Şəki rayonun Baş Göynük kənd orta məktəbinin 42 il öncə məzun olan şagirdlərindən 15 nəfəri Şəki şəhərindəki möhtəşəm “Ağ qaya” ailəvi restoranında bir araya gəlib.
Tədbiri giriş sözü ilə açan sinif rəhbəri olmuş , Rəsul Rəsulov məzunların 42 ildən sonrakı görüşünü yüksək dəyərləndirərək deyib: “Şagird yoldaşlarının belə görüşlərini sözlə ifadə etmək çox çətindir, bu hissləri yaşamaq lazımdır. Siz məzunlar bu gün həmin hissi yaşayırsınız. Mənə məlumat verildi ki, məzunların arasında elələri var ki, 40 ildir bir-birini görmürlər. Bu görüş müəyyən mənada onların da həyatını dəyişəcək. Siz bu gün 10 il qucağında təhsil aldığınız, sizin üçün xoş olan gözəl bir məkandasınız. Doğrudur, Sizdən sonra burada çox şeylər dəyişib, amma xüsusi olaraq onu da vurğulamaq istərdim ki, hazırda məzun olduğunuz məktəbə rəhbərlik sinif yoldaşınız olmuş Sadəddin İbrahimov tərəfindən icra olunur.
Mən istərdim ki, siz kəndimizə ziyarətiniz zamanı doğma məktəbimizdə sinif otaqları, laboratoriyaları, tədris resursları və kitabxanası ilə yaxından tanış olasınız. Məktəb məzunları ilə sıx əlaqənin qurulması həm məzunların özləri, həm də hamımız üçün faydalıdır”.
Sonra tədbir Sadəddin İbrahimovun moderatorluğu ilə davam edib.
Məktəbin 1982-ci il məzunu, hazırda “Azərsu” Regional Su İdarəsinin müdiri Bayram Məmmədov tədbirin təşkilinə mənəvi dəstək verən sinif rəhbəri Rəsul müəllimə təşəkkürünü bildirdikdən sonra qeyd edib ki, bu görüş məktəb-məzun əməkdaşlığının ən yaxşı formasıdır. Belə görüşlər həmişə olub, yaxşı bir ənənədir, qoruyub saxlamaq və inkişaf etdirmək lazımdır. Sonra o, siniflə bağlı xatirələrini bölüşüb. Dünyasını dəyişən müəllimlərini və sinif yoldaşlarını hörmət və ehtiramla xatırladıb.
Sonra tədbirdə iştirak edən məzunlar bir-bir söz alaraq xatirələrini paylaşıblar – Balı Əsgərov, Səbirə Məmmədova, Nüsrət Kərimov, Məmməd Əhmədoğlu öz çıxışlarında bildiriblər ki, bu görüş onlar üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki nə şagirdlər müəllimlərini, nə də müəllimlər şagirdlərini unutmayıb.
Şagir olduğu illərini kövrək xatirələrlə yad edən məzunlar sonda göstərdikləri diqqətə görə Sadəddin müəllimə dərin təşəkkürlərini bildiriblər. Görüşdən sonra məzunlar xatirə şəkli çəkdiriblər.Daha sonra istirahətlərini əvvəlcə “ Şəki park” istirahət mərkəzində, daha sonra isə doğma yurddakı “ köçə bağı” kafesində çay süfrəsi arxasında davam etdiriblər.
Qələmə aldı, məzun Məmməd ƏHMƏDOĞLU