Artıq VII Çağrış Milli Məclis öz fəaliyyətinə start verib. Ancaq yeni formalaşan parlamentin işində diqqət çəkən məqamlardan biri də müxtəlif inzibati hüquq pzuntularına görə cərimələrin kəskin şəkildə artırılması oldu.
Minimum əmək haqqının 345 manat olduğu ölkədə adi yol qaydası pozuntusuna görə ağlasığmaz cərimə məbləği nəzərdə tutulur.
Gununsesi.info-nun qonağı olan YAP-çı deputat Elman Nəsirovla, Milli Məclisin fəaliyyətindən tutmuş ABŞ-Azərbaycan gərginliyi və sair mövzular ətrafında söhbətləşdik.
– Elman bəy, VII çağırış Parlament fəaliyyətə başlayan kimi cərimələrin miqdarını artırdı. Belə bir fikir var ki, Milli Məclis problem həll edən qurumdan daha çox cərimə artıran quruma çevrilib. Razısınızmı?
– Dünyada 8 milyarddan artıq insan var. Elə o qədər də mövqe və fikir var. Mən bunu bilirəm ki, fəalsansa, mövqeyin varsa, bu da müzakirə olunacaq. Parlament mövqeyini qoyubdur. Onun funksiyası qanunlar qəbul etməkdir. Qanunvericilik təşəbbüsü olan qurumlardan bizə qanunlar daxil olur, eyni zamanda Parlament özü də qanun qəbul edir.
– Amma orada əyləşənlər özlərini millətin vəkili sayırsa, o layihəni geri də qaytara bilər…
– O qanunların mahiyyətinə baxın, pis olan nədir? Qanun nə deyir? Deyir, inzibati də olsa, xəta törətmə. İndi qanun yumşaq olanda, cəza miqdarı az olanda törətmək olar? Sizə bir maraqlı fakt söyləyim. Xatırlayırsınız, cərimə az olanda hamı hamı avtobus yoluna girirdi. Bu gün isə biz bunun əksini görürük. Demək ki, cərimələrin artırılması insanları məsuliyyətli olmağa vadar etdi. Mənim ixtisasım Birləşmiş Ştatlarla bağlıdır. Orada təhlükəsizlik kəməri ilə bağlı cəzalar əvvəllər yüngül idi. Amma sonra qaldırıb o qədər yüksək etdilər ki, ödəyə bilmək çox çətin oldu, bilməyənlər üçün alternativi də 3 il müddətində həbs idi.
– Yəni vətəndaş şükr etsin ki, həbslə yox, cərimə ilə canını qurtarır?
– Yox. Sözü özünü demokratiyanın beşiyi sayan dövlətin cəzasına, üsuluna gətirirəm.
– Amma bir şey də var ki, oradakı həyat səviyyəsi hara, bizdə hara. Maaşlara baxmaq kifayətdir. Bu paralellik nə dərəcədə doğrudur?
– Hamı deyir ki, maaş aşağıdır, o qədər cərimə olar? Maaş söhbətini kənara qoyaq, sən inzibati xəta törətməlisən? Yəni ki, belə çıxır, maaş qalxsın, xətaları rahat törət? Axı belə də məntiq olarmı? Təkrar edirəm, hamı avtobus zolağına daxil olurdu. Cərimələr qalxdı. Görün, indi nə qədər maşın girir ora? Əsas olan budur ki, qanun var və ona hörmət etməlisən.
– Elman bəy, Parlamet dövlətin məsuliyyətini bölüşən ikinci ali hakimiyyət orqanıdır. Cəmiyyətdə belə fikirlər var ki, Milli Məclis xalqın taleyinə biganədir. Hökumət üzərində ciddi nəzarət yoxdur. Ancaq qanunlar qəbul edir, hazır büdcə layihələrini təsdiq edir…
– Mən bayaq söylədim. Fikirlər müxtəlifdir. Siz belə deyirsiniz, başqası başqa cür. Parlamentin əsas funksiyası qanunvericilik aktlarını qəbul etməsidir. Amma bu gün çox güclü bir Parlament diplomatiyası da formalaşıb. Sahibə xanım Qafarovanın dövründə çox dinamik şəkildə bunu gördük. Milli Məclisin necə bir hücum diplomatiyası apardığını görürsünüz. Digər bir istiqamət odur ki, büdcəni Parlament təsdiqləyir. Bundan başqa, hökumətin, Ombudsmanın, Hesablama Palatasının hesabatını dinləyir. Milli Məclisin hansı vəzifəsi varsa, onu da layiqincə edir.
– Bu seçkilərdə seçicilər sizdən nə istəmişdilər və siz onu Payız sessiyasının İşlər Planına təklif etdinizmi?
– VII çağırış Parlament dövründə bir məsələ qaldırmışdı. Məsələ o idi ki, İran İslam Respublikası ilə həmsərhəd olan kəndlərimiz var və o kəndlərin yolu bərbad vəziyyət idi. Deyilmişdi ki, qısa müddətdə yol çəkildisə, əla, çəkilməsə, biz çıxıb gedəcəyik. O kəndlərin boşalması təkcə demoqrafik, iqtisadi yox, həm də siyasi məsələ idi. Seçicilərimin xahişini yığıncaqda səsləndirdim və əlaqədər qurumlarla danışdıq, nəhayət, 20 kəndə (36.2 km) yol çəkildi. Bizə dövlətimizin başçısı deyir ki, seçicinin içində ol, problemlərini öyrən. Biz də onu edirik. Belə nümunələr çox çəkə bilərəm.
– Elman bəy, parlamentin hücum diplomatıyasından danışdınız. Yeri gəlmişkən, Milli Məclis də ABŞ-a hücum edir. Biz bilirik ki, Qərb və Rusiya arasında da Cənubi Qafqaz uğrunda savaş gedir. Hər zaman xarici siyasətimizdə balanslı siyasət apardığımızı desək də, son proseslərdə ağırlıq mərkəzi, elə bil, bir az Rusiyanın üstünə salınıb…
– Əvvəla, Milli Məclisin 43 deputatının Ceyhun Bayramova müraciəti Birləşmiş Ştatlar Konqresinin dövlət katibinə müraciətinə bizim adekvat reaksiyamız idi. İkincisi, Azərbaycana qarşı qaldırılan məsələyə baxın. Guya biz Qarabağı işğal etmişik, etnik təmizləmə siyasəti həyata keçirmişik və Xocalı soyqırımını törədən caniləri əsir saxlayırıq. Bu, onların bizə ittihamıdır və buna görə də sanksiyalar tətbiq etmək istəyirlər, bizi bununla hədələyirlər və bizim də buna etirazımız var. Sizə konkret bir şey deyim. Amerika Birləşmiş Ştatlarının nə ayrılıqda Azərbaycan siyasəti var, nə Ermənistan, nə də Gürcüstan. Onların Cənubi Qafqaz siyasəti var. Bunu isə artıq diplomatik yox, açıq dillə deyirlər.
– ABŞ deyir ki, biz sizin təhlükəsizliyinizin qarantıyıq.
– Bunu bizə deyən, təhlükəsizlik təmin edən dövlət onu da deyir ki, siz Qarabağı işğal etmisiniz, etnik təmizləmə aparmısınız.
– Ola bilərmi ki, bu cür çıxışlar seçki qabağı Bayden adminstrasiyasının ermənilərdən səs almaq, dəstək almaq siyasəti olsun?
– O zaman belə çıxır ki, ABŞ üçün siyasi maraqlara görə ağ yalanlar demək, ifrita atmaq da olar.
– Bəs insan haqları məsələləri? Təcrübə göstərir ki, siyasi məhbus adlandırılan adamlarla bağlı bəyanatlar var, amma biz deyirik ki, bizdə siyasi məhbus yoxdur. Ortada isə Avropa Məhkəməsinin qərarları və qərarlara görə, hökümətin təzminat ödəməsi faktları var…
– Düz deyirik, bizdə siyasi məhbus yoxdur. Konkret cinayət əməllərinə görə həbs edilən şəxslər var. Bir çox hallarda o şəxslər biləndəki bu yol həbsxanaya aparır, həbs öncəsi siyasi ritorikanı da gücləndirirlər. Bu da aydındır ki, nəyə görə edirlər. Sonradan hay-küy salırlar ki, siyasi məhbus statusu alsın və azadlığa çıxa bilsinlər.
– Bəs necə olur ki, Avropa Məhkəməsi o adamların günahsız olduğunu ortaya çıxardır?
– Mən bu məqamda sizə kontur sual qoymaq istəyirəm. Əgər Avropa Məhkəməsi bu qədər ədalətlidirsə, mənə bircə fakt göstərin ki, Ermənistana qarşı bir təzyiq, sanksiya gördünüzmü?
– Avropa Məhkəməsi Avropa Şurasına üzv ölkələrin Konvensiyalarındakı öhdəliklərinin pozuntusuna dair şikayətlərə baxır. Söhbət milli hökumətin öz vətəndaşlarının hüquq və azadlıqlarına dair öhdəliklərindən gedir…
– Mən də deyirəm ki, Ermənistanla bağlı bir mexanizm işə salsın, tənqid etmək üçün bir mənəvi haqqı olsun da. Bizim də bu halda etimadımız olar. Mən deputat kimi görsəydim ki, Ermənistana qarşı bircə dənə də olsa sanksiya qəbul edib, haradasa, hansısa məsələlərdə hörmət edərdim.
– Elman bəy, dediniz ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bəs Müxalif Partiya olaraq necə, o da yoxdur?
– Var. Parlamentdə təmsil olunan müxalifət var.
– Digərləri nədir bəs?
– AXCP var, amma o radikal müxalifətdir. Milli Şura var, o da antimili Şuradır. Elə fundamental məsələlər var, orada iqtidar-müxalifət söhbəti yoxdur. Müharibə zamanı Beynəlxaq təşkilatlar birlikdə bəyanət qəbul olundu ki, ümumilli məsələlərdə bizdə ayrılma yoxdur. Amma AXCP, Müsavat qoşulmadı. Məşhur bir səhnə var. Gültəkin Hacıbəyli Cəmil Həsənliyə deyir ki, muştuluğumu verin, neftin bir bareli 15 dollara düşüb. Cəmil Həsənli də deyir, tələsmə, onun qiyməti sıfıra düşəndə sənin hədiyyəni verəcəm. Deməli, bunların sevindiyi məsələyə bax. İstəyirlər ki, belə olsun, büdcəyə az pul gəlsin, camaatın güzəranı pisləşsin.
– Bəlkə hesab edirlər ki, neft pulları xalqa çatmır?
– Onlar üçün fərqi yoxdur.
– Elman bəy, illərdir, ölkədə quru sərhədləri də açılmır. Bu da xalqı narahat edir. İmkansız təbəqə şərti cəza alanlar kimi ölkədən çıxa bilmir.
– Səbəb bəlli idi, Koronavirusa görə. Amma sonra Cənab Prezident də qeyd elədi ki, bu, təhlükəsizlik məsələdir. Bu gün bizə iki istiqamətdə təzyiq var. Biri sərhəddir, biri ideoloji.
– İdeloji də sərhədlə bağlıdır?
– Yox, istiqamət olaraq deyirəm. Xaricdən gələ biləcək təhlükələrə qarşı bağlı saxlamışıq.
– Axı bizim Dövlət Sərhəd Xidmətimizin sərhəd-buraxılış, gömrük-keçid məntəqəmiz var. Elə ABŞ hökuməti tərəfindən ən müasir rentgen və texniki avadanlıqlar verilib. Sərhədi qorumaq bu qədər çətindir ki, hansısa bir terrorçunun qarşısını ala bilməyəcəyik?
– Baxın, sərhəd açıq olanda da sərhədçilər öz işini görür. Bağlı olması, sadəcə, xüsusi rejimdir. ABŞ da terror təhlükəsini bildirmək üçün qırmızı rəngdən istifadə edirlər. Sarıda orta, yaşılda da təhlükə yoxdur mənasında. Bizdə də sərhəddin bağlı olması ilə ifadə olunur.
– Bəs yaxşı, sərhəddi bağlı saxlayan hökümət təyyarə biletlərinin qiymətini niyə qaldırır? Bundan sui-istifadə nə dərəcədə doğrudur? Sərhədi bağlı saxlayan hökumət niyə paralel olaraq, biletlərə nəzarət etmir?
– Bilet məsələləri Parlamentdə də müzakirə olunub, biz özümüzdə onun əziyyətini çəkmişik, çünki müqayisədə tez-tez səfərlərdə oluruq. Xeyli deputatın iştirakı ilə keçirilən görüşdə bu məsələ qaldırıldı. İnanın ki, xidmət, qida ilə bağlı AZAL-a çatan yoxdur. Özü də, əvvəlki dövrə nisbətdə qalxma yox, enmə müşahidə olunur. AZAL-ın rəhbərliyi ilə bir qrup deputatının ayrıca görüşü də olmuşdu. Samir müəllim bizə bunun obyektiv səbəblərini açıqladı. Tələbatın artması məsələsi də var. Amma buna baxmayaraq, zaman-zaman xüsusi endirim kampaniyaları təşkil olunur.