Son aylar ölkənin təhsil gündəmi bir-birinin ardınca üzə çıxan direktor qalmaqalları ilə çalxalanır.
Bir sıra məktəb rəhbərlərinin qanunsuz fəaliyyətləri ifşa olunub və onlar vəzifədən azad edilib. Elm və Təhsil Nazirliyinin bu kimi hallara operativ və prinsipial müdaxiləsi cəmiyyət tərəfindən təqdir edilir.
Lakin bu proses bir sualı daha da aktuallaşdırır: təhsil sistemində hər kəsə eyni yanaşma tətbiq olunurmu?
Bu kontekstdə xüsusi diqqət çəkən nümunələrdən biri Bakı şəhəri Binə qəsəbəsi 149 saylı tam orta məktəbin direktoru Rəhilə Baxşıyeva ilə bağlıdır. Çünki Rəhilə xanım nə az, nə çox 1995-ci ildən bu yana – düz 30 ildir eyni məktəbə rəhbərlik edir. Təhsildə müasir çağırışların artıq bir zərurətə çevrildiyi, yeniləşmə və islahatlar dalğasının sürətlə davam etdiyi bir şəraitdə bir direktorun fasiləsiz 30 il eyni məktəbə rəhbərlik etməsi yəqin ki, hər kəs üçün nonsensdir.
Daha narahatedici məqam isə budur ki, Rəhilə Baxşıyevanın adı mətbuatda illərdir mütəmadi olaraq rüşvətxorluq, müəllimlərə təzyiq, vakant yerlərin satılması və digər xoşagəlməz hallarla gündəmə gəlir. Mətbuatda onun fəaliyyəti ilə bağlı dərc olunmuş yazıların əksəriyyəti neqativ xarakter daşıyır. Şikayətlərə baxmayaraq, onun vəzifədə qalması isə ictimaiyyət arasında ciddi suallar doğurur.
Məsələn, 2025-ci ilin mart ayında yayımlanan xəbərlərdə qeyd olunur ki, 149 saylı məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə müxtəlif siniflər üzrə şagirdlərdən 20-50 manat arasında pul yığıldığı iddia edilir. Hər sinifdən toplanan vəsaitin bir hissəsinin birbaşa direktor Rəhilə Baxşıyevaya çatdırıldığı bildirilir.
Bundan əlavə, 2021-ci ildə dərc olunan bir məqalədə isə qeyd olunur ki, məktəbdə dərs bölgüsü, əlavə dərs saatları və sinif rəhbərliyi vəzifələri üçün müəllimlərdən pul tələb olunduğu iddia edilir. Həmin məqalədə bildirilir ki, məktəbdə 4000 mindən artıq agird təhsil alır və toplanan vəsaitlər direktor və keçmiş icra başçısı arasında bölüşdürülür.
Əgər ölkədə direktorların fəaliyyəti ilə bağlı mütəmadi olaraq monitorinqdən keçirilir, fəaliyyətləri qiymətləndirilir və nəticəyə əsasən rotasiyalar aparılırsa, Rəhilə Baxşıyeva necə olur ki, 30 il eyni kresloda qalır? Bütün ittiham və narazılıqlara baxmayaraq, onu toxunulmaz edən nədir?