“Nə özümü, nə də nümayəndə heyətini müdafiə etmək kimi niyyətim var. Nə desəm, qərəz yaranacaq. Amma demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da ən fəal nümayəndə heyətlərindən biridir. Fəallıq reytinqində Azərbaycan 3-cü yerdə idi. Qərarın bizdən qaynaqlanan və bizdən qaynaqlanmayan səbəbləri var. İnsan haqları, demokratiya və s. məqamlar var. Oktyabr ayında qəbul ediln qətnamədə Azərbaycana həyasızcasına böhtan atılıb. Etnik təmizləmə, Laçın yolunu bağlamaq, dini azadlığa qədər çeşidli böhtanlar atılıb”.
İfadetv.com xəbər verir ki, bu fikirləri Sevinc Telmanqızının təqdimatında TV Musavatın efirində yayımlanan "Canlı debat" verilişində millət vəkili Erkin Qədirli deyib.
O bildirib ki, millət vəkili kimi hər zaman seçki, siyasi məhbuslar və s. barədə məsələləri həm komitə iclaslarında, həm də AŞPA-da səsləndirib: “Bu məsələlərə görə nəinki Azərbaycan nümayəndə heyətinin səlahiyyətini dayandırmaq, Azərbaycanı üzvlükdən də çıxara bilərdilər. Bunun üçün kifayət qədər əsas var idi. Əsas məsələ zamanla bağlıdır. Niyə qərar məhz indi verildi?
E.Qədirli qeyd edib ki, qərarın qəbul edilməsinin əsas səbəbi növbədənkənar prezident seçkisi ilə bağlıdır: “Biz məsələnin bu həddə gələcəyini gözləyirdik. Məhz 19 sentyabr əməliyyatına görə səlahiyyətlərimizin sorğulanacağı gözlənilirdi. ATƏT-in dəvət olunması, AŞ-nin isə dəvət olunmaması onları çox acıqlandırıb. Bizə dedilər ki, AŞPA-nın nümayəndə heyətini seçkini müşahidə etmək üçün çağırın, qərarı səsverməyə çıxarmayaq. İlkin qərarı özümüz verdik lakin bəyanatın mətni Bakıya göndərildi və son variant Bakıdan gəldi. Bir sözlə, nümayəndə heyətinin qərarı rəsmi Bakı ilə razılaşdırılıb. AŞPA biabırçı haqsızlıq etdi”.