Rusiyanın sülhə hazırlaşdığına dair heç bir əlamət yoxdur. Bu səbəbdən NATO tərəfdaşları ilə hərbi əməkdaşlığı gücləndirməli və Ukraynaya dəstəyi artırmalıdır.
Bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer deyib.
Admiral Bauerin sözlərinə görə, Rusiya iqtisadiyyatını müharibə vəziyyətinə salıb və Çin, İran və Şimali Koreya ilə əməkdaşlığını genişləndirir. NATO isə buna qarşı vahid və güclü cavab hazırlayır.
Qeyd edək ki, yanvarın 15-16-da keçirilən NATO Hərbi Komitəsinin iclasında 26 tərəfdaş ölkənin, o cümlədən Azərbaycanın Baş Qərargah rəisləri iştirak edib.
Görüş zamanı Ukraynanın nümayəndəsi general Oleksandr Sirskyi ilə müzakirələr aparılıb və NATO-nun Ukraynaya təhlükəsizlik yardımı və təlimlər daxil olmaqla dəstəyini davam etdirəcəyi təsdiqlənib.
Admiral Bauer NATO ölkələrini müdafiə xərclərini ÜDM-in 3%-nə çatdırmağa çağırıb. Ukrayna isə NATO-ya üzvlükdən imtina etməyəcəyini və əvəzedici variantları qəbul etməyəcəyini bəyan edib.