Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalına müsahibə verib.
İfadetv.com həmin müsahibəni təqdim edir.
- Sabahınız xeyir.
- Sizin də sabahınız xeyir.
- Mən 30 il Avropada işləmişəm. Mən heç vaxt Sizin ölkənizdə olmamışam. Buna görə təəssüflənirəm. Bu səhvi gələcək aylarda səfər etməklə düzəltməli olacağam.
- Ümid edirəm ki, gələcəkdə bizi də ziyarət etmək üçün vaxtınız olacaq.
- Mən də ümid edirəm. Ölkəniz gözəldir. Mən Formula 1-i sevirəm, Zaha Hadidin memarlıq üslubunu sevirəm, kinoları sevirəm. Siz paytaxtınızı müasirləşdirməklə gözəl iş görmüsünüz.
- Təşəkkür edirəm.
-Mən Sizin bir çox müsahibələrinizi dinləmişəm. Siz müsahibələrdə regionun üzləşdiyi mürəkkəb məsələləri təfərrüatı ilə və səlis izah edirsiniz. Mən kifayət qədər açıq, qısa və mahiyyət üzrə suallar verməliyəm ki, onlara mümkün qədər çox cavab ala bilək. Mən tamamilə anlayıram ki, bunlar 100 illər bundan öncəyə təsadüf edən mürəkkəb məsələlərdir.
- Mən Amerika auditoriyasına nəyin baş verdiyini, nəyə görə baş verdiyini və bizim gələcəkdə nələri görmək istəyimizi izah etməyə çalışacağam.
- Çox gözəl. Biz bunda çox maraqlıyıq. Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?
- Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi. Onlar az və ya çox eyni hərəkəti iyul ayında da etmişdilər. O zaman onlar Ermənistan-Azərbaycan dövlət sərhədində bizim qüvvələrimizə hücum etdilər. Onlar acı məğlubiyyətlə üzləşdilər. Sonra onlar avqustda hərbi mövqelərimizə nüfuz etmək, mülki şəxslərimizə və hərbi qulluqçularımıza hücum etmək üçün diversiya qrupu göndərdilər. Sentyabrın 27-də onlar ağır silahlarından artilleriya bombardmanına başladılar və hücumun ilk saatlarında bizdə mülki şəxslər və hərbi qulluqçular arasında qurbanlar olmuşdur. Bu vaxta kimi mülki şəxslər arasında 63 nəfər öldürülmüşdür və demək olar ki, 300 nəfər mülki şəxs yaralanmışdır. Beləliklə, bu hücuma başlayan Ermənistan idi, biz özümüzü müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız çox adekvat olmuşdur və nəticədə biz işğal olunmuş ərazilərin mühüm hissəsini azad edə bildik.
- Lakin kimin atəşi birinci açmasından asılı olmayaraq, hər iki tərəf bu dövrdə dərhal döyüşə başladı. Sonra Siz dediniz ki, bu ərazidən erməni qüvvələrini çıxarmaq istəyirsiniz və bu, münaqişəni həll etmək üçün yeganə cavab ola bilər. Sentyabrın 27-sinə qədər olan aylarda Azərbaycanda gedən müharibə haqqında çoxlu söhbətlər gəzirdi. Siz etiraf etməlisiniz ki, müharibəni başlamaq imkanını axtarırdınız.
- Mənim dediyim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun idi. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrdə Ermənistandan açıq şəkildə tələb olunurdu ki, qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarsın. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr icra edilməmişdir. Odur ki, biz erməni qoşunlarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərdən çıxarılmasını istədiyimizi deyəndə mən hüquqi nöqteyi-nəzərdən haqlıyam və mənim dediklərim Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur.
- Cənab Prezident, hüquqi müstəvi və reallıqlar var. Dağlıq Qarabağda və regionda reallıq ondan ibarətdir ki, 1980-ci və 1990-cı illərin bütün keşməkeşli yollarından keçdikdən sonra indi ora prinsip etibarilə erməni əhalisindən ibarətdir. Əgər siz oraya daxil olsanız, yenə də erməniləri çıxarıb, azərbaycanlıları geri gətirməlisiniz və yenə məcburi köçkünlər olacaq. Masada diplomatik plan var, Dağlıq Qarabağın müstəqilliyinin saxlanılması, Ermənistanın Dağlıq Qarabağ ətrafında yeddi rayonun geri qaytarması. Siz diplomatiya yolunu nəzərdən keçirirsinizmi?
- Diplomatik həll yolu ilə bağlı sizin dedikləriniz doğru deyil. Çünki vasitəçilər tərəfindən - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransadan Dağlıq Qarabağa müstəqillik verilməsi ilə bağlı bizə heç bir plan təqdim olunmayıb. Bu qədər. Sülh planında təklif var idi ki...
- Muxtariyyət.
- Xeyr, xeyr. Əsla. Sülh planında təklif, bənd var ki, Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bütün ərazilərin, - bu o ərazilərdir ki, orada azərbaycanlılar yaşamışdır və 700 mindən çox azərbaycanlı bu ərazilərdən etnik təmizləməyə məruz qalmışdır, - Azərbaycana qaytarılması deyilir. Sizin haqqında danışdığınız reallıqlar, Ermənistanın təcavüzkar separatizmi və azərbaycanlıların etnik təmizlənməsi nəticəsində yaranmış reallıqlardır. Bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulmuşdur, müharibədən əvvəl orada 40 min azərbaycanlı var idi, Dağlıq Qarabağ ətrafında olan yeddi rayondan bütün azərbaycanlılar - 700 min nəfər qovulmuşdur. Mənim dediyim....
- Cənab Prezident, 1994-cü ildə Siz müharibədə məğlub oldunuz. İndi 2020-ci ildə isə Siz müharibədə qalib gəlmək üçün müharibəyə yenidən başlamaq istəyirsiniz.
- Biz müharibədə məğlub olmamışdıq. Biz döyüşü uduzmuşduq. Bu da obyektiv səbəblər üzündən olmuşdur. Birincisi, Azərbaycanda daxili qeyri-sabitlik var idi, Ermənistan da bundan sui-istifadə etdi.
- Lakin mənim sualım odur ki, niyə 2020-ci ildə Siz müharibəyə yenidən başlamaq istəyirsiniz? 20 il idi ki, sakitlik idi.
- İkincisi bu, Ermənistana açıq xarici dəstək üzündən baş vermişdir. Biz müharibəyə başlamamışıq. Biz, sadəcə, cavab verdik və biz bunu Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi əsasında edirik. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar.
- Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz? Mən bilirəm ki, bu gün Dövlət Katibi Pompeo da cəsədlərin, yaralıların mübadiləsi üçün atəşkəs tələb edəcəkdir. İndi atəşkəs üçün yaxşı vaxt deyilmi?
- Biz atəşkəsə hazır idik. Oktyabrın 10-da Moskvada bizim Xarici İşlər nazirimiz, Ermənistanın Xarici İşlər naziri və Rusiyanın Xarici İşlər naziri atəşkəs barədə birgə bəyanat verdilər. Lakin növbəti gün ermənilər Ermənistan ərazisindən Azərbaycanın ikinci ən böyük şəhərinə, toqquşmaların baş verdiyi ərazidən çox uzaqda yerləşən Gəncəyə ballistik raketlə hücum edərək 10 mülki şəxsi qətlə yetirmiş və 30-dan çoxunu yaralamışlar. Sonra Gəncəyə ikinci ballistik raket hücumu oldu və 15 insan qətlə yetirildi. Beləliklə, Ermənistan...
- Lakin Siz də atəşkəsi pozmusunuz.
- Xeyr, xeyr. Biz, sadəcə, cavab verdik. Çünki biz atəşkəs barədə iki dəfə razılaşmışdıq. Birinci dəfə ermənilər gecə vaxtı, gecə saat 1-də yatan şəhərə ballistik raket atdılar. İkinci dəfə atəşkəs yalnız iki dəqiqə davam etdi və Ermənistan onu pozdu. Azərbaycanın atəşkəsi pozması barədə sübut yoxdur.
- İcazənizlə belə bir sual verim. Bu gün Dövlət Katibi Sizin Xarici İşlər nazirinizə sual versə ki, siz həqiqətən də atəşkəsi istəyirsiniz, daha bir cəhd istəyirsiniz? Siz daha bir dəfə cəhd edərsiniz?
- Bəli, biz hazırıq. Mən bunu dəfələrlə açıq demişəm. Biz bu gün atəşkəsi razılaşdırmağa hazırıq. Lakin, eyni zamanda, Ermənistan, onun baş naziri deməlidir ki, onlar Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa tərəfindən işlənib hazırlanmış əsas prinsiplərə sadiqdir. İki gün bundan əvvəl Ermənistanın baş naziri dedi ki, Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.
- Bununla bağlı müəyyən şərtlər olmalıdır. Siz heç bir əlavə şərtsiz atəşkəsə sadiq olarsınızmı?
- Biz atəşkəs istəyirik, biz torpaqlarımızın qaytarılmağını istəyirik. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, ABŞ, Fransa və Rusiyanın təqdim etdiyi sülh planına uyğun olaraq torpaqları boşaldacağına dair öhdəlik götürməlidir. Lakin o, bunu demir.
- Cənab Prezident, Sizin ordunuzun hədsiz dərəcədə mülki əraziləri, evləri, yaşayış məntəqələrini, mağazaları hədəfə alması ilə bağlı ittihamlara necə cavab verərdiniz? Hətta Sizin yüksək texnologiyalı silahlarınızla çox mühüm bir kilsə də vurulub, son həftələrdə minlərlə adam ölüb və ya yaralanıb.
- Biz mülki şəxslərə hücum etmirik. Ermənistanın Gəncə şəhərinə qarşı onlarca adamın həlak olduğu ballistik raketlərlə törətdiyi amansız hücumdan, terror aktından sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq, lakin döyüş meydanında. Biz mülki şəxslərə hücum etmirik. Biz dini məkanlara hücum etmirik. Şuşada kilsədə baş verənlər ya səhv olub, - mən artıq buna açıq şəkildə münasibət bildirmişəm, - ya da bu, bizi günahlandırmaq üçün ermənilərin özləri tərəfindən törədilib.
- Lakin, cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb. Siz bütün şəhəri hərbi hədəf adlandıra bilməzsiniz.
- Qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi hədəflər olub və bizim oraya hücumlarımız yalnız oktyabrın 9-dan əvvəl olub. Ondan sonra biz Dağlıq Qarabağda heç bir mülki şəxsə və ya şəhərə hücum etməmişik. Lakin onlar hücum ediblər. Siz onların Gəncədə etdiklərinin şəkillərini görmüsünüzmü?
- İcazə verin, aydınlıq gətirim, Siz sentyabrın 27-dən oktyabrın 9-dək mülki şəxsləri hədəfə alırdınız?
- Xeyr, biz qondarma “Dağlıq Qarabağ respublikası”nın paytaxtı Xankəndidə hərbi infrastrukturu hədəfə alırdıq, çünki hərbi bazalar, hərbi infrastruktur şəhərdə yerləşir.
- Sizin Türkiyə istehsalı olan dronlarınız, İsrail istehsalı olan hərbi avadanlığınız, Rusiya istehsalı olan yüksək texnologiyalı avadanlığınız var. Necə ola bilər ki, Siz bundan istifadə edirsiniz və eyni zamanda, mülki şəxsləri vurmursunuz?
- Xeyr, bizim dronlarımız, - bu şəkillərin çoxu internetdə var, baxa bilərsiniz, - Ermənistan tanklarını və başqa silahları necə məhv edir. İndiyədək bizim dronlarımız 230-dan çox tankı məhv edib. Biz onların 6 ədəd S-300 hava hücumundan müdafiə sistemini, yüzlərlə zirehli texnikasını məhv etmişik. Biz dronlardan mülki şəxslərə qarşı istifadə etmirik. Bu, yanlış məlumatdır.
- Gəlin, əsgərlər, döyüşdə olan qoşunlar barədə danışaq. Fransadan, Rusiyadan olan çoxsaylı mənbələr, həmçinin “New York Times”ın müstəqil jurnalistləri qətiyyətlə iddia edirlər ki, Türkiyə tərəfindən toplanmış və gətirilmiş yüzlərlə suriyalı silahlı Sizin müharibədə döyüşür. Niyə Sizin müharibədə - Azərbaycanda Türkiyənin dəstəklədiyi suriyalı silahlılar döyüşür?
- Bu, daha bir feyk xəbərdir. Mən təəssüf edirəm ki, Rusiya və Fransa, yeri gəlmişkən, açıq şəkildə buna münasibət bildirən yeganə ölkələr belə məsuliyyətsiz bəyanatlar verdilər. Mən sübutlar, dəlillər tələb etdim və hələ də tələb edirəm. Müharibə 20 gündən çoxdur ki, yenidən başlayıb, indiyədək nə Rusiya, nə də Fransa tərəfindən bizə heç bir dəlil və ya sübut təqdim olunmayıb.
- Dəlil “New York Times”dadır. Sizi beş gün əvvəlki məqaləyə yönləndirə bilərəm. Orada deyilir ki, Azərbaycanda qətlə yetirilmiş 57 suriyalı döyüşçü Türkiyə sərhədinin o biri tərəfində geri qaytarılaraq Suriyada dəfn olunub. Ailələrinin hamısı təsdiqləyiblər ki, onlar Sizin ordunuzla birlikdə döyüşmək üçün Azərbaycana getmişdilər.
-Siz Prezident Trampın “New York Times”ı necə adlandırdığını bilirsiniz, xatırlayırsınız? Feyk xəbərlər. Bu, feyk xəbərdir. Heç bir dəlil, heç bir sübut yoxdur. Bizə dəlil verin, sadəcə....
- Maraqlıdır, Sizin yüz min əsgəriniz var. Suriyadan bir neçə qeyri-mütəşəkkil silahlı nəyinizə lazımdır?
– Bəli, tamamilə doğrudur.
- Sual olunur niyə?
- Bizim onlara ehtiyacımız yoxdur. Mən elə bu barədə danışıram. Nizami orduda 100 min əsgər, üstəgəl bir neçə gün ərzində biz bəlkə də bundan 3 dəfə çox əsgər cəlb edə bilərik, üstəgəl müasir avadanlıq. Bizim heç bir muzdluya əsla ehtiyacımız yoxdur. Bu, sadəcə, ölkəmizin nüfuzuna xələl gətirmək və döyüş meydanında əsgərlərimizin mərdliyinin əhəmiyyətini azaltmaq məqsədi daşıyan feyk xəbərdir.
- Cənab Prezident, gəlin bunun zamanı məsələsinə qayıdaq. Niyə biz hərbi əməliyyatları indi görürük? Niyə toqquşmalar görürük? Sizin hökumətinizi, Prezident olaraq Sizi tənqid edənlər deyirlər ki, Siz bu müharibədən ölkənizin daxilindəki problemlərdən, sosial məsələlərdən, iqtisadi tənəzzül, korrupsiya, COVID-19-dan diqqəti yayındırmaq üçün pərdə kimi istifadə edirsiniz. Siz, sadəcə, ola bilsin ki, bundan bir çox müxtəlif məsələlərdən narazı olan kütlənin diqqətini vətənpərvər döyüşə çəkmək üçün istifadə edirsiniz.
- Xeyr, xeyr. Bu, tamamilə yanlışdır. Birincisi, bizim iqtisadi göstəricilərimiz dünyada ən yaxşılardan biridir. On ay ərzində Azərbaycanda iqtisadi geriləmə 4 faizdən azdır. Siz bunu öz ölkəniz və ya Avropa ölkələri ilə müqayisə edə bilərsiniz. Azərbaycanda işsizlik səviyyəsi 7 faizdir. Bunu öz ölkənizlə müqayisə edin. Azərbaycanda yoxsulluq səviyyəsi 5 faizdir. Yenidən bunu müqayisə edin. Bizim ciddi sosial problemimiz yoxdur. COVID-19-la bağlı Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nümunə kimi göstərilir. Biz 30-dan çox ölkəyə dəstək - maliyyə dəstəyi, humanitar dəstək göstərmişik. İqtisadiyyatımız sabitdir. İqtisadiyyatımız davamlıdır. Sizin dediyiniz kimi, bəzi daxili problemləri ört-basdır etmək üçün müharibəyə başlamağa ehtiyac yoxdur. Bu, qarşı tərəfdə belədir. Hazırda tamamilə iqtisadi və sosial problemlərin içində olan Ermənistanın diqqəti yayındırmağa ehtiyacı var. Aparıcı müxalifət partiyasının liderini həbs edən Ermənistanın baş naziridir. O, iki sabiq prezidenti təqib edir.
- Lakin, cənab Prezident, biz bilirik ki, Sizin hökumətiniz daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var, xüsusilə, korrupsiya və həm hökumətdə, həm də bir çox korporativ strukturlarda ailə idarəçiliyi ilə bağlı. Bu, ictimaiyyətinizin, ya da ictimaiyyətinizin bəzi üzvlərinin, bəzi insanların yol verdiyi qanun pozuntuları hesab olunan hallardan diqqətini yayındırmaq üçün deyil?
- Xeyr, korrupsiya var və biz buna qarşı mübarizə aparırıq. Biz geniş iqtisadi islahatlar proqramı təqdim etmişik. Son vaxtlarda bir çox insanlar, bir çox hökumət rəsmiləri və yüksək rütbəli rəsmilər korrupsiya ittihamı ilə həbs olunublar. Korrupsiya hər yerdə var və biz bununla mübarizə aparırıq. Ailə idarəçiliyinə gəlincə, mən bir daha sizin öz ölkənizə diqqət çəkmək istəyirəm, orada mühüm vəzifələri ata və oğul tutmuşdu. Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi və bir çox başqa ölkələrdə. Beləliklə, bu, ABŞ-da baş verənlərdən fərqlənmir.
- Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər.
- Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş.
- Siz Amerika siyasətini bilirsiniz, cənab Prezident.
- Bilirəm. Mən hazırlıqlı adamam.