Cebhe.info-nun bugünkü müsahibi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur.
S.Cəlaloğlu söhbətimizdə bir sıra maraqlı məqamlara toxunub.
-Sərdar bəy, müsahibəyə Hərbi Qənimətlər Parkı ilə başlamaq istəyirəm. Bu Parkda düşmən üzərində qələbə qazanan Azərbaycan ordusunun əldə etdiyi qənimətlər nümayiş olunur. Amma bu Parka bəzi daxildəki kosmopolit düşüncəli şəxslər, o cümlədən bir sıra xarici qüvvələrdən etirazlar gəlir.
-Əvvəla onu deyim ki, bizə qarşı 30 il düşmənçilik edən ordunu məğlub etmişik. Bu zaman qələbəmizin bütün əlamətləri o parkda nümayiş olunmalıdır. O cümlədən ölən erməni əsgərlərini simvolizə edən dəbilqələr orada olmalıdır və bunun qətiyyən anti-humanizmə dəxli yoxdur. Bilirik ki, ermənilər müharibəyə Bakıya qədər türkləri qırmaq, bizi süngüyə keçirmək arzusu ilə gəlirdilər. Onlara qarşı hər hansı bir humanizm nümayiş etdirmək Gəncədə, Bərdədə ölən günahsız insanların hamısının ölümünə haqq qazandırmaq deməkdir. Parkla bağlı fərqli düşünənlər boğazdan yuxarı, humanizmin nə olduğunu bilməyənlərdir.
Dəbilqələrin orada olması tamamilə düzgündür. Ən azından, simvolozə etməlidir ki, müharibədə 4-5 min erməni əsgəri ölüb. Texnikalar da mütləq sərgilənməlidir. Biz nədə qələbə qazanmışıq? Qələbəmizin mahiyyəti nədir? Texnika, taktika, strategiya, əsgəri qüvvə və istiqamət baxımından müharibədə qələbə qazandıq. Bütün bunlar da o Parkda öz əksini tapmalıdır. Rusiyanın ən müasir tenikasını məhv etmişik və o da orada nümayiş olunmalıdır. Ona görə də düşünürəm ki, Hərbi Qənimətlər Parkı ilə bağlı irad tutan insanlar boğazdan yuxarı vətənpərvərlərdir.
- Məsələn, Fransanın Ermənistandakı səfiri, Norveçin Azərbaycandakı keçmiş səfiri bu Parkı qeyri-humanizm, “vəhşilik” adlandırdı...
-Onsuz da Fransanın Azərbaycana və Ermənistana münasibəti bəllidir. Onlar ermənipərəst mövqe tuturlar, hətta I Dünya Müharibəsində erməniləri türklərə qarşı dəstəkləmişdilər. İndi də erməniləri dəstəkləyirlər. Ona görə də Fransanın bizim haqqımızda nə dediyinə ümumiyyətlə, fikir vermək lazım deyil. Fransa müsəlman xalqlarının düşmənidir. Bir sıra müsəlman ölkələrində soyqırım həyata keçirib. Fransanın tarixi başdan sona qanlı hadisələrlə, vəhşiliklə bağlıdır. Ermənilərin vəhşilikləri ilə fransızların vəhşiliklərini ayırmaq olmaz. Fransızlar erməniləri ona görə dəstəkləyir ki, onlar genetik olaraq eyni xalqdır. Erməni çarı Aşot Parisdə dəfn olunub. Deməli, ermənilər Parisin ətrafında yaşayırmışlar. Sonradan hansısa məsələyə görə o ərzilərdən çıxarılıb. Bu baxımdan, genetik, etnik yaxınlığa görə Ermənistanı dəstəkləyirlər. Ona görə də Fransanın və ya digər xalqlarının bizim qələbəmizi necə dəyərləndirdiyinə qətiyyən məhəl qoymaq lazım deyil. Onsuz da qəhrəman bir xalq üçün qəhrəman, başqa bir xalq üçün düşməndir. Məsələn, Andranik ermənilərin qəhrəmınıdır, amma bizim üçün düşməndir. Eləcə də II Dünya Müharibəsi ruslar üçün qələbədir, almanlar üçün məğlubiyyət. Bu baxımdan, biz qalib xalq olaraq öz iradəmizi göstərməliyik. Bunun üçün Fransanın, ABŞ-ın, Rusiyanın nə dediyinə fikir vermək lazım deyil.
-Maraqlı məqam odur ki, ermənilər İrəvanın mərkəzində hərbi cinayətkar, faşist Qaregin Njdeyə heykəl qoydular, ona heç kim etiraz etmədi...
-Çünki ikili standart, islam ölkələrinə qarşı düşmənçilik var. Dünya bizim başa düşdüyümüz kimi qurulmayıb. Ədalət, qanun məsələsi bizim başa düşdüyümüz kimi deyil. BMT-nin qanunları işləmir. Beynəlxalq hüquq normaları işlək deyil. Ümumiyyətlə, ədalət və əxlaqi prinsiplər işləmir. İndi yeni dünya nizamına doğru gedirik. Hər bir xalq çalışır ki, yeni dünya nizamında daha böyük yer əldə etsin. Bu baxımdan, xalqlar arasında həm odlu, həm “soyuq müharibə” gedir. Ona görə də hətta başqa xalqaların bizim haqqımızda yaxşı deməsi də bizə heç nə ifadə etmir. Belə şeylərə çox da fikir vermək lazım deyil. Peyğənbərin gözəl bir sözü var: Siz düz hesab etdiyiniz yolla gedin, kim nə deyir, desin. Azərbaycan xalqı düz yoldadır.
-Sərdar bəy, xaricdə yaşayan bəzi azərbaycanlılar da fərqli mövqe göstərir. Məsələn, Sevinc Osmanqızı efirdə dedi ki, Hərbi Qənimətlər Parkının yaradılması vəhşilikdir.
-Ümumiyyətlə, bəzi adamlar humanizmin, beynəlmiləlçiliyin nə olduğunu bilmirlər. Məsələn, feminizm dünyada qadınları kişlərin cinsiyyət obyekti olmaqdan xilas etmək istiqamətində hərəkatdır. Bizdə isə qadınların əxlaqsızlıq uğrunda apardığı mübarizəyə feminizm deyirlər. Baxışlar tamamilə yanlışdır. Humanizmdən danışırlar indi, bəs Koreyaya qarşı mübarizə aparan amerikalıya ABŞ-da abidə qoyulmayıb? Onda bu da vəhşilikdir. Rusiyanın bütün şəhərlərində II Dünya Müharibəsini ehtiva edən abidələr var. Sevinc Osmanqızı da bu baxımdan özünü boğazdan yuxarı internasionalist kimi göstərir, Amerikada yaşadığı üçün amerikalıların ruhunu oxşayan mövqe sərgiləyir. Bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur. Əslində orada erməni vəhşiliyinə qarşı Azərbaycanın ədalətli mübarizəsinin, qələbəsinin təntənəsini nümayiş etdirmək lazımdır. Ermənilər Gəncədə gecə yatdığı yerdə iki yaşlı uşağımızı öldürüblər. Bərdədə bazara raket atıb orada olanların başını bədənindən ayırıblar. İlham Əliyev müsahibəsində gözəl bir söz dedi:
Biz düşməçiliyi heç vaxt unutmayacağıq, amma gələcəyə baxıb Ermənistanla əlaqələr quracağıq. Bu Park heç vat erməni-rus birliklərinin Azərbaycana qarşı etdiyi düşmənçiyi unutdurmayacaq gözəl bir məkandır. O Park zənginləşməlidir, daha ciddi döyüş səhnələri nümayiş etdirilməlidir. Ankarada Çanaqqala döyüşlərini əks etdirən məkan yaradılıb, orada olanda elə bilirsən döyüş səhnələrinin içindəsən.
Belə şeylər yaratmaq lazımdır. O Parka gələnlər görməlidirlər ki, bizim düşmənlərimiz kimlərdir.
-Sərdar bəy, Xankəndi məsələsi də son günlərinin gündəminə çevrilib. Hətta ermənilər hazırda Xankəndi və digər ermənilər yaşayan ərazilərə status verilməsini gündəmə gətirirlər. Hətta ATƏT-in Minsk Qrupunun yenidən fəaliyyətə başlaması təklif olunur...
-Beynəlxalq hüquqa görə, status verilməsi məsələsi hər bir dövlətin özünün hürr iradəsidir. Azərbaycan xalqı istəməsə, heç kimi bizi Dağlıq Qarabağa status verməyə məcbur edə bilməz.
Məsələn, İspaniya Katoloniyaya, ABŞ Koliforniyaya, Rusiya Çeçenistana, Tatarıstana niyə müstəqillik vermir? Bunlar boş şeylərdir. Azərbaycanı heç kim status məsələsinə məcbur edə bilməz. İlham Əliyev də açıq şəkildə deyib ki, status məsələsi bitib. Çünki biz o zaman statusa razılaşmışdıq ki, ermənilər dinc yolla işğal olunmuş əraziləri azad etsinlər. Əgər minlərlə əsgər qurban vermişiksə, şəhərlərimiz, kəndlərimiz dağılıbsa, bizə 100 milyard dollardan artıq ziyan vurulubsa, ermənilər məscidlərimizdə donuz saxlayıbsa, hansı statusdan söhbət gedə bilər?
Ümumiyyətlə, indiki halda statusdan danışmaq beynəlxalq hüquqa ziddir. Çünki müharibə nəticəsində ermənilər dinc yolla status əldə etmək hüququnu itiriblər.
-Prezidentin bir müddət əvvəlki çıxışlarında belə bir məqam var idi ki, dövlət qurumları, AZAL, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar Nazirliyi və digərləri Şuşada regional mərkəz açmaq istəyir. İctimai nəzarət güclənməlidir ki, həmin qurumlar Şuşanı zəbt edə bilməsinlər. Hazırda ictimai nəzarətlə bağlı məsələ nə yerdədir? Biz Şuşanı belə məmurlardan qoruya biləcəyikmi?
-Ümumiyyətlə, müxalifətin iştirak etmədiyi heç bir ictimai nəzarət effektli olmayacaq. İqtidarın öz adamlarından və ya bitərəf şəxslərdən ibarət hansı bir qrup yaradılsa, nəticəsiz qalacaq. İndiki təcrübə də bunu göstərir. İndiyə qədər yüzlərlə ictimai nəzarət qrupları yaradılıb, heç biri nə korrupsiyaya qarşı mübarizədə, nə qanunların işləməsində, nə də məmurların fəaliyyətində effektli ictimai nəzarət həyata keçirib. Ona görə də Azərbaycan müxalifətinin iştirakı ilə nə vaxtsa nəzarət mexanizmi yaradılacaqsa, o zaman effektli olacaq.
Əgər Prezident deyirsə ki, Şuşada məmurlar bunu etmək istəyir, bu, o deməkdir ki, ayrı-ayrı rayonlarda onlar bu işi çoxdan həyata keçiriblər. Məsələn, Allahşükür Paşazadə bir neçə il əvvəl Xaçmazda 2 min hektar torpağı geri qaytardı. Məlum oldu ki, o, hansısa yolla 10 minlərlə hektar torpağı alıb. Eləcə də nazirlər, komitə sədrlərinin rayonlarda fermaları, üzüm bağları var. Amma Azərbaycan kəndlisi öz ailəsini dolandırmaq üçün kiçik bir fermer təsərrüfatı yarada bilmir. Halbuki Azərbaycanda işsizliyin aradan qaldırılması, həyat səviyyəsinin yüksəldilməsi məhz fermer təsərrüfatlarının yaradılmasından keçir. Məsələn, Amerikanın kənd təsəsrrüfatı ərazisi ölkənin cəmi 7 faizini təşkil edir. ABŞ həmin 7 faiz həm Amerikanı kənd təsərrüfatı məhsulları ilə təmin edir, həm də dünyanın ən çox kənd təsərrüfatı məhsulu ixrac edən ölkəsidir.
Bizdə niyə alınmır? Çünki bir məmur 10 minlərlə hektarı götürür, onu da gələcək nəsillərinə saxlayır, istifadə də etmir. Ona görə də təkcə Dağlıq Qarabağda yox, işğalda olmamış rayonlarımızda məmurların ələ keçirdiyi torpaqlar xalqa qaytarılmalıdır. Əks halda, Azərbaycanda ərzaq problemini həll etmək mümkün olmayacaq. Bizdə göyərti də xaricdən gətirilir. Çünki Azərbaycanda fermerlər yoxdur. Bəzi məmurlar hansısa xarici şirkətlərlə danışırlar, daxili bazara aidiyyəti olmayan məhsullar əkirlər, bununla da Azərbaycana ziyan vururlar.
-İctimai nəzarətdə müxalifətin rolundan danışdınız. Bəs real olaraq hazırda müxalifətin cəmiyyətdəki nüfuzunu necə qiymətləndirirsiniz?
-Çox yüksək. Məsələn, mən özümə qarşı müxtəlif təbəqələr tərəfindən qeyri-adi səviyyədə yüksək münasibət görmüşəm. Bir həftə televiziyada gec görünəndə, on minlərlə adam müraciət edir ki, filankəs haradadır? Müxalifətəm də mən. Ona görə də əks tərəfin “müxalifət nüfuzdan düşüb” deməsi ilə müxalifət nümuzdan düşmür. Dağlıq Qarabağ müharibəsində hər kəs, o cümlədən bütün dünya Azərbaycan müxalifətinin apardığı təbliğata “5” qiyməti yazdı.
-Müxalifətin daxilində də müəyyən problemlər var. Hətta müxalifətdə olanlar sizin haqqınızda da fərqli fikirlər səsləndirirlər. Müxalifət niyə müxalifətlə mübarizə aparır?
-Ailələrdə də problemlər olur. Bu, təbii haldır. Azərbaycanda müxalifət adında ayrı-ayrı adamların yaratdığı qruplar var ki, onların vəzifəsi bizə qarşı mübarizə aparmaqdır. Biz hansısa nazirə, siyasətə qarşı çıxırıqsa, onlar da dolayısı yolla həmin məmuru müdafiə edirlər. Hər kəs də elə bilir ki, onlar müxalifətdir. Müxalifətdə kimsə hansısa məmurdan maliyyələşir, bizə qarşı çıxır. Hökumətə yaltaqlanmaq üçün də müxalifətə hücum edən qüvvələr var. Digər kateqoriyada isə anlamayanlar var.
Məsələn, bilirəm ki, bu adam mənim tutduğum yolu anlamır. Məcbur olur deyir ki, o, müxalifət deyil, satılıb. Amma sonda böyük əksəriyyəti mən dediyimə gəlib çıxır. Uzun illərdir mənim dediklərimi bu gün Azərbaycan müxalifətinin böyük əksəriyyəti qəbul edib və o yolu gedir. Burada qrupları ayırmaq lazımdır. Bəziləri şüurlu şəkildə bilir ki, belə deyil, amma bizi nüfuzdan salmaq üçün təbliğat aparır. Amma bəziləri yanılırlar. İki cür səhv var: əqli və əxlaqi səhv. Əqli səhv odur ki, düşünə bilmirsən ki, düz və səhv haradadır. Əxlaqi səhv isə odur ki, bilirsən düz haradadı, amma öz maraqları üçün düzə səhv deyirsən. Azərbaycanda o adamların içində əxlaqi yanılanlar daha çoxdur.
-Bəs onlara qarşı mübarizə necə aparılmalıdır?
-Onlara qarşı heç bir mübarizəyə ehtiyac yoxdur. İki əldən səs çıxır, bir əllə heç vaxt səs çıxara bilməzsən. Mən onlara cavab vermirəm. Mən deyirdim ki, Qarabağ müharibəsi başlayacaq, biz qalib gələcəyik, mənə avantürist deyirdilər. Nəticə göz qabağındadır. Mən siyasətçiyəm, həm də nəzəriyyə ilə məşğul oluram. Üç cilddən ibarət siyasi nəzəriyyə ilə bağlı kitab yazmışam. Bilirəm axı, siyasət nədir, proqnozu necə vermək olar. Bəziləri də var ki, deyir siyasətçiyəm, amma siyasət sözünün mənasını bilmir. Əgər o siyasət sözünün mənasını izah edə bilsə, mən siyasətdən gedərəm. Ömründə bir dənə politologiyadan, sosiologiyadan, psixologiyadan kitab oxumayıb, nəzəriyyələrin heç birini bilmir. Necə siyasət aparırsan ki, cəmiyyət quruculuğuna aid olan heç bir mənbədən xəbərin yoxdur?
-Sərdar bəy, ictimai nəzarət məsələsinə yenidən qayıtmaq istəyirəm. Məsələn, əlillik dərəcəsinin verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı kifayət qədər ciddi etirazlar oldu. Müxalifət partiyaları, ictimai şəxslər, aktivistlər dedilər ki, insanlar incidilir, əllik dərəcələri düzgün verilmir. Hələ də problem qalmaqdadır. Bəs bu nəzarət niyə effekt vermədi?
-İki cür nəzarət mexanizmi var. Bir süni, bir də real nəzarətdir. Əks tərəfin iştirak etmədiyi heç bir nəzarət mexanizmi real nəzarət həyata keçirə bilməz. Nəzarət sözünün mənası elə müxalifət deməkdir. Allah -Təala Quranda deyir ki, mən üç iş elədim. Birincisi, yeri-göyü yaratdım. İkincisi, onları nizama saldım. Üçüncüsu isə tərtib etdim. Tərtib sözünün mənası nəzarət etmək deməkdir. Allahın bir adı da Müxalifdir.
-Sərdar bəy, “uşaqpulu” məsələsi ilə bağlı mövqeyiniz necədir?
-“Uşaqpulu” məsələsi mütləq qaydada beynəlxalq hüquqa uyğun tənzimlənməlidir. 18 yaşa qədər bütün uşaqlara “uşaqpulu” verilməlidir. “Uşaqpulu”nun verilməməsi ümumiyyətlə, Azərbaycan xalqına qarşı soyqırımdır və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Beynəlxalq Uşaq Konvensiyasına görə dövlət uşaqların sosial haqlarını qorumağa borcludur və buna görə də sosial siyasət aparmalıdır. Bəziləri deyir ki, birinci uşağa, iki uşağa “uşaqpulu” vermə, bu nə deməkdir? Qanun qarşısında bərabərlik var, uşaqlar da qanun qarşısında bərabərdir və dövlət tərəfindən tək “uşaqpulu” yox, paltar, yemək, təhsil verilməlidir. Beynəlxalq Konvensiyada uşaqlarla bağlı dövlətin üzərində çox böyük öhdəliklər qoyulub.
-Təhsil məsələsinə toxundunuz... Pandemiya dövründə təhsil sistemi yaranmış vəziyyətin öhdəsindən gələ bildimi?
-Koronavirus bir çox ölkələrin səhiyyə, təhsil sistemində böyük nöqsanlar üzə çıxardı. Təbii ki, Azərbaycanda da müəyyən qüsurlar var. Məsələn, mənim yoldaşım müəllimdir. Nəvələrim oxuyur. Əyani təhsildən fərqli olaraq, onlayn təhsildə müəyyən aşağı salınma var. Amma təhsil gedir və hazırda başqa əlac görünmür. Belə məqamlarda az təhlükəli olan variantı seçmək daha doğrudur. Koronavirus olduqca təhlükəli xəstəlikdir və cəmiyyəti məhv edə bilər. Ona görə də onlayn təhsil aşağı səviyyəli olsa da, bunu mütləq qəbul etmək lazımdır.
-Səhiyyə sistemi ilə bağlı düşüncələriniz maraqlı olardı... Səhiyyə ilə bağlı hazırda iki qurum- TƏBİB və Səhiyyə Nazirliyi fəaliyyət göstərir, amma əhali səhiyyə sistemindən ciddi narazıdır...
-Səhiyyə sistemi hazırda keçid dövründədir və icbari tibbi sığortaya keçir. Keçid dövrlərində hər zaman bu cür qarmaqarışıqlıq olur. Təbii, bu gün sübut olundu ki, Azərbaycan səhiyyəsi koronavirusun öhdəsindən gəlmək gücündə deyil. Yetərincə texnika, mütəxəssis, dərman yoxdur. Bu baxımdan təbii ki, qüsurlar var. Amma İtaliya kimi dövlətlər də var ki, orada da səhiyyə sistemi xəstəliyin ikinci həftəsində çökdü. Azərbaycanda isə səhiyyə sisteminin təkminlləşməsi, xüsusilə də kadrların müəyyən edilməsi ilə bağlı ciddi problemlər var və bu da qısa müddətdə həll olunmalıdır.
-Rüşvət və korrupsiyaya bulaşmış məmurların həbs prosesi müharibə dövründə səngisə də, sonradan yenidən gündəmə gəldi.
-Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə birtərəfli aparılır. Burada həm korrupsionerlərə qarşı mübarizə aparılmalı, həm korrupsiya şəraitinin aradan qaldırılması ilə bağlı işlər görülməli, qanunvericilikdə ciddi dəyişikliklər edilməli, həm də xalq arasında maarifləndirmə işi aparılmalıdır. Bu gün vətəndaşların əksəriyyəti rüşvətlə, oğurluqla korrupsiyanı ayıra bilmir. Korrupsiya siyasi vəzifədən istifadə edərək iqtisadi mənfəət götürmək deməkdir. Bizdə birindən 5 manat pul alırlar, ona da korrupsiya deyirlər. Deməli, korrupsiya ilə bağlı üç istiqamətdə mübarizə aparmaq lazımdır. Qanunvericilik sərtləşdirilməli, əhali maarifləndirilməlidir və təbii ki, korrupsiya ilə məşğul olanlar cəzalandırılmalıdır.
-Korrupsioner və rüşvətxor məmurların həbs prosesi necə?
-Mütləq davam etdirilməlidir. Amma birincilik həbsə yox, korrupsiya şəraitinin aradan qaldırılmasına verilməlidir ki, yeni kadrlar da bununla məşğul olmasınlar. Yoxsa, proses adamlara qarşı mübarizəyə çevriləcək. Məsələn, bu gün bir adam haqqında yazılır ki, filankəs milyardlarla vəsait mənimsəyib, dərhal Baş Prokurorluq cinayət işi qalıdırıb o işi araşdırmalıdır. Amma hələ də Baş Prokurorluq mətbuatda çıxan heç bir materiala reaksiya vermir. Ancaq Prezidentin göstərişi ilə korrupsiyaya qarşı mübarizə aparmaq olmaz. Bəlkə kimsə Prezidentin yadından çıxıb? Bu baxımdan, korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində qurulmalı və Prezidentin rəhbərliyi altında qanun çərçivəsində aparılmalıdır. Korrupsiyanın aradan qaldırılmasının ən yaxşı yolu isə ictimai nəzarət mexanizminin yaradılmasıdır. Nəzarət mexanizmində iştirak vətəndaşın hüququdur. Bu günə qədər vətəndaşlar dövlətin işinə nəzarətə buraxılmırlar. Korrupsioner də, cinayətkar da buna görə yaranır.
-2021-ci ilin dövlət büdcəsində seçkilərin keçirilməsi ilə bağlı 20 milyon manat vəsait ayrılıb. Amma hansı seçkinin keçirilməsi ilə bağlı rəsmi məlumat yoxdur. Gözləntilər isə ondan ibarətdir ki, referendum və Milli Məclisdə boş qalan 5 dairəyə seçki keçiriləcək. Siz nə düşünürsüz? Bu il seçki olacaqmı?
-Hesab edirəm ki, indiki parlament tamamilə buraxılmalı və Azərbaycanın indiki kursuna uyğun Milli Məclis seçilməlidir. Parlamentdə müxalifət 5-10 nəfərlə yox, geniş şəkildə təmsil olunmalıdır. Azərbaycanda iqtidar-müxalifət münasibətləri, küçələrdə, qəzetdə, xaricdə, orada, burada yox parlamentin divarları arasında davam etdirilməlidir.
-Seçki olacağını gözləyirsizmi?
-Gözləmirəm. Parlamentdə boş qalan 5 yerdən ötrü seçkiyə getməyə ehtiyac yoxdur. Zamanında özləri də etiraf etmişdilər ki, bu parlament islahatların qarşısında duran ən böyük əngəldir. Eləcə də Qarabağ savaşında gördük ki, parlamentin bir hissəsi Rusiyanı müdafiə edən qüvvələrdir, ağızlarını açıb bir kəlmə nəsə demədilər. Bu parlament mütləq getməlidir və yeni, milli, istiqlalçı qüvvələr gəlməlidir.