Qatığın rəngi bir olur: ağ! Ona sarı, qırmızı, narıncı… rənglərini şamil etmək ən azı süd verən inəyə böhtan, elmi mütəxəssislərə isə şər atma olardı. Çünki qatıq ağdır, onun başqa rəngi olmur! Olarsa, dümək, mayasına haram qatılıb…
***
Gələk mətləbə: “Təzadlar” qəzetinin rəhbərliyi «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunlarına istinadən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə T-18-01-2024 saylı, 18.11.2024-cü il tarixli İnformasiya sorğusu göndərmişdir. İnformasiya sorğusunda 4 aprel 1979-cu ildə Bakı şəhərində anadan olmuş Nahid Rza oğlu Bağırov adlı şəxsin Dövlət İmtahan Mərkəzinin (DİM) nəzarəti altında həyata keçirilmiş test imtahanlarından keçərək hansısa yerli və ya xarici Ali təhsil ocağına qəbul olunub-olunmamasına dair rəsmi cavab istənilmişdir.
Xüsusi olaraq qeyd edək ki, tələb edilən informasiya adı çəkilən şəxsin özü tərəfindən rəsmi və sosial media hesablarında ictimailəşdirilmişdir. Yəni, media olaraq redaksiya DİM-dən şəxsin özü tərəfindən ictimailəşdirilmiş məlumatın rəsmi təsdiqini xahiş etmişdir.
18.11.2024-cü il tarixli İnformasiya sorğusuna DİM-nin Hüquqi təminat, insan resursları və dövlət qulluğu Departamentinin müdiri Nərminə Bayramova 29 dekabr 2024-cü il tarixdə rəsmi elektron və ənənəvi poçt ilə mənfi cavab göndərmişdir. N.Bayramova cavabında yazır: «Məktubunuzla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Konstitutsiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır və öz razılığı olmadan kimsəinin şəxsi həyatı haqqında məlumatın toplanmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir…».
Burda adamı ağlamaq tutur ki, axı Nərminə xanım niyə belə bir fikrə gəlib ki, redaksiya şəxsin ailə sirrinə aid məlumat tələb edir! Ən azı, redaksiyada çalışanların hər biri bilir ki, belə bir məlumatı DİM-dən istəmək jurnalistlərin korazehin olmasına işarə olardı!
Nə isə… Bir daha qeyd edirik ki, redaksiya N.Bağırovun şəxsi və ya ailə sirrinə aid məlumatı deyil, onun özü tərəfindən ictimailəşdirilmiş məlumatın təsdiqini istəmişdir.
Beləliklə, Dövlət İmtahan Mərkəzinə (DİM) göndərdiyimiz sorğu cavablandırılmadığından DİM-nin qanunsuz hərəkətindən Bakı İnzibati Məhkəməsinə şikayət verdik. Hakim Orxan Həsənov da daş atıb başını tutdu ki, DİM düz deyir, biz N.Bağırovun şəxsi məlumatını istəyir! Vallah, adam bir qara yaylıq istəyir ki, hakimin bu mövqeyinə hönkür-hönkür ağlasın! Hansı ki, o, «Media haqqında» Qanunda təsbit olunmuş bütün jurnalist hüquqlarının kobud surətdə pozulmasına səbəb olan 14 fevral 2025- ci il tarixli qərardadı ilə DİM-in qanunsuz hərəkətinə haqq qazandırdı. Yəni, demək istədi ki, ağğappaq süddən qapqara qatıq əmələ gəlir!!!
***
Redaksiya hakimin həmin qərardadından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədovun sədrliyi və hakim Şirazi Eldarzadənin iştirakı ilə) «Təzadlar» qəzeti redaksiyasının Dövlət İmtahan Mərkəzinə qarşı informasiya sorğusunun cavablandırılmamasına dair apellyasiya şikayətinə əvvəlcə xüsusi diqqətlə yanaşdı. Təqdim edilən mötəbər sənəd və sübutlara baxan hakim Rəşid Səmədov sənədlərə baxıb çox təəccübləndi. Görünür iş materiallarını oxumamışdı, xəbərsiz idi. Məhkəmə yerində müşavirə edərək (bunlar iclas otağının kameralarında qeydə alınmışdır) qərarını elan etdi: «Məhkəmə işin mürəkkəbliyini nəzərə alaraq 10 dəqiqəlik fasilə elan edir!». Hakimlər 10-15 dəqiqədən sonra iclas zalına qayıtdılar. Sonra kollegiya yerində müşavirə edərək yekun qərarını elan etdi: «Məhkəmə heçab edir ki, bu məsələ olduqca mürəkkəb xarakterlidir, ona görə də xüsusi araşdırmaya ehtiyac var! Məhkəmə 29 aprel tarixinədək təxirə salınır!».
Nəhayət, 29 aprel 2025-ci il tarixdə saat 10:40 radələrində məhkəmə iclası açıq elan edildi, kollegiya sədri qəzetin nümayəndəsindən soruşub ki, başqa bir vəsatətiniz, sübutunuz yoxdur? Nümayəndə də deyib ki, yoxdur, ötən iclasda Sizə təqdim etmişəm, amma mən gözləyirəm ki, bir həftəlik xüsusi araşdırma aparan Kollegiya bu araşdırmaların nəticəsini elan edəcək. Lakin kollegiya üzvləri dərhal da müşavirəyə gedir. Təxminən 5 dəqiqədən sonra kollegiya üzvləri zala daxil olaraq qərarı elan edirlər: «Apellyasiya şikayəti təmin edilməsin, Bakı İnzibati Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qərardadı qüvvədə saxlanılsın!».
Yəni, hakim Rəşid Səmədov bir həftəlik “xüsusi araşdırma”dan sonra qəti qərara gəlib ki, qatıq qaradır!
Yaxşı, bəs məhkəmə xüsusi araşdırma nəticəsini elan etmədən necə qərar qəbul edə bilərdi?Məsələ ondadır ki, həm Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənov, həm də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakim Rəşid Səmədov və Şirazi Eldarzadə) «Məhkəmə və Hakimlər haqqında» Azərbaycan Respbulikası qanununun tələblərini pozaraq «Media haqqında» Qanunda təsbit olunmuş bütün jurnalist hüquqlarının açıq şəkildə tapdanmasına səbəb olan qərar qəbul etmişlər.
***
Nə isə… hakimlərin qatığa “qara” deməsini qoyaq bir kənara, amma qəzetin baş redaktoru Asif Mərzili isə hakimlərin bu qanunsuz hərəkətindən Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının sədri cənab İnam Kərimova şikayət təqdim etmişdir.
Şikayətdə deyilir: “Hörmətli sədr! «Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericilikdə yazılır: «Hakimlər barəsində intizam icraatının başlanılmasına dair müraciət üçün səbəblər:
-fiziki və hüquqi şəxslərin şikayətləri;
-mediada dərc olunmuş məlumatlar».
«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları»nda isə belə qeyd olunur:
-işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə və ya kobudcasına pozması;
-hakim etikasını pozması;
-hakim adına ləkə gətirən hərəkətə yol verməsi».
Hesab edirəm ki, yuxarıda adı çəkilən məhkəmə hakimlərinin hamısı bu pozuntulara yol vermişlər və qeyd olunan qanun pozuntularına görə barələrində intizam icraatı başlanılmasına tam əsaslar vardır. Çünki iş materiallarında olan mötəbər maddi sübutlar bir daha təsdiq edir ki, Dövlət İmtahan Mərkəzi tərəfimizdən göndərilmiş informasiya sorğusunda tələb etmədiyimiz informasiyanın istənilməsi yalandan qeyd edilərək media sorğusu cavablandırılmamışdır. Bu saxta və qanunsuz cavab məktubuna qəsdən, bilərəkdən göz yuman hakimlər də qanunsuz və əsassız qərar qəbul edərək jurnalist hüquqlarımızın qəsdən pozulmasına səbəb olmuşlar.
Bunları nəzərə alaraq Sizdən xahiş edirəm:
-«Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsasları» haqqında Qanunvericiliyin tələblərini nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun və Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının hakimləri- Rəşid Səmədovla Şirazi Eldarzadənin barəsində intizam icraatı başlanılmasına Sərəncam verəsiniz. Hörmətlə: Asif Mərzili, «Təzadlar» qəzetinin və eyni adlı saytın rəhbəri, Avropa Mətbuat Federasiyasının üzvü”.
Xatırladırıq ki, şikayət 01 may 2025-ci ildə Məhkəmə Hüquq Şurasının dəftərxanasına təqdim edilmişdir və icraata qəbul olunmuşdur. Qalır hörmətli sədr İnam Kərimovun qatığa “qara” deyən hakimlər barədə intizam icraatı başlanılması barədə qərarı. İnanırıq ki, qanunsuz qərardad qəbul edən hakimlər üçün görüləcək intizam tədbiri dərc olacaq! Çünki belə qərardadlar məhkəmə sistemindəki islahatlara kölgə salır, mənfi ictimai rəy formalaşdırır.
“Təzadlar”
