Prezident İlham Əliyevin 15 oktyabr müşavirəsində, hakim komanda daxilində islahatlara mane olmaq cəhdi göstərənlərin olduğu ilə bağlı səsləndirdiyi sensasiyalı bəyanatının əks-sədası davam edir.
Prezidentin bu bəyanatı komanda daxilində xəyanətkarların olduğu ehtimalını daha da gücləndirib, eyni zamanda ictimai diqqəti bu mövzuya yönəldib.
“AzPolitika.info”nun məlumatına görə, tanınmış YAP-çı, sabiq millət vəkili Alqış Həsənoğlu özünün “Facebook” statusunda iqtidarda xəyanətkarların olduğunu çox sərt bir üslub və əminliklə bildirib.
A.Həsənoğlu yazır: “Vaxtilə Heydər Əliyevin şəklini başının üstündən asıb, ona xəyanət edən məmurlar vardı.
Bu gün də Ulu Öndərimizin heykəlinin arxasında və kölgəsində gizlənib, ölkənin iqtisadi resurslarını düşməncəsinə talayan, mənəvi dəyərlərimizi tapdayan, onun qoyduğu demokratik dövlətçilik irsinə, cənab Prezidentə xəyanət edən məmurlar var…”
A.Həsənoğlu fikirlərinin davamında isə belə məmurların Azərbaycana vurduqları zərbənin miqyasını erməni təcavüzünün nəticələrilə eyniləşdirir. Sitat: “Bu gün Azərbaycan cəmiyyəti və dövlət idarəçiliyi ən çox nədən əziyyət çəkir? Mən belə deyərdim: şəxsi hisslərin dövlət idarəçiliyinə daşınmasından!
Söhbət nədən gedir? Çox təəssüf ki, bəzi, özü də adi deyil, yüksək çinli məmurlar vəzifə səlahiyyətlərindən Prezidentin və dövlətin tapşırıqlarını yerinə yetirmək üçün yox, ayrı-ayrı adamlarla öz şəxsi münasibətlərini ayırd etmək məqsədilə yararlanırlar.
Daha doğrusu, öz statuslarından, imtiyazlarından sui-istifadə edirlər. Bu da erməni təcavüzündən, korrupsiyadan, rüşvətdən daha böyük bəladır!”
Günün sualı isə budur: KİMLƏRDİR BU XƏYANƏTKARLAR?…