"Ramiz Mehdiyevin parlamentdəki adamları tütün monopoliyası ilə məşğuldurlar"
“Millət bu cür monopolistlərin əlində əsir-yesir olub”.
Bu sözləri deputat Tahir Rzayevin siqaret qiymətlərinin artması fonunda səsləndirdiyi fikirlərinə münasibət bildirən siyasətçi, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında qeyd edib.
O bildirib ki, belə fikirlər düzgün deyil və xalqımızın əleyhinədir:
“Bunlar hamısı parlamentə təsadüfi düşən, Ramiz Mehdiyevin oraya yığdığı dövlətə xəyanət məqsədi güdən insanlardır. Görünür, onlar tütün monopoliyasıyla məşğul olanlarla əlbirdirlər. Düşünürəm ki, bunların millətdən xəbəri yoxdur. Tərbiyəsiz, dövlətinə sadiq olmayan, ölkədəki islahatlara etinasız yanaşan bu adamlar tütün monopoliyası ilə məşğuldur. Onlar hər an ölkədə qarışıqlığın olmasını arzu edirlər. Bu sahələr belə monopolistlərin əlindədir.
Hazırda gedən islahatlar onu göstərir ki, artıq bundan sonra belə hallar olmayacaq. Onlar düşünürlər ki, hər hansısa ideya ilə ortada qala bilsinlər. Bu yanlış və millətin əksinə olan ideyadır. Millət mənafeyinə uyğun işlər görməkdənsə, bu cür sarsaq, xalqda narazılıq yaradan ifadələr səsləndirirlər. Onlar Azərbaycan dövlətindən deyillər, bizim dövlətçiliyimizə, ölkə başçısının ideyalarına xidmət etmirlər. Bu adamların hamısı Ramiz Mehdiyevin oraya təyin etdiyi adamlardır.
Onlarla yola gedə bilmərik, hər halda bu yöndə ciddi tədbirlər görülməlidir. Bu cür şəxslər prezidentimizin apardığı uğurlu siyasətə kölgə salmaq istəyən insanlardır. Belələrinə deputat yox, təxribatçılar deyərdim. Buna görə də millət bu cür monopolistlərin əlində əsir-yesir olub. Hər halda bu fikirlər düzgün fikirlər deyil və xalqımızın əleyhinədir”.
Qeyd edək ki, millət vəkili Tahir Rzayev “Siqaretin qiymətinin bahalaşmasının tərəfdarıyam. Artırlıbsa, çox yaxşı olub. Qoy artsın. İnsanların siqaretdən çəkinməsi çox vacibdir”, – fikirlərini səsləndirib.