Ramiz Yunus: “Qarabağın uzunmüddətli erməni işğalından azad edilməsi və Azərbaycanın tam suverenliyinin bərpası onların boğazında sümük kimi qalıb”
ABŞ-də yaşayan tanınmış azərbaycanlı siyasi təhlilçi Ramiz Yunus “AzPolitika”-ya müsahibəsində dünyanın və regionun gündəmində olan əsas mövzularla bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Ramiz bəy, ilk olaraq bilmək istərdik ki, yaşadığınız ABŞ-də seçkiqabağı durum necədir? Trampın Andlılar tərəfindən günahkar elan olunması onun reytinqinə necə təsir edib? Dünyanın hər yerində olduğu kimi Azərbaycan ictmiayyiəti də onun yenidən ABŞ prezidenti seçilə bilmək imkanının nə qədər olduğu ilə maraqlanır.
- Birincisi, qeyd edək ki, bu, ABŞ tarixində ilk dəfə baş verib ki, ölkənin keçmiş prezidenti, həm də hazırda ABŞ prezidentliyinə namizədi barəsində münsiflər heyəti tərəfindən ittiham olunduğu bütün cinayət maddələri üzrə yekdilliklə təqsirli olduğuna dair hökm çıxarılıb. İyulun 11-də yəni, təxminən bir aydan sonra hakim münsiflər heyətinin hökmü əsasında öz qərarını elan etməli olacaq. Donald Trampın əvvəllər mühakimə olunmadığını nəzərə alsaq, hakim çox güman ki, ona məcburi qolbaq taxmaqla şərti cəza verəcək. Baxmayaraq ki, Tramp, məsələn, metroda 15 gün zibil təmizləmək kimi məcburi ictimai işlərə də məhkum edilə bilər... Ona görə də reytinqlə bağlı nəsə demək tezdir, gəlin, hakimin qərarını gözləyək.
Bundan əlavə, onu da əlavə etmək vacibdir ki, hakimin qərarı respublikaçı seçicilər arasında heç nəyi dəyişməsə də, partiya üzvü olmayan bir çox seçicilərə, xüsusən də bu seçkinin taleyini həll edəcək Amerikanın qərarsız ştatlarının mövqeyinə təsir edə bilər. Respublikaçıların Milli Konvensiyasının iyulda, Demokratların Konvensiyasının isə avqustda olduğunu, hər gün böyük dəyişikliklərin baş verə biləcəyini nəzərə alaraq hər hansı proqnoz vermək tezdir. Trampın hələ də vitse-prezidentinin adını çəkməməsi təsadüfi deyil və çox şey onun kimi seçməsindən asılıdır. Əgər o Nikki Heylini seçsə, o zaman Tramp-Heyli cütlüyünün şansları kəskin şəkildə artacaq. Ona görə də Demokratlar avqustda bu çətin problemi həll etməli və Bayden-Harris tandemində düzəlişlər etməli olacaqlar... Elə isə gəlin bu konqresləri gözləyək, bundan sonra çox şey aydın olacaq.
- Ukrayna mövzusu ABŞ-dəkı seçki rəqabətində öz yerini qoruyurmu? Birləşmiş Ştatların Ukraynaya öz silahlarından Rusiyanı vurmaq icazəsi verməsi daxili ictimai rəyə necə təsir edir?
- Bayden administrasiyasının digər 10 NATO ölkəsi ilə birlikdə Qərb silahlarının Rusiya ərazisini vurmasına icazə verməsi gözlənilən idi. Çünki Ukrayna, eləcə də İsrail və Fələstin mövzusu siyasi diskursda spekulyativ olmaqda davam edir. Ölkədə seçkilərə qədər və bu və ya başqa mövzuda spekuliyasiyalar daha da artacaq.
- Ümumiyyətlə Qərb silahları ilə Rusiyanın vurulması, Putinin buna qarşı adekvat addımlar atacağı barədə bəyanatı müharibənin hüdudlarının böyüməsinə gətirib çıxara bilərmi? ABŞ Prezidenti Bayden Normandiyada dedi ki, biz hələ Moskvanı, Kremli vurmağa icazə verməmişik. Bu nə demək idi? Qarşıdakı dövrdə hansı qərarlar verilə bilər?
- ABŞ Avropanın əsas dövlətləri ilə birlikdə yavaş-yavaş vintləri sıxır, bu da Ukraynaya dəstəyin artdığını göstərir. 11 NATO ölkəsinin Ukraynanın Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarından istifadə etməsinə icazə verməsi buna əyani sübutdur. Şübhə etmirəm ki, Qərb mövqeyini açıq şəkildə səsləndirməzdən əvvəl hər şeyi hesablayır. Rusiya Prezidentinin xarici jurnalistlərlə söhbəti zamanı səsləndirdiyi anlaşılmaz reaksiyaya baxın. O, artıq nüvə silahından danışmır, ABŞ və ümumilikdə Qərblə qarşıdurmada olan ölkələrə eyni silahların simmetrik şəkildə verilməsindən danışır. Bu ölkələr hansılardı? Şimal Koreya, Yəmən, Afrika və ya Latın Amerikası ölkələri? Bu gün Rusiyanın özünə bu silah lazım deyilmi? Hətta onların bunu necə qəbul edəcəkləri mənə maraqlıdır. Şübhə etmirəm ki, bu gün nüvə Rusiyasına qarşı ehtiyatlı davrandıqları kimi, heç kim ABŞ və ümumilikdə NATO ölkələrinə qarşı birbaşa təhlükə yaradacaq addımlar atmayacaq. ABŞ-nin 2001-ci ilin 11 sentyabr hücumuna reaksiyası, İraq və Əfqanıstanın taleyi bunu deməyə əsas verir.
- Bayden ötən həftə Fransada səfərdə oldu, orada Ukrayna lideri Volodimir Zelenski ilə də görüşdü. Bu səfərin əhəmiyyətini, Zelenski ilə müzakirələrin gündəmini necə dəyərləndirirsiz?
- Fransa Avropanın ən güclü hərbi-sənaye kompleksinə malik olan NATO üzvüdür. Əgər G7-nin növbəti görüşündə fundamental qərarlar qəbul olunarsa, o zaman Fransa Ukraynanın imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
- Fransa Ukraynaya 670 milyon avro kredit, “Miraj” çoxfunksiyalı hərbi təyyarələri verməyi öhdəsinə götürüb, habelə Kiyevə hərbçilər göndərəcəyini elan edib. Parisin müttəfiqlər arasında belə “irəli getməsi” nə ilə bağlıdır? Yaxın gələcəkdə müttəfiq qoşunlarını Ukrayna ərazisində görə biləcəyikmi?
- Bu gün Fransa Prezidenti Makron özünü general Şarl de Qoll kimi aparmağa çalışır, amma hələlik buna nail ola bilmir. Gözəl və çox danışır, amma indiyə qədər praktik olaraq az iş görür. Bu gün Ukraynaya yardımın səviyyəsinə görə Fransa 15-ci yerdədir, Almaniya isə birincidir. Məhz Ukraynaya zəif dəstəyə görə bu yaxınlarda Almaniyanın müdafiə naziri açıq şəkildə Makronu tənqid edib.
- Ukrayna cəmiyyəti ilə sıx təmasdasınız, hazırda cəbhədəki durumu necə dəyərləndirirsiz? Ukrayna Rusiya ordsunun kütləvi hücumlarının qarşısında duruş gətirə biləcəkmi? Ölkənin daxili siyasi durumu necədir?
- Düşünürəm ki, Ukrayna Rusiya ordusuna cəbhəni yarmağa imkan verməyəcək. NATO ölkələrinin qarşıdakı aylarda Rusiya ərazisində Qərb silahlarından istifadə etməyə verdiyi icazəsini nəzərə alsaq, döyüş meydanında sürprizlər gözləməliyik. Ukrayna daxilindəki vəziyyətə gəlincə, iki illik müharibədən sonra Prezident Zelenski hələ də ölkə əhalisinin böyük əksəriyyətinin dəstəyini alır ki, bu da belə müharibə aparan istənilən ölkənin konsolidasiyası üçün çox vacib amildir. Baxmayaraq ki, Rusiya Ukrayna daxilində sabitliyi pozmaq üçün daim güclü informasiya müharibəsi aparır.
- Ramiz bəy, bizim regionla bağlı da bir neçə sualım olacaq. Əvvəlcə Ermənistanda daxili durumu dəyərləndirməyinizi rica edirəm. Keşiş Baqratın etiraz aksiyaları davam edir, Paşinyan hökumətinə, onun Azərbaycanla apardığı sülh prosesinə təhlükə görürsünüzmü?
- Gördüyümüz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinə qarşı arxiyepiskop Baqratın başçılıq etdiyi mitinqlər hakimiyyəti devirmək üçün kifayət etmədi və etirazçıların sayı azalmağa başladı. Paşinyan cəmiyyətin bu mitinqlərə dəstək verməməsindən istifadə edərək rəsmi Eçmiədzinə qarşı hücuma keçib. 100 il əvvəl Çar Rusiyasında olduğu kimi, bu gün Ermənistanda da kilsə ilə dövlət arasında açıq qarşıdurma gedir. Bu, çox çətin məsələdir, lakin Paşinyan kilsənin Ermənistanın ictimai-siyasi həyatına uzunmüddətli mənfi təsirini neytrallaşdıra bilsə, erməni xalqının mifik Ermənistandan həqiqi Ermənistan quruculuğuna keçməsi üçün real şansı olacaq. Ermənistan cəmiyyətində əksəriyyətin passiv olduğunu nəzərə alaraq, Paşinyan Azərbaycanla sülhün əleyhinə olan Eçmiədzinlə tez bir zamanda məşğul olmaq istəyir. Çünki o, tələsir və bunu ABŞ-da prezident seçkiləri kampaniyası başa çatana qədər həyata keçirməyi planlaşdırır.
- Prezident İlham Əliyev bəyan etdi ki, Ermənistanda konstitusiya dəyişikliyi sülhün ilkin və əsas şərtidir. Sizcə, Paşinyan hökumətində bu addımı atmağa siyasi iradə varmı? COP-29-a qədər sülh prosesində irəliləyiş gözləyirsizmi?
- Azərbaycan Prezidentinin bəyanatı yeni deyil və o, bu barədə əvvəllər də danışıb. Ermənistan Konstitusiyasının dəyişdirilməsi üçün Baş nazirin siyasi iradəsinə gəlincə, Paşinyanın çox vaxtı yoxdur, çünki təkcə Ermənistan dövlətçiliyinin taleyi deyil, həm də Paşinyanın özünün şəxsi siyasi taleyi təhlükə altındadır.
- Rusiya rəsmiləri bəyan ediblər ki, Xankəndində Baş konsulluq açmaq istəyirlər. Böyük təəccübə səbəb olan bu iddia nə ilə bağlıdır?
- Rusiya Federasiya Şurasının komitə sədri Qriqori Karasinin Xankəndində Rusiya Baş Konsulluğunun açılması təklifi ilə çıxış etməsi əsl təxribatdı. Bu, Rusiyada Azərbaycanın qələbəsini həzm edə bilməyən müəyyən dairələrin planlarından xəbər verir. Qarabağın uzunmüddətli erməni işğalından azad edilməsi və Azərbaycanın tam suverenliyinin bərpası onların boğazında sümük kimi qalıb. Bu təklif həm də Azərbaycan cəmiyyətinin ona reaksiyasını sınağa çəkir. Ona görə də bu cür təxribatların qarşısını almaq lazımdır. Artıq xalqın tarixi yaddaşı kənardan heç kimin Azərbaycana öz evində, dədə-baba torpağında nəyi necə edəcəyini söyləməsinə imkan verməyəcək. Cənab Karasin təcrübəli diplomat kimi xalqımızın səbrini sınamamalı və rus məsəlini unutmamalıdır: “Qaşınmayan yerdən qan çıxarmayın”.
- Gürcüstanda baş verən hadisələri necə dəyərləndirirsiz? Hökmət etirazlara rəğmən “xarici agent” adlandırılan qanunu qəbul etdi. ABŞ isə viza sanksiyaları elan etdi və münasibətlərə yenidən baxacağını açıqladı, Avropa İttifaqı da sərt mövqe tutur. Payizda keçiriləcək seçkilər qonşu ölkədə siyasi böhranı həll edə bilərmi, yoxsa, vəziyyət daha da mürəkkəbləşəcək? Ümumiyyətlə, bu qarşıdurmanın pərdəarxası məqamları nədən ibarətdir?
- Gürcüstanda baş verən hadisələr onu göstərir ki, Qərblə Rusiya arasında rəqabət bu ölkəyə də gəlib çatıb. Necə ki, bu mübarizə Ermənistanda daha da şiddətlənib. Bu rəqabət bildiyiniz kimi 2008-ci ilin avqust ayında Rusiyanın açıq-aşkar Gürcüstana təcavüzü ilə nəticələnib. Qərbin Rusiya ilə sövdələşməsi indiki siyasi qüvvələri hakimiyyətə gətirib. Həmin dövrdən indiyə qədər “Gürcü arzusu” hakimiyyəti Gürcüstanda öz mövqelərini daha da gücləndirib. Aşkar görünür ki, İvanaşvili Rusiya-Ukrayna savaşının necə bitəcəyini gözləyir, ona görə də gözləmə mövqeyi tutub. Həm Qərb, həm də Rusiya ilə məsafə saxlamaqla əsas gücünü Azərbaycan-Türkiyə ilə partnyorluğuna yönəldirlər. Baş nazirin Türkiyəyə son səfəri, oradan verilən bəyanatlar, o cümlədən Türkiyə Przidentinin dedikləri onu göstərir ki, Tbilisinin bu məsələdə hər iki ölkənin ciddi dəstəyinə ehtiyacı var. Hesab edirəm ki, nə Türkiyə, nə də Azərbaycan Gürcüstanı tək buraxası deyillər.
Payızda keçiriləcək parlament seçkiləri nəinki Gürcüstan, eləcə də Cənubi Qafqaz regionu üçün tarixi hadisə olacaq. Bir il əvvəl Gürcüstan hakimiyyəti bu provaksion qanunu gündəmə gətirib cəmiyyətin nəbzini yoxladı və bir addım geri atmaq məcburiyyətində qaldı. Amma buna baxmayaraq, seçkilərə yarım il qalmış onu yenidən gündəmə gətirmək, hətta prezidentin vetosunu keçmək onu deməyə əsas verir ki, İvanaşvili hakimiyyəti hər şeyi götür-qoy edərək, arxayın şəkildə hücuma keçir. Biri var, yüzminlik mitinqlər, biri də var, mitinqlərin səsəverməyə necə təsir etməsi. Əgər İvanaşvili hakimiyyəti mövqelərini qoruya bilsə, bu, Qərbin Gürcüstanda uduzması anlamına gələcək.
E.Rüstəmli
“AzPolitika.info”