Əvvəlcə xatırladaq ki, redaksiyamıza daxil olan məlumatın dəqiqləşdirilməsi üçün 14 may 2024-cü il tarixli, 003/291 saylı İnformasiya sorğusu ilə AR- Mədəniyyət naziri cənab Adil Kərimliyə “ 2012-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 maddəsi üzrə məhkum edilmiş 65 yaşlı Rəsulov İbrahim Allahyar oğlunun hansı zərurətdən Şəki 4 saylı uşaq musiqi məktəbinə 1 aprel 2024-cü ildə yenidən direktor təyin edilməsi» barədə sorğu göndərilmişdir:
Hörmətli Adil müəllim,
Etibarlı qaynağımızın redaksiyamıza təqdim etdiyi rəsmi sənəddən aydın olmuşdur ki, 2001-2004-cü illərdə Şəki şəhər Mədəniyyət şöbəsinin müdiri işləmiş, külli-miqdarda ( 55000 manat) dövlət əmlakını mənimsədiyinə görə əvvəlcə vəzifəsindən kənarlaşdırılan və 2012-ci ilin 12 oktyabr tarixli Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında Cinayət Məcəlləsinin 179.3.2 maddəsi üzrə 7 il azadlıqdan məhrum edilmiş məhkum edilmiş 65 yaşlı Rəsulov İbrahim Allahyar oğlunun hansı zərurətdən Şəki 4 saylı uşaq musiqi məktəbinə 1 aprel 2024-cü ildə yenidən direktor təyin edilmişdir?
Digər sorğumuz “ Dövlət vəsaitin mənimsənilməsi” bağlı olmuş və 31 may 2024-cü il tarixli, 003/335 saylı rəsmi məktubla cənab nazirə müraciət edilmişdir
Çox təəsüflər olsun ki, cənab nazir heç bir rəsmi sorğumuza bu günədək bizə məlum olmayan səbəblərdən cavab verməmişdir. Ona görə də Şəki 4 saylı uşaq musiqi məktəbinə director təyin olunmuş İbrahim Rəsulov barəsində təqdim edilən məlumatlar əsasında bir neçə araşdırma məqaləsi yazmışıq.
Direktor İbrahim Rəsulov onun barəsində İfadetv.com portalında gedən yazılarla bağlı öz etirazını bildirmiş və onun da Mədəniyyət Nazirliyinə yazılanlarla bağlı həqiqətlərin necə olmasını əks etdirən 29 iyul 2024-cü il tarixli izahatını redaksiyamıza təqdim etmişdir. Biz qarşı tərəfə hörmət əlaməti olaraq izahatda təqdim edilən sənədlər əsasında yazılanların nöqtə və vergülünə toxunmadan olduğu kimi dəyərli oxucularımıza təqdim edirik:
Şəki şəhər 4 nömrəli Uşaq Musiqi
məktəbinin direktoru Rasulov İbrahim
Allahyar oğlu tərəfindən
M Ü R A C İ Ə T
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “İFADƏTV.COM” saytından Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru İbrahim Rasulovun,yəni mənim fəaliyyətim ilə bağlı daxil olmuş anonim məktubu oxudum, bu barədə Sizin sayta məlumat vermək üçün izahat verirəm.
“İFADƏTV.COM”-da göstərilir ki, 2016-2021-ci illəri əhatə edən bircə faktı qeyd etmək kifayətdir ki, cənab direktorun iştah dərəcəsini ölçmək mümkün olsun.Belə ki, Şəki 4 saylı Uşaq Musiqi Məktəbinin Bəxtiyar adlı müəllimi 2015-ci ildə 63 yaşında təqaüdə çıxsa da, İ.Rasulov onun işdən azad edilmə əmrini 20 aydan sonra yəni 2017-ci ildə vermişdir.Bu da o deməkdir ki,təqaüdə çıxmış Bəxtiyar müəllimin adı “ölü can” kimi işdə yazılmış və əməkhaqqını isə cənabi direktor mənimsəmişdir.Bəli,Maliyyə nazirliyinin peşəkar komandası tərəfindən bu kimi faktların gözdən yayınması mümkün ola bilməz.Və sonda verilən məlumata görə İ.Rasulov yoxlama komissiyasını razı salmaq üçün ən ciddi maliyyə maxenasiyalarını onların köməkliyi ilə ört basdır etmək üçün kifayət qədər vəsaiti yenidən evdən gətirib düz-qoş edibdir.2021-ci ildə yoxlama komissiyasını “yola salan” dan sonra İbrahim müəllim özünə qara rəngli ”PRADO” markalı CİP alıb ondan şikayət edənlərə gözdağı verməyi də unutmamışdır.Halbuki, evində digər bahalı CİP avtomobili olan ağ rəngli “Toyota LEXUX” markalı bahalı avtomobili indi də həyətində toz basmış formada qalıbdır.
Bu məsələ ilə bağlı bildirirəm ki, məktəbin müəllimi olmuş Mustafayev Bəxtiyar Cabbar oğlu 15 yanvar 2016-cı il tarixdə 65 yaşının bitməsilə bağlı mövcud qanunlara əsasən işdən azad edilmiş,axırıncı haqq-hesabı ödənilmiş,dərsləri məktəbin müəllimləri arasında bölünmüşdür. (sənədlər əlavə olunur) Mustafayev 04.02.2016-cı ildə əmək kitabçasını götürmüşdür. Həmçinin qeyd edirəm ki, mənim heç vaxt “Toyota LEXUX”markalı avtomobilim olmamışdır.
“İFADƏTV.COM”-da göstərilir ki, Şəki şəhərində 2 il öncə “Ağ Qaya”restoranında mədəniyyət işçilərinin qazilərimizə təşkil etdikləri ziyafət mərasimində cənab İ.Rasulov bəyan etmişdir ki, mən prinsipə görə direktor vəzifəsinə qayıdacağam və işdə bir iki nəfəri cəzalandıracağam.
Bununla bağlı bildirirəm ki, qazilərlə görüşə heç vaxt dəvət olunmamışam və olmadığım yerdə nə isə fikir söyləməyim mümkünsüzdür.Eyni zamanda işlədiyim son üç ayda heç bir işçini cəzalandıraraq işdən azad etməmişəm.
“İFADƏTV.COM”-da göstərilir ki, 2021-ci ildən direktor vəzifəsindən azad edilən İ.Rasulovun adı 4 saylı Şəki Uşaq Musiqi məktəbində 27 saat dərs yükü ilə adi müəllim kimi jurnalda getsə də, faktiki olaraq bir o qədər dərs yükü ilə dostu Sərdar Şərifovun direktoru olduğu Şəki Regioanal Musiqi kollegində onu işlə təmin etmişlər.
Bildirirəm ki, 08 oktaybr 2021-ci ildən 01 aprel 2024-cü il tarixinədək Şəki 4 nömrəli Uşaq Musiqi məktəbində 24 saat əsas, Şəki Regional Kollecdə isə 6 saat əvəzçiliklə müəllim işləmişəm.(sənədlər əlavə olunur)
“İFADƏTV.COM”-da göstərilir ki, Rasulov İbrahim son günlər Şəkidə özü kimilərin yanında ifadətv.com saytı barəsində ağzına gələnləri danışmaqla məşğuldur.Bu məsələ ilə bağlı qeyd edirəm ki, sözügedən sayt barəsində heç bir fikir səsləndirməmişəm.
“İFADƏTV.COM” –da göstərilir ki, Rasulov İbrahim Allahyar oğlunun hansı zərurətdən Şəki 4 saylı Uşaq Musiqi məktəbinə 1 aprel 2021-cü ildə yenidən direktor təyin edilməsi hazırkı kollektiv arasında da birmənalı qarşılanmamasından bəhs edilmişdir.5 il məhkum ola-ola 2012-ci ildən 2021-ci ilədək yenə 4 saylı uşaq musiqi məktəbinə əsassız olaraq rəhbərlik edən İbrahim müəllim Rasulovun son 5 illik iş fəaliyyəti 2021-ci ildə Maliyyə Nazirliyinin yoxlama komissiyası tərəfindən geniş araşdırılan zaman yenə də dövlət vəsaitinin külli-miqdarda mənimsənilməsi kimi ciddi maliyyə maxenasiyalarına yol verdiyi aşkar edilmiş və məhkum direktor yenə vəzifəsindən azad edilmişdir.
Bu məsələ ilə bildirirəm ki, mən 08 oktyabr 2021-ci il tarixində sabiq Mədəniyyət naziri Anar Kərimovun tapşırığına əsasən Şəki Regional Mədəniyyət idarəsinə rəis müavini təyin olunmağımla bağlı məndən ərizə alındıqdan sonra öz ərizəmə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin”a” bəndinə əsasən Şəki Regional Mədəniyyət idarəsi tərəfindən məktəb direktorluğundan azad edilmişəm.
Həmçinin bildirirəm ki, Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti AR Baş Prokurorluğunun təqdimatına əsasən Maliyyə nazirliyinin mütəxəsisləri tərəfindən 2016-cı ilin sentyabr ayından 2021-ci ilin 01 iyun tarixinə qədər olan dövr təftiş olunmuş, məktəbin və məktəbin həmin dövrdə direktoru olan mənim fəaliyyyətimdə cinayət xarakterli hər hansı qanunsuz hərəkətə yol verməyim müəyyən edilməmişdir.(sənədlər əlavə olunur)
“İFADƏTV.COM” – da göstərilir ki, 2012-ci ildə Cinayət Məcəlləsinin 179.3.2 maddəsi üzrə məhkum edilmiş 65 yaşlı Rasulov İbrahim Allahyar oğlunun hansı zərurətdən Şəki 4 saylı Uşaq Musiqi Məktəbinə 1 aprel 2024-cü ildə yenidən direktor təyin edilmiş”barədə 17 may 2024-cü il tarixində göndərdiyimiz informasiya sorğusuna cavab vermədiyi üçün bu istiqamətdə apardığımız araşdırmanı dəyərli oxucularınızın diqqqətinə çatdırmaq istəyirik. Belə ki, etibarlı qaynağımızın redaksiyamıza təqdim etdiyi rəsmi sənəddən aydın olmuşdur ki, 2001-2004-cü illərdə Şəki şəhər Mədəniyyət Şöbəsinin müdiri işləmiş,külli-miqdarda (55000 manat)dövlət əmlakını mənimsədiyimə görə 2004-cü ildə vəzifəsindən kənarlaşdırılan və 2012-ci ilin 12 oktyabr tarixli Şəki Ağır Cinayətlər Məhkəməsininin hökmü əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 maddəsi üzrə 7 il azadlıqdan məhrum edilmişdir.Sonradan hakimlərin marağı dairəsində hökmün əsassız olaraq 5 il şərti cəza ilə əvəz edilərək məhkum edilmiş 65 yaşlı Rasulov İbrahim Allahyar oğlunun hansı zərurətdən Şəki 4 saylı Uşaq Musiqi məktəbinə 1 aprel 2024-cü ildə yenidən direktor təyin edilməsi hazırkı kollektiv arasında da birmənalı qarşılanmamışdır.
Bildirirəm ki, 2001-2004-cü illərdə Şəki şəhər Mədəniyyət şöbəsinin müdiri vəzifəsində işlədiyim dövr 2010-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təftiş olunaraq iş məhkəməyə göndərilmiş və Azərbaycan Respublikasının Ali məhkəməsinin hökmünə əsasən mən qalıb işimdə işləməklə 3(üç) il şərti iş almışam.Həmin 3(üç) il və sonrakı dövrlərdə mənim fəaliyyətimdə, eləcə də 2016-2021-ci illəri əhatə edən dövrdəki fəaliyyətim zamanı heç bir cinayət xarakterli işim olmamışdır. (sənəd Sizə göndərilib) Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 2021-ci il tarixli təqdim etdiyi arayışdan da göründüyü kimi mənim üzərimdə məhkumluq yoxdur.Mən məktəb direktoru təyin olunandan sonra Regional Mədəniyyət İdarəsi tərəfindən təqdimatımda məktəb kollektivi tərəfindən məmnunuiyyətlə qarşılanmışam.
Tarix:29 iyun 2024-cü il
İzahatımı özüm yazdım və imzamla təsdiq edirəm. /Rasulov İbrahim Allahyar/
P.S. Əgər 14 may və 31 may 2024-cü il tarixli informasiya sorğularımıza Mədəniyyət və Maliyyə nazirləri özlərini Qanunlarımızdan üstün tutmayaraq vaxtında cavab versəydilər biz də ağsaqqal ziyalı İbrahim Rəsulov barəsində verilən məlumatları daha dəqiq və dolğun formada, yəni olduğu kimi rəsmilərə istinad edib oxucularımıza çatdıra bilərdik. Bir daha İbrahim müəllimə işlərində bir az ehtyatlı olmaqla uğurlar arzulayırıq.
İfadetv.com