Bayden gedənə yaxın “ürəklənib”...
Artıq Qərb mətbuatının yazdığı kimi, ABŞ Prezidenti Cozef Bayden Ukraynaya Birləşmiş Ştatların uzaqmənzilli silahları ilə Rusiya Federasiyasının ərazisinə zərbələr endirməyə icazə verib.
“AzPolitika” xəbər verir ki, Qərb mətbuatının yazdığına görə, söhbət əsasən 350 kilometr məsafəni vura bilən “ATACMS” raketlərindən gedir. Lakin digər “sürprizlər” də ola bilər…
Bu qərara Böyük Britaniya və Fransanın da qoşulduğuna dair məlumatlar var. “Le Figaro”-nun məlumatına görə, Kiyev bu məqsədlər üçün ABŞ raketləri ilə yanaşı, "SCALP/Storm Shadow" raketlərindən də istifadə edə biləcək.
Qeyd edilir ki, Ukraynanın aylardır qəbulunu gözlədiyi və təkid etdiyi bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilməklə ABŞ siyasətində ciddi dəyişiklik hesab oluna bilər. Hətta Baydenin müşavirləri arasında bu addımla bağlı fikir ayrılıqlarının olduğu iddia edilir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasından bu xəbərə ilkin reaksiyalar gəlməyə başlayıb. Trampın keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çanq Amerikanın hazırkı lideri Co Baydenin məlum qərarı barədə xəbəri şərh edib. O, “CNN” telekanalına müsahibəsində deyib ki, Ukraynada münaqişəni sona çatdırmaq yalnız Trampın əlindədir:“Prezident Trampın seçki kampaniyası zamanı dediyi kimi, o, tərəfləri sülhə razılaşdırmaq üçün bir araya gətirə və müharibəyə, qətliamlara son qoymağa çalışa biləcək yeganə şəxsdir”.
Çanq vurğulayıb ki, Rusiyaya qarşı zərbələr məsələsi ilə bağlı rəsmi açıqlamalar Trampın özü və ya səlahiyyətli nümayəndələri tərəfindən veriləcək.
Trampın oğlunun reaksiyası isə daha sərt olub. O qeyd edib ki, bu, III Dünya Müharibəsini qızışdıra bilər və həmin qərarın arxasında duranları “axmaqlar” adlandırıb.
Bu arada demokratların əsas donorlarından biri, milyarder Corc Sorosun oğlu Aleks uzaq məsafəli zərbələrə icazə verilməsini “əla xəbər” adlandırıb.
Rusiya tərəfi də xəbərə reaksiya verib. Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Baydenin qərarı ilə bağlı suala cavab olaraq deyib ki, "Prezident bu barədə artıq danışıb".
O, bu zaman Vladimir Putinin 2024-cü ilin sentyabrında dediklərini nəzərdə tutub. Həmin vaxt Putin demişdi ki, Ukrayna ordusu Qərbin müasir uzaqmənzilli sistemlərindən istifadə edə bilmir və bunu yalnız NATO hərbi qulluqçuları edə bilər. Odur ki, Putinin dediyinə görə, bu qərar NATO ölkələrinin Rusiya ilə müharibə vəziyyətində olması demək olacaq.
Onu da qeyd edək ki, Baydenin bu qərarı Rusiyanın Şimali Koreya hərbçilərini Ukraynaya qarşı işğalçılıq müharibəsinə cəlb etməsinə cavab addımı kimi qiymətləndirilir. Çünki bu qərarı ilə Putin elan olunmamış razılaşmaları pozmuş olub.
Beləliklə, Rusiya-Ukrayna müharibəsində yeni bir situasiya yaranır. Baydenin sözügedən qərarı barədə ilk məlumat verənlər “New York Times” və “Washington Post”oldu. Sonra “CNN” və “CBS” öz kanalları vasitəsilə eyni məlumatı təsdiqlədilər. Bu isə məlumatın həqiqiliyinə dəlalət edə bilər. Qəzetlərin Bayden administrasiyasındakı mənbələri bildiriblər ki, Bayden bu addımı Rusiyanın Şimali Koreya əsgərlərini Kurska göndərməsinə cavab olaraq atıb. Rəsmilərdən biri deyib ki, bu addım həm də Pxenyanı Rusiyaya əlavə qoşun göndərməkdən çəkindirmək məqsədi daşıyır: “Şimali Koreya lideri Kim Çen In başa düşməlidir ki, hərbi bölmələrin göndərilməsi baha başa gələn səhvdir”.
Qeyd olunur ki, ABŞ gizli şəkildə Ukraynanı 300-350 kilometrlik “ATACMS” raketləri ilə təmin edib və onlardan artıq Krımda istifadə olunub.
İndiyədək Vaşinqton Rusiya ərazisinə raket hücumlarına icazə vermək istəməməsini eskalasiyadan qorxması ilə izah edirdi. Bəs indidən sonra nə olacaq və Moskva buna nə ilə cavab verəcək? “CNN” qeyd edir ki, Rusiya bu qərara ABŞ və digər NATO ölkələrinin ərazilərində təxribatlar həyata keçirməklə cavab verə bilər. Bəzi şərhçilər isə hətta NATO ölkələri ərazisindəki hərbi obyektlərə zərbələr endirilməsini belə istisna etmirlər. Lakin bu cür düşünənlər çoxluqda deyillər…
“Carnegie Endowment”-in hərbi eksperti Maykl Kofman “Vaşinqton Post”a deyib ki, “ATACMS” raket zərbələrinə icazə verilməsi ukraynalılara Kursk bölgəsinin əllərində olan hissəsini müdafiə etməkdə kömək edəcək: “Əslində Bayden administrasiyası Ukraynaya deyir ki, o, hazırda tutduğu kiçik Rusiya ərazisini gələcək mümkün danışıqlarda güclü sövdələşmə vasitəsi kimi saxlamağa kömək edəcək”.
Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin rəhbəri Sergey Kuzan da “ATACMS”-ın “sehrli çubuq” olmadığını deyib: "Bu, müharibənin gedişatını dəyişməyəcək, lakin məncə, qüvvələrimizi müəyyən dərəcədə eyniləşdirəcək”. Onun fikrincə, Baydenin icazəsi ukraynalıların Kursk bölgəsində ruslar və Şimali Koreyalıların böyük hücumunu dəf etməyə kömək edəcək.
Baydenin bu qərarına Ukraynanın özünün münasibəti də maraqlıdır. Ukrayna Prezidenti Volodimir Zelenski dünən axşam saatlarında Amerikanın Rusiyaya raket zərbələri endirilməsinə icazənin rəsmi elanının zərbələrin özü olacağını deyib. Yəni, yalnız zərbələr endirilməyə başlayanda bu xəbər rəsmi təsdiqini tapmış olacaq: “Bu gün mediada çoxları deyir ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə endirilmir. Belə şeylər açıqlanmır. Raketlər özləri öz əvəzinə danışacaq. Mütləq!” Bununla da Zelenski Baydenin belə bir qərarının olduğunu dolayısı ilə təsdiqləmiş olub.
Bir çox hərbi müşahidəçilər vurğulayırlar ki, Rusiya ərazisinə raket zərbələri endirmək üçün icazə Ukraynaya müdafiəsini saxlamağa kömək etsə də, müharibənin gedişində həlledici dönüş yaratmayacaq. Çünki bu gecikmiş qərar Vaşinqtonun indiyə kimi apardığı ikiüzlü, qorxaq, riyakar siyasətin tərkib hissəsidir və ABŞ administrasiyası sadəcə olaraq, ukraynalılara müharibənin gedişatını dəyişmək üçün kifayət edəcək qədər raket və digər silahlar verməyəcək…
C.Məmmədov
“AzPolitika.info”