- Artıq açıq görünür ki, Rusiyanın Ukrayna ordusunu Xarkov tərəfə çəkməklə digər istiqamətlərdən güclü hücuma keçmək cəhdləri fiaskoya uğrayıb. Amerikanın Ukraynaya yenidən silah yollaması vəziyyəti dəyişib. Hərbi cəhətdən Ukrayna ilə Rusiya arasındakı qüvvələr nisbətində müəyyən tarazılıq yaranması Putinin planlarını pozur.
Rusiyada cəmiyyətin ölkə həyatına təsiri çoxdan silinsə də, Putin özünün ictimai reytinqinin düşməsindən narahatdır. O, öz nüfuzunu daim yüksək səviyyədə saxlamaq üçün mütəmadi ictimaiyyət önünə çıxıb müxtəlif uydurmalar danışır, təhdidlər, hədə-qorxular səsləndirir. Son dövrlər Putinin çıxışlarına və davranışlarına baxanda, onun dünyagörüşünün və siyasi məfkurəsinin real mənzərəsi üzə çıxır.
Məsələn, Sankt-Peterburqda keçirilən iqtisadi forum zamanı jurnalistləri başına yığan Putin deyib ki, Ukrayna ayda 50 min itki verir. Onda belə çıxır ki, əhalisi müharibədən əvvəl heç 40 milyona çatmayan, sonradan isə əhəmiyyətli hissəsi ölkəni tərk edən Ukraynanın müharibədəki itkiləri 1,5 milyona yaxındır?
Putin Qərbi onların düşmənlərinə uzaqvuran raketlər verəcəyi ilə hədələyir. Görəsən, kimə silah verəcək? “Hizbullaha”, Kubaya, Venesuelaya? Bu, baş verəcəyi təqdirə nə dəyişəcək?
Hələ üstəlik Putin deyib: ”Onlar özlərindən uydurublar ki, guya Rusiya NATO-ya hücum etmək istəyir. Siz tamamilə ağlınızı itirmisiniz? Bu masa kimi kütsünüz? Kim düşünüb bunu?”
Xatırlatmaq istərdik ki, Putin Rusiyanın Ukrayna ilə müharibə edəcəyini söyləyənlərə vaxtilə üzünü tutub deyirdi ki, hamı yaxşı anlasın, Rusiya heç kimə hücum etmək niyyətində deyil.
Bəs, Putinin danışdıqları ilə əməli arasındakı fərq və dərin ziddiyyətdən hansı nəticə çıxarmaq olar? Yumşaq desək, Vladimir Putin irəliyə hesablanmış strateji addımlar ata biləcək siyasətçiyə yox, emosiyalarına və xəyallarına hakim kəsilməyi bacarmayan, inersiya ilə gündəlik hadisələrin arxasınca düşən birisinə bənzəyir. Maraqlıdır ki, o, dəfələrlə “bizi aldatdılar” deyib. Əgər sən həmişə aldanacaqsansa, onda Rusiya kimi böyük dövlətin başında nə işin var?
Rusiyada Putin kultunun yaradılması üçün böyük bir informasiya sistemi qurulub. Kreml dövlət büdcəsindən Putinin təbliğ edilməsinə xərclədiyi pulun həcmini qat-qat artırıb. Əgər döyüş meydanında işlər tərs gedəcəksə, onda televiziya ekranındakı zəhlətökən boşboğazlıq və cəfəngiyyat öz ictimai təsir imkanlarını itirəcək.
Əslində, Rusiya televiziya aparıcıları jurnalist yox, təbliğatçıdırlar. “Təbiğatçı” kəlməsi isə “yalançı” kəlməsi ilə sinonim təşkil etməyə başlayıb. Ukraynada arzuladıqları mənzərənin əksi ilə qarşılaşan azğınlaşmış Rusiya təbliğatçıları yuxarıdan gələn təlimata əsasən ukraynalıların kütləvi məhv edilməsinə açıq çağırışlar edirlər.
Təbii ki, Rusiyanın məğlubiyyətindən sonra əxlaqi-mənəvi cəhətdən aşınmış bu tiplər cəzasız buraxılmayacaqlar. Belə ki, artıq Qərbdə onlara qarşı müvafiq tədbirlər planı hazırlanır. Beynəlxalq İnsan Haqları Federasiyası tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğuna müraciət qəbul edilib. Həmin müraciətdə Vladimir Solovyov, Marqarita Simonyan, Dmitri Kiselyov və Sergey Mardanın həbsinə order verilməsi xahiş olunur.
Rusiya məmurları, deputatları, ictimai-siyasi xadimləri Putinin dəst-xəttinə uyğun fəaliyət trayektoriyası cızırlar. Bəziləri isə rəhbərdən “afərin!” və sair ənamlar qoparmaq üçün daha çox canfəşanlıq göstərir. Belələrindən biri Rusiya Dövlət Duması sədrinin müavini, şovinist bəyanatları ilə xüsusi seçilən Pyotr Tolstoydur.
Ukrayna ilə yanaşı Qazaxıstana qarşı da kin və nifrət püskürən bu adam görəsən nə düşünür? O, hamı ilə düşmənçilik etməyi siyasət sayırmı? Yeri gəlmişkən, yerli əhalini sakitləşdirmək məqsədilə Belqoroda gedən həmin “şücaət nümunəsi” Pyotr Tolstoy silah səsi eşidən kimi hamıdan tez qaçaraq sığınacağa girib. İnternetdə yayılan kadrlardan onun bərk hürkdüyü və sifətinin necə avazıdığı aydın görünür. Deyəsən, Dmitri Roqozinin vəziyyətinə düşməkdən bərk qorxub...
ABŞ-nin müharibəni öz nəzarətində saxlaması prezident Çozef Baydenin “TIME” jurnalına verdiyi müsahibəsində dolaysıyla təsdiqni tapır. Bayden həmin müsahibəsində deyib ki, Vaşinqton müharibə ilə bağlı çətin vəziyyətlə üzləşməyib. Çünki, əvvəla, rus ordusu böyük itkilər verib, əldən salınıb, ikincisi isə NATO daha da güclənib və İsveç ilə Finlandiya alyansa daxil olublar.
Bayden həmçinin söyləyib ki, ABŞ Rusiyanın Ukrayna üzərində qələbə qazanmasına imkan verməyəcək. Ukraynaya hərtərəfli yardımların davam etdiriləcəyini bildirən ABŞ prezidenti onun təhlükəsizliyinin NATO-ya daxil olmadan da təmin oluna biləcəyini söyləyib.
ABŞ prezidentinin rahat və arxayın danışmasının səbəbi Vaşinqtonun Rusiyadakı mövcud durum barəsində səhih məlumata malik olması və Ukraynaya göstərilən dozalaşdırılmış yardımlar vasitəsilə müharibənin gedişini nəzarətdə saxlaya bildiklərinə bağlıdır.
Rusiyanın strateji planında Ukraynanı taqətdən salmaq varsa, çox böyük ehtimalla bu, baş verməyəcək. Əksinə, əgər ABŞ və Avropa yenidən hansısa bəhanələrlə silah tədarükünü kəsməz və ya xeyli ləngitməzlərsə, bu dəfə Rusiyanın özü taqətdən düşməyə başlayacaq.
Obyektiv gerçəklik var və Rusiya bundan qaça bilməz. Qərb Ukraynanın arxasında dayanarsa və onun döyüşdə məğlubiyyətə uğramasında maraqlı olmazsa, ruslar yorulacaq. Çünki nə qədər böyük insan sayına, maddi və texniki resursa malik olmasına baxmayaraq, Rusiyanın imkanlarının müəyyən həddi var və heç də hər şey tükənməz deyil.
Rusiyanın sarsılması özüylə bərabər yeni ssenarilər gətirəcək və onda Vladimir Putinin iki seçimi qalacaq.
Birincisi, Rusiya zəbt etdiyi əraziləri saxlamaq üçün bütün cəbhə boyunca “Suravikin xətti”nə bənzər eşalonlaşdırılmış müdafiə istehkamları yaratmalıdır. Halbu ki, kritik məqamda heç bu da xilas yolu deyil.
İkincisi, Rusiya işğal etdiyi ərazilərdən çəkilməlidir. Bu isə Putinin təkcə hakimiyyətdən uzaqlaşdırılması yox, həm də onun fiziki məhvi ilə yekunlaşa bilər. Deməli, vəziyyət mürəkkəbdir və müharibənin necə bitəcəyi Qərbin geostrateji planına bağlıdır.
Vaqif Nəsibov