Amerika mətbuatı Venesuela hadisələrini və Vaşinqton və İran arasında gərginliyin artmasını yanlış yozur. Qarşı duran tərəflərin ziddiyyətli ifadələrindən nəsə başa düşmək praktik olaraq mümkün deyil. Buna görə də bu hadisələrin analizi faktlar yoxlandıqdan sonra və bu ölkələrin siyasi gedişinin müxalifliyi nəzərə alınmaqla aparılmalıdır.
Ağ Evin və Pentaqonun yeni siyasəti
ABŞ-da 2018-ci il 6 noyabr parlament seçkiləri prezident Trampı Nümayəndələr Palatasındakı çoxluqdan məhrum edib. Demokratik Partiya prezidentin istefasını o zaman qaçılmaz sayırdı.
Prezident öz istefasına haqq qazandıracaq heç nə etməmişdi, amma ölkənin iki əsas siyasi gücü arasında Şimal və Cənubun savaşı (1861-1865-ci illərdə ABŞ-da vətəndaş savaşı-tərc.) zamanındakına bənzər isterik qovğa qopmuşdu. İqtisadi kürəsəlləşmə tərəfdarları iki il dalbadal hədər yerə rus izini arayır və prezident Trampın dövləti xəyanəti ilə bağlı prokuror Robert Müllerin nə vaxt sübutlar təqdim edəcəyini gözləyirdilər.
Robert Müller federal dövlətin maraqlarını Həqiqət və Hüquqdan həmişə üstün tutub. Lokerbidəki terakta (1988-ci ildə həmin şəhər üzərində 270 sərnişinin həlakına səbəb olan Boeing 747-dəki terakt nəzərdə tutulur-tərc.) görə Liviya izini sonradan Şotlandiyanın hüquq-mühafizə qurumları tərəfindən təkzib edilən yalan dəlillər əsasında o uydurub. Oxşar olaraq iddia edib ki, 2001-ci il 11 sentyabr teraktını 19 müsəlman – üç təyyarəni ələ keçirən hava quldurları həyata keçirib, amma onlar sərnişin siyahısında olmayıblar. Belə ki, onun rus izini araşdırmaq üzrə nəticələr qabaqcadan bəlli idi.
Donlad Tramp prezident postunu saxlamaqdan ötrü Dərin dövlətlə sövdələşməyə getməyə məcbur idi. Onun başqa seçimi yox idi. Qərara alınıb ki, Ramsfeld-Sebrovski planı gerçəkləşdiriləcək, amma ölkənin böyük savaşa çəkilməyəcəyi şərtilə. Prokuror Müller bundan sonra tüpürdüyünü yaladı və bildirdi ki, prezident Tramp heç bir dövləti xəyanət etməyib.
Qırğılar bu müddətdə isə yeni mühafizəkarların hakimiyyətə qayıdışını təmin etməyə nail olublar. Nyu-Yorkdan Amerika Yəhudi Komitəsi ətrafında birləşmiş bu trotskiçi qrup Ronald Reyqanı öz tərəfinə çəkib. Reyqan “dünya inqilabı” əvəzinə yeni “ABŞ-ın dünya imperializmi” ideyasını tətbiq edib. Prezidentin rəngindən – respublikaçı, yaxud demokrat – asılı olmayaraq bu ideya ABŞ-ın bütün administrasiyalarında üstün olub. İndiyədək yeganə istisna Tramp administrasiyası idi, amma onun maliyyələşdirdiyi ABŞ Millli Demokratiya Fondu və Sülh İnstitutu ona dəstəyi davam etdirir.
Dövlət katibi 2019-cu il yanvarın 25-də Venesuela dosyesini Elliot Abramsa tapşırıb. Onun adı hər cür yalan və manipulyasiyalara bağlıdır. Bu personaj 1981-85-ci illərdə “İran-kontras” və 2003-cü ildə İraqa qarşı savaş əməliyyatlarının memarlarından biri olub. O, təyinata qədər ABŞ SQ-nin Cənub Komandanlığı (SouthCom) ilə birgə qanuni seçilmiş prezident Nikolas Maduronun devrilməsində iştirak edib.
Bu gün Yaxın Şərqdə 15 il boyunca gerçəkləşdirilmiş Ramsfeld-Sebrovski strategiyası və admiral Kurt Tiddin hazırladığı, Stella Kalloninin 2018-ci ilin mayında bəhs etdiyi Cənub Komandanlığının planı da bizə bəllidir. Bu gün baş verənlər isə onun aşkar gerçəkləşdirilməsidir.
Venesuela fiaskosu
Venesuela kəşfiyyatının rəisi, general Manuel Fiqeranın xəyanətinə və məhz öz həbsindən qabaq həyata keçirməyi düşündüyü dövlət çevrilişinə baxmayaraq, Amerika əməliyyatının iflası Cənub Komandanlığı planının yetərli şəkildə hazırlanmadığından, ya da, çox ehtimal ki, Venesuela cəmiyyətini tanımamaqdan xəbər verir. ABŞ-ın bu məsələ üzrə üç il boyunca işləyən dövlət aparatı bu ölkədə işləyən təşkilat və agentlərin uyğun işini təşkil etməkdə bacarıqsız olub. Yeridilən hərc-mərcliyə baxmayaraq, Bolivar ordusu öz ölkəsini qorumağa hazır olub.
Vaşinqton, Lima Qrupu ölkələri (Meksika istisna olmaqla) və onların müttəfiqləri tərəfindən Xuan Quaydonu Nikolas Maduronun yerinə qanunsuz olaraq Venesuela prezidenti kimi tanımaq ABŞ düşərgəsini həllolunmaz propblemlərə düçar edib.
…Vaşinqton 2003-cü ildə İraqa, 2005-ci ildə İrana və 2011-ci ildə Liviyaya münasibətdə edildiyi kimi Venesuelanın xaricdə yerləşən əsas aktivlərini bir neçə həftə ərzində mənimsəyib. BHFP sayəsində İrandan savayı bu pullar qanuni sahiblərinə qaytarılmayıb. İraq və Liviya rejimləri devrilib, yeni hökumətlər isə işi məhkəməyə verməkdən çəkinib. Bolivar Respublikasına gəlincə, duruş gətirib və ABŞ-ın mövqeyi heç bir tənqidə tab gətirmir.
Daha kiçik səviyyədə Vaşinqtonun Venesuela səfirliyi ilə necə davrandığını seyr etmək maraqlıdır. Polislər səfirliyin işçilərini qovalayır və onların yerinə Xuan Quaydonun göstəridyi komanda təyin olunur. Lakin səfirliyin qanuni işçiləri getməkdən imtina edir, ancaq onların suyunu bağlayıb və elektrikini kəsiblər. Afrika amerikalısı pastor Cessi Cekson bir müddətdən sonra onları yeməklə təmin edərək yardım olub. Nəticədə onlar yenə də ABŞ-dan qovulub və Vaşinqton indi özünə necə haqq qazandıracağını bilmir.
Donald Tramp final fiti verərək öz qoşunlarını güzəştə çağırıb: Maduronu devirmək, amma əsil savaşa girişməmək. Prezident Tramp sadiq ceksonçudur (1829-1837-ci illərdə ABŞ prezidenti Əndryu Ceksonun davamçısı-tərc.), təhlükəsizlik üzrə müşaviri Con Bolton ifrat sağ baxışlara tərəfdardır, hər ikisinə qarşı çıxış edən Elliot Abrams isə yeni mühafizəkardır. Bu üç ideologiya yeni mühafizəkarların üstün olduqları İsraildən savayı heç bir ölkədə hakim deyil. Heç bir şübhə yoxdur ki, bu qoşum çox davam gətirməz.
Dərin dövlət iflasını Venesuelanın üzərinə yıxmağa çalışaraq Elliot Abramsı xilas etmək və Con Boltondan yaxa qurtarmaqdan yana İran təxribatına girişib. Amerika mətbuatı isə, əksinə, birincini müdafiə və ikincini ittiham edir.
Demokratlar Pentaqonla Ağ Ev arasında çat hiss edərək yubanmadan rus müdaxiləsi təhqiqatına başladılar, amma bu dəfə Donald Trampın böyük oğluna həmlə ediblər.
İran dosyesi Venesuelanınkından fərqlənir. ABŞ Bolivar modelinə və bunun Latın Amerikasına yayılmağına mane olmaq üçün 2002-ci ildən başlayaraq Venesuelada əlindən gələni edib. Oranın xalqına qarşı isə yalnız keçən il fəaliyyətə başlayıb. İranlılar isə müstəmləkəçiliyin nəticələrilə XX yüzilliyin lap başlanğıcından üzləşiblər. I dünya savaşı zamanı aclıq və xəstəliklər 8 milyondan çox iranlının həyatını aparıb. Baş nazir Məhəmməd Muzəddihin (mətndə belədir, əslində: Müsəddiq-tərc.) Birləşmiş Ştatlar və Birləşmiş Krallıq tərəfindən 1953-cü ildə devrilməsi və bunun ardınca SAVAK-ın qanlı repressiyalarını təşkil edən nasist general Fəzlullah Zahidinin hakimiyyətə gətirilməsi bütün dünyaya bəllidir. MKİ agentlərinin ABŞ səfirliyinin tutduğu binada cinayət yerində həbsini Qərbdə “diplomatları girov götürmək” (1979-81-ci illər) kimi qələmə verməkdə davam edirlər, amma Vaşinqton bu məsələyə görə beynəlxalq məhkəməyə heç vaxt müraciət etməyib, azadlığa buraxılmış iki dəniz piyadası isə İran versiyasını təsdiqləyib. Qərb 1980-ci ildə İraqdan İrana qarşı savaşa başlamağı tələb edib. Öz silahını isə həm ona, həm də o birinə satıb ki, bir-birini məhv etsinlər, İraq qalib gəlməyə başlayanda isə onun tərəfində durub. Bu savaşda Fransa aviadaşıyıcısı iştirak edib, amma fransızları bu haqda məlumatlandırmayıblar. 600 000-ə yaxın iranlı bu savaşda həyatını qurban verib. Amerikalılar 1988-ci ildə İranın mülki təyyarəsini vurublar. 290 nəfər bu insidentin qurbanı olub, amma ABŞ buna görə hətta üzr də istəməyib. Amerikanın İranın nüvə proqramı üzrə ağır sanksiyalarının mənasızlığından isə danışmamaq daha yaxşıdır: Birləşmiş Ştatlar və İsrail iddia edir ki, Tehran şahın nüvə proqramını gerçəkləşdirməyi davam etdirir. Lakin Benyamin Netanyahunun bu yaxınlarda dərc etdiyi sənədlər şahidlik edir ki, bu, dəlilsiz iddiadır. İnqilab Keşikçiləri, əlbəttə, bomba hazırlanarkən istifadə oluna biləcək, amma özlüyündə kütləvi qırğın silahını ifadə etməyən zərbə dalğaları generatorunu gerçəkləşdirmək üzərində işləyirlər.
İran məhz buna görə nüvə sazişinin (BHFP) maddələrindən birinə əməl etməkdən əl çəkib və tərəflərdən biri, indiki halda ABŞ öz öhdəliklərinə əməl etmədiyi halda ona bu hüquq verilir. Bundan savayı, o, Avropa Birliyinə iki ay möhlət verib ki, öz öhdəliklərinə əməl etməyə razıdırmı? Nəticədə ABŞ-ın kəşfiyyat agentlikləri Ali lider Əli Xamnəinin bəyanatı haqda həyəcan ifadə edərək eyham vurub ki, o, Ərbil və Bağdadda ABŞ diplomatlarına qarşı teraktlar hazırlayır.
Bunun cavabında:
1.Vaşinqton Fars körfəzinə aviadaşıyıcı başda olmaqla zərbə qrupu göndərib və İraqdakı səfirliyindən qeyri-əsas diplomatik personalı təxliyyə edib.
2.Tehranı neft obyektlərinə qarşı sabotajda ittiham edən Səudiyyə Ərəbistanı Vaşinqtonu İrana hücum etməyə çağırıb. Bəhreyn öz vətəndaşlarından İran və İraqı dərhal tərk etməyi tələb edib. “Exxon Mobil” şirkəti öz personalını Qərbi Kurna-1 ərazisindən çıxardıb. 3.Mərkəzi Komandanlığın komandiri, general Kenner Makkenzi əlavə qüvvə tələb edib.
4.“New York Times” qəzeti 120 000 Amerika əsgərinin iştirakı ilə İrana müdaxilə planı haqda məlumat verib.
Bütün bunlar çox da ciddi deyil.
Mətbuatın iddialarına baxmayaraq:
1. Amerika kəşfiyyat xidmətlərinin diplomatlara mümkün hücum haqda məlumatı Əli Xamnəinin Bələdçisindəki bəyanata əsaslanır. Lakin ekspertlər bu fikirdə düz gəlirlər ki, bu sənədin başqa sayaq izahı da mümkündür.
2. ABŞ-ın dəniz zərbə qruplaşması Körfəzə İranı təhdid etmək üçün göndərilməyib. Onun göndərilməsi dəniz bazalı “AEGIS” RƏM sistemini sınaqdan keçirmək üçün qabaqlar planlaşdırılıb. İspaniyanın bu yürüşə qatılmalı olan “Méndez Núñez” freqatı bu missiyadan imtina edib, Hörmüz körfəzinə girməyib və indiki anda Bab-əl-Məndab boğazında qalmaqdadır.
3. İraqdan diplomatik personalın çıxarılması mart və apreldə Əfqanıstandan bənzər çıxışı yada salır. Bu, diplomatik vəzifələrin ixtisarı ilə bağlıdır və savaş ilə heç bir ümumiliyi yoxdur. Və bu, Rusiya ilə razılaşdırılıb.
4. Xüsusən də İraqdakı İranyönlü milis birləşmələri olmasaydı, ABŞ-ın bu ölkədəki mövqeyi xeyli zəifləyərdi.
Təəssüf ki, İran hökuməti prezident Tramp və komandası ilə istənilən təmasdan imtina edir. Unutmaq olmaz ki, şeyx Həsən Ruhani parlamentari olarkən “İran-kontras” işi üzrə ilk təmasa girən olub. O, Elliot Abramsla şəxsən tanışdır. O, Dərin dövlətin, nəticədə İranda ən böyük milyarder olan ayətullah Haşimi Rəfsəncani ilə əlaqəsini təmin edib. ABŞ-ın məhz bu xidməti sayəsində prezident seçkilərinə qatılmaqda rədd cavabı alan Mahmud Əhmədinejadın komandasını enmək mümkün olub, onun komandasının üzvləri isə bu gün həbsdədirlər.
O, hesab edir ki, Donald Trampın İraın nüvə proqramı üzrə sazişdən çıxmağı onu devirmək üçün 2017-ci ilin dekabrından xalqın qəzəbindən istifadə etməyi nəzərdə tutur. O, qabaqkı kimi hesab edir ki, Avropa Birliyi onunla bir yerdədir, amma Maastrixt müqaviləsi və sonrakılar Brüsselə NATO xəttindən yayınmaq imkanı vermir. O bu əsasla Donald Trampın danışıqlar aparmaq haqda təklifini iki dəfə rədd edib və kürəsəlçilərin Ağ Evə dönüşünü gözləyir.
Hökumətin belə tərkibi ilə əsil savaşa yuvarlanmağı istisna etmək olmaz. Lakin Ağ Ev və Kreml daim təmasdadır. Nə ABŞ dövlət katibi Mayk Pompeo, nə də həmkarı Sergey Lavrov bu cəncələ qarışmaq niyyətindədirlər.
Tyerri Meysan
İfadetv.com