Rusiya rublunun ABŞ dollarına nisbətdə məzənnəsi ilk dəfə olaraq 2022-ci ilin mart ayı səviyyəsinə düşüb. Qeyd edək ki, həmin vaxt bu çöküş Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalçılıq müharibəsinin başlamasının yaratdığı şok effekti və Qərbin elan etdiyi sanksiyalarla bağlı idi.
“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, noyabrın 26-da beynəlxalq “Forex” valyuta bazarında 1 dollar 105,59 (rəsmi məzənnə 103,7908 rubl) rubla ticarət olunurdu ki, bu da ondan əvvəlki günlə müqayisədə təxminən 1,5 rubl baha idi. Avronun məzənnəsi 1,8 rubl artaraq 110,9 rubla (rəsmi məzənnə 108,8705 rubl), yuanın məzənnəsi isə 14,5 rubla (bir gün əvvəlkindən 0,19 rubl baha) çatıb.
Bu gün dollar və digər valyutalar bir qədər də bahalaşıb. Rusiya Mərkəzi Bankının noyabrın 27-nə müəyyən etdiyi rəsmi valyuta məzənnələrinə görə də rubl Amerika və Avropa valyutaları qarşısında sürətlə ucuzlaşmasını davam etdirir. Dolların rəsmi məzənnəsi 1,2696 rubl artaraq 105,0604 rubl (noyabrın 26-na 103,7908 rubl) təşkil edib. Avronun məzənnəsi 1,6238 rubl bahalaşaraq 110,4943 rubl təşkil edib (əvvəlki dəyər 108,8705 rubl idi).
“Valyuta bazarında qeyri-dost ölkələrin valyutaları ilə ticarətin dayandırılması Mərkəzi Bank tərəfindən dollar və avronun məzənnələrinin müəyyən edilməsi üsullarının dəyişməsinə səbəb oldu”, - bunu rusiyalı mütəxəssis, “Banki.ru”-nun baş analitiki Boqdan Zvariç deyib. O, əlavə edib ki, hazırda rəsmi məzənnəni müəyyən edərkən tənzimləyici qurum bank hesabatlarına və rəqəmsal birjadankənar ticarət platformalarından alınan məlumatlara əsaslanır.
Beləliklə, 2022-ci ilin martından bəri ilk dəfə olaraq dolların rəsmi məzənnəsi 103 rublu ötüb. Nəzərə alaq ki, oktyabr ayında Rusiya Mərkəzi Bankı əsas uçot dərəcəsini 21 faizə qaldırıb və bu, son 20 ilin ən yüksək səviyyəsidir. Bundan öncə sentyabrda Mərkəzi Bank uçot dərəcəsini 19 faizə qaldırmışdı. Qısa müddətdə belə böyük dərəcə artımı həyəcan siqnalı kimi qəbul olunur. Təbii ki, bu cür tədbirlər inflyasiyanın azaldılmasına yönəlib. Lakin buna baxmayaraq, Rusiyada inflyasiya durmadan artır. Yüksək uçot dərəcəsi isə şirkətlər və vətəndaşlar üçün borclanmanı artırır, iqtisadi artımı azaldır.Hakimiyyətə yaxın ekspertlər hesab edirlər ki, rublun məzənnəsi bir dollar üçün 105-107 səviyyəsində möhkəmlənəcək və ilin sonuna qədər o səviyyədə qalacaq. Məsələ ondadır ki, rublla birgə Moskva Birjasının indeksi də kəskin şəkildə azlaraq 2500 bənddən aşağı düşüb. Bir həftə ərzində azalma 6%, ilin əvvəlindən bəri isə 20% təşkil edib. Yəni, son həftədə azalma çox sürətlə baş verib.Hətta hakimiyyətə yaxın ekspertlər də etiraf etmək məcburiyyətindədirlər ki, bazar Ukrayna münaqişəsinin gərginləşməsi və Rusiya ixracatına zərbə vuran ABŞ-nin yeni sanksiyaları səbəbindən düşür. Eyni zamanda, hakimiyyət böyük büdcə kəsiri fonunda Maliyyə Nazirliyinə sərfəli olduğu üçün məzənnəni sabitləşdirməyi planlaşdırmır. Yəni, dolların bahalaşması büdcəyə daxil olan rubl kütləsini artırır və kəsiri azaldır. Bunun ən böyük zərbəsi isə əhaliyə və özəl sektora dəyir.
Moskva Birjası indeksinin və rublun ucuzlaşması ilk növbədə geosiyasi risklərin artması ilə əlaqədardır. Bunu etiraf edən rusiyalı ekspertlər deyirlər ki, son günlər xəbər lentlərindəki başlıqlar getdikcə daha çox həyəcan yaradır və bazar indi istənilən siyasi xəbərə çox kəskin reaksiya verir. Bu səbəbdən məzənnələrdə yaxın aylarda kifayət qədər kəskin sıçrayışlar mümkündür. “Freedom Finance Global”-ın analitiki Vladimir Çernov qeyd edib ki, ABŞ-nin yeni sanksiyaları ixrac üçün ödəniş infrastrukturuna təsir edib. “Qazprombank” və digər oyunçulara qarşı məhdudiyyətlər Rusiya təbii qazının ödəniş imkanlarını azaldıb. Bu səbəbdən, xammal tədarükündən Rusiya Federasiyasına daha az valyuta daxil olmağa başlayıb və bazarda valyuta çatışmazlığı yaranıb. Nəticədə yeni sanksiyaların tətbiqindən sonra rubl cəmi 3 gündə dollara nisbətdə 5,6% ucuzlaşıb. Mütəxəssis qeyd edib ki, Brent markalı neftin qiyməti 60 dollar/barelə düşərsə, rublun zəifləməsi xeyli daha sürətlə baş verəcək. Ümumilikdə isə çətin ki, nə vaxtsa dolların məzənnəsi 100 rublun altına düşsün.
Əlavə edək ki, Avropa İttifaqı Rusiya Federasiyasına qarşı ilin sonuna qədər qəbul ediləcəyi gözlənilən yeni, 15-ci sanksiyalar paketini elan edib. Buraya 45 Rusiya neft tankerinin istismarına məhdudiyyətlər də daxil olacaq. Bu isə Rusiya Federasiyasının onsuz da böyük kəsiri olan büdcəsinin gəlirlərini daha da azaldacaq.
Elxan Qüdrətoğlu