən qalma tərkibində dörd motoatıcı, bir hava-desant diviziyası və beş hərbi aerodromu olan dördüncü ordu 1993-cü il mayın 25-də Azərbaycandan çıxarıldıqdan sonra geri qayıtmaq üçün həmişə fürsət axtarıb.
O, bunu 2020-ci il noyabrın 10-da əldə etdi. Rusiya sülhməramlı kontingenti 27 il aradan sonra Azərbaycana qayıtmışdı. Ancaq onlar erməni separatçılara, qanunsuz silahlı qrupların yaradılmasında iştirak etməklə ənənəvi missiyasını davam etdirdi.
Onlar sülhməramlı kontingentin şəxsi heyətinin sayını artırmaq, müvəqqəti, beş il müddətinə yerlədirilməsinə razılıq verilən ordu üçün əlavə hərbi texnika daşımaqla mandatların uyğun olmayan əməllər törətməyə başlaması bu missiyanın mahiyyətini bir daha ifşa etdi.
Azərbaycan torpaqları işğaldan təmizlənəndən, ermənilər Qarabağı könüllü tərk etdikdən sonra Rusiya sülhməramlı hərbçiləri də xidmətlərini başa vurdu.
Deməli, Rusiya qoşunları erməniləri müdafiə etmək adı altında Azərbaycana işğalçı olaraq yeridiliblər. Elə 1990-cı il yanvarın 20-də sovet qoşunlarının törətdiyi qırğın da bunu təsdiqləyir.
Rusiya sülhməramlıları Afrikada - BMT sülhməramlı missiyası kimi Mərkəzi Afrika Respublikası, Konqo, Cənubi Sudan və Qərbi Saxara da iştirak edir. 2019-cu ildə Rusiya sülhməramlılarının əksəriyyəti məhz Afrikada yerləşdirilib. Ancaq Rusiya Afrikada öz əsl missiyasını “Vaqner” Özəl Hərbi Şirkətin fəaliyyəti əsasında icra etməyə başlayıb. 2023-2024-cü illərdə şirkətinin bazasında "Afrika korpusu" formalaşdırılmışdı. Onların Liviyada hökumət qüvvələrinə qarşı silahlı qarşıdurmada iştirak etdiklərinə dair xəbərlər də yayılır.
[center][/center]
Rusiya Ukraynanın şərqinə, Donetsk, Luqanska da sülh yaratmaq məqsədi ilə daxil olub. 2022-ci il fevralın 22-də bu bölgələrə “regionda sülhün qorunması və tərəflərin etibarlı təhlükəsizliyinin təmin edilməsi üçün” hərbçilər yerləşdirilib.
Rusiya bununla həm də həmin ərazilərin gələcəkdə ö ərazisi elan etmək üçün “hüquqi” baza yaradıb.
Rusiyanın Ukraynada apardığı müharibədən qaçan rusiyalı əsgərlərin dediyinə görə, onların sülhməramlı missiya tərkibində xidmət edəcəklərinə boyun olublar.
Əfqanıstan, Vyetnam, Anqola, Mozambik və başqa yerlərdə kommunist, sol düşüncəli xalq hərəkatlarını müdafiə adı altında sovet qoşunları yeridilirdi.
Artıq bu dövlət yoxdur. Onun varisi Rusiya “bizimkiləri” (guya rusdilliləri) müdafiə adı altında keçmiş ittifaqın ayrı-ayrı bölgələrinə yeridilir. Moldovada, Gürcüstanda sülhməramlı missiyası ilə o əslində həmin respublikaları yenidən, başqa formada işğal etməyə səy göstərir.
Ukraynada da bu proses əvvəlcə elə başladı. Ancaq sülhməramlı missiya sonradan müharibə ilə əvəzləndi. O, bu mandatla yaratdığı münaqişələrə nəzarət edir. Bu baxımdan Azərbaycan, Gürcüstan, Moldovada başlamış sülhməramlı missiyası Ukraynada müharibə olaraq göründü. Bununla da məramı sülh olmayan Rusiya qoşunları keçmiş sovet məkanında əsl üzünü, hədəfini göstərir. O bununla həm də sülhməramlı missiyaya inama kölgə salır.
Türkiyə və Azərbaycan hərbçiləri dünyanın bir sıra ölkələrində - İraq, Kosovo, Əfqanıstanda bu məqsədə xidmət edib. Müqayisədə fərqli mənzərə yaranır. Rusiya isə işğalçı niyyəti sülhməramlılar pərdəsi altında sülh və təhlükəsizliyi təhdid edir.(Report)
