NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, bu gün Ukrayna Alyansa üzv olmağa əvvəlkindən daha yaxındır.
Ukrayna məybuatının verdiyi məlumata görə, Kiyevdə prezident Vladimir Zelenski ilə keçirdiyi birgə brifinqdə o, Ukraynanın gələcəyinin NATO-da olduğunu vurğulayıb.Stoltenberq vurğulayıb ki, beynəlxalq arenada Ukraynaya dəstək artmaqda davam edir, Rusiya Federasiyasının hərəkətlərinə dəstək isə azalır. Onun sözlərinə görə, ukraynalılar öz ailələri və gələcəyi üçün, Moskva isə imperiya illüziyaları uğrunda mübarizə aparır. “İyulda Vilnüs sammitindən sonra biz hamımız Ukraynanın NATO-ya üzv olacağına razılaşdıq. Və bunu reallaşdırmaq üçün üç tarixi qərar qəbul edildi”, - deyə Alyansın baş katibi qeyd edib.
Birinci həll yolu üzvlük fəaliyyət planının həyata keçirilməsi tələbini aradan qaldırmaqla Ukraynanın NATO-ya gedən yolunu qısaltmaqdır. İkincisi, Ukrayna silahlı qüvvələrinin NATO üzvü olan ölkələrin orduları ilə tam uyğunlaşacağı proqram üzrə razılaşmadır. Üçüncüsü, NATO ilə Ukrayna arasında siyasi əlaqələrin görünməmiş səviyyədə gücləndirilməsi məsələsidir. Söhbət Ukrayna-NATO komissiyasının yaradılmasından gedir.
“Bu üç qərar o deməkdir ki, Ukrayna indi həmişəkindən daha çox NATO-ya yaxındır və Ukraynanın gələcəyi NATO-dadır. Və biz buna hazırlaşmağa çalışırıq”, - deyə Stoltenberq bildirib.
O əlavə edib ki, Alyans üzvləri Rusiyanın təcavüzündən qorunmaq üçün Ukraynaya yardım göstərməyə davam edəcək. Onun sözlərinə görə, NATO-ya üzv ölkələr öz aralarında Ukraynaya təxminən 100 milyard avro yardım bölüblər ki, bunun da yarısı Amerika Birləşmiş Ştatlarına məxsusdur.
“NATO uzun illərdir ki, birgə satınalmalar həyata keçirir. Bu gün mən təsdiq edə bilərəm ki, Alyansın 155 mm-lik artilleriya sursatları, tank əleyhinə idarə olunan raketlər və tank sursatlarını əhatə edən əsas döyüş sursatları üçün 2,4 milyard avro dəyərində çərçivə müqavilələri var”, - NATO-nun baş katibi bildirib.
Onun fikrincə, bu, NATO üzvlərinə Ukraynanı dəstəkləməklə yanaşı, öz təchizatını artırmağa kömək edəcək.
Qeyd edək ki, yulun 11-də NATO-nun sammitində Alyansa üzv ölkələrin dövlət və hökumət başçıları Ukraynanın üzvlük fəaliyyət planının həyata keçirilməsi tələbini aradan qaldırmaq barədə razılığa gəliblər. Gələcəkdə onlar Ukraynaya üzvlük almaq üçün dəvət göndərməyə razılıq verməlidirlər və Ukrayna şərtlərə əməl etməli olacaq.