Araz Əlizadə İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən səsləndirdiyi bəzi xoşagəlməyən fikirləri ilə yenidən tənqid hədəfinə tuş gəlib. O, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmadığını bildirib. Bu açıqlamalarının ardından deputat nəinki ictimaiyyət, həm də həmkarları tərəfindən məhşər ayağına çəkilir.
Ard-arda onu fikirlərinə ən sərt formada reaksiyalar verilir. Hətta onun deputatlıq mandatından məhrum edilməsi barədə tələblər də səslənməkdədir. A.Əlizadənin həmkarlarına onun məsələsinin parlamentdə qaldırılması barədə çağırışlar edilir.
“Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil”
“Azərbaycan xalqı adından danışmaq Araz Əlizadənin səviyyəsinə uyğun deyil.” Bu sözləri axar.az-a deputat Musa Quliyev deyib. O bildirib ki, həmkarı ümumi danışmaqla çox böyük səhv edib: “Araz Əlizadə yalnız öz adından danışa bilər. Azərbaycan xalqı oğuz elinə mənsub, köklü türk xalqıdır. Bizim mədəniyyətimiz, mənəvi və tarixi dəyərlərimizlə yanaşı, həm də dilimiz türk dilidir. Əlbəttə, ölkəmizdə fərqli köklərə mənsub xalqlar yaşayır, amma Azərbaycanın əsasını türklər təşkil edir. Araz Əlizadə hansı millətə, xalqa mənsubdur, özü bilər, amma bütövlükdə Azərbaycan xalqı adından danışmaq onun səviyyəsinə uyğun bir iş deyil”.M.Quliyev onu da qeyd edib ki, deputat tutduğu vəzifəni nəzərə almalı və belə səhvləri təkrarlamamalıdır: “Araz Əlizadə əvvəllər də belə fikirlər səsləndirdiyi üçün ictimai qınaqla üzləşib. Hesab edirəm ki, millət vəkili olan şəxs belə məsələlərdə daha həssas və ciddi olmalıdır. Lakin həmkarım hansısa qüvvələrin təsirindən bu çıxışları edir. Ümumiyyətlə, Azərbaycan xalqının türk kökənli olmasının heç sübuta ehtiyacı yoxdur. Bizim soyumuzun haradan gəlməsi tarixlə təsdiqlənmiş məsələdir”.
Məsələyə münasibət bildirən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa da A.Əlizadənin türklərlə bağlı fikrinin həqiqəti əks etdirmədiyini söyləyib: “Hər hansı bir şəkildə Azərbaycanı xilas etmiş şəxslərə, Nuru Paşaya belə bir böhtan səsləndirməyin heç bir məntiqi izahı yoxdur və bu, qəti şəkildə yolverilməzdir. Nuru Paşa və türk ordusu Azərbaycana məhz xalqımızı xilas etmək üçün gəlmişdi. Hesab edirəm ki, Araz Əlizadə bu fikirləri məqsədyönlü şəkildə söyləyib”.
Fazil Mustafa onu da qeyd edib ki, həmkarları türklərlə bağlı fikrinin yanlış olması səbəbindən bir neçə dəfə Araz Əlizadəyə irad tutub: “Biz özümüz də dəfələrlə həmkarımıza türklərlə bağlı fikirlərinin yanlış olduğunu söyləmişik. Bunu bir neçə dəfə Milli Məclisdə də qaldırdıq. Hesab edirəm ki, artıq bu məsələni gündəmdə saxlamağın heç bir mənası yoxdur”.