Deputat vəsiqəsini girov qoyub küllli miqdarda borc götürməklə gündəmə gələn Milli Məclisin üzvü Rafael Cəbrayılov parlamentin rəhbərliyinə müraciət edib. O, Milli Məclisin bu gün keçirilən iclasına qatılmayıb, Konstitusiyaya müvafiq olaraq mandatından özü imtina etməsi ilə əlaqədar müraciət edərək, istefa vermək qərarına gəlib. Deputatın yazılı şəkildə ünvanladığı müraciəti Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oxuyub. R. Cəbrayılov müraciətində seçicilərindən üzr istəyib.
Xatırladaq ki, Rafael Cəbrayılov köhnə deputat vəsiqələrini girov qoyaraq, 2015-ci ildə 300 min ABŞ dolları məbləğində borc alıb. Borcun qaytarılmadığını görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs - Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Bu hadisəyə kimi də Milli Məclisin tarixində deputatlıqdan könüllü imtina edən və ya millət vəkilliyindən məhrum edilənlər olub.
Demokrat.az modern.az-a istinadən cinayət məsuliyyəti ilə əlqədar deputat mandatından məhrum edilmiş şəxslərin siyahısını təqdim edir:
Mandatından könüllü imtina edən sabiq deputatlardan biri də Gülər Əhmədovadır. 2012-ci ildə Gülər Əhmədovanın deputatlıqdan könüllü olaraq imtina etməsi barədə müraciəti aidiyyəti üzrə baxılmaq üçün Mərkəzi Seçki Komissiyasına göndərilib. Məsələ MSK-da səsverməyə çıxarılıb, nəticədə onun deputat mandatı ləğv edilib.
Xatırladaq ki, fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayev 2012-ci ildə eks-deputat Gülər Əhmədovanın ondan 2 milyon dollar rüşvət almasına dair videogörüntü yayımlamaqla böyük bir qalmaqalın əsasını qoymuşdu.
Məhz həmin videolardan sonra G.Əhmədova deputat mandatından imtina etmiş, ardınca onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
Keçmiş deputat Cinayət Məcəlləsinin dələduzluq, cinayəti bilib xəbər verməmək maddələri ilə ittiham olunub. 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan G.Əhmədova apellyasiya şikayəti verib. 2014-cü il mayın 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya verilən həbs 3 il sınaq müddəti təyin olunmaqla, şərti cəza ilə əvəzlənib və o, azadlığa buraxılıb.
Keçmiş deputat Hüseyn Abdullayevin də mandatı əlindən alınıb. H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava olmuşdu. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan isə o azadlığa buraxıldı.
2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, namizəd kimi qeydə alınmadı.
Sonradan Almaniyaya mühacirət edən H.Abdullayev barəsində cinayət işi açıldı.
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində H.Abdullayevə məxsus "Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Onun barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.
3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.
Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda iş üzrə məhkə gedir.
Daha bir deputatın adı 2005-ci ilin parlament seçkiləri zamanı gündəmə gəldi. Həmin ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhd ittihamı ilə bir sıra yüksək rütbəli məmurlar həbs edildilər. Bunların sırasında iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov, Prezident Administrasiyasının işlər müdiri Akif Muradverdiyevlə yanaşı, Milli Məclisin deputatı Fikrət Sadıqov da var idi.
Sumqayıtdan Milli Məclisə deputat seçilmiş Fikrət Sadıqov uzun illər bu şəhərin kimya zavodlarına rəhbərlik etmişdi. Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputatı Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum etdi. F.Sadıqov bir müddət ev dustağı edildikdən sonra ictimai diqqətdən kənarda qaldı. O, hazırda Milli Elmlər Akademiyasının institutunda çalışır.
2003-cü ildə keçirilən prezident seçkilərindən sonra Milli Məclisin deputatı İqbal Ağazadəyə "kütləvi iğtişaş” maddəsi ilə cinayət işi açılmış və həbs olunmuşdu. Parlament onun toxunulmazlıq hüququnu əlindən alaraq deputatlıq mandatını ləğv etmişdi. 2005-ci ilə qədər həbsdə yatan eks-deputat sonradan əfv fərmanı ilə azadlığa çıxmışdı.