Dünya ciddi şəkildə baş verənlərdən narahatdır. Koronovirusun sürətlə yayılması, iki ay içində 44 ölkəyə yayılması, hətta ən güclü səhiyyə sisteminə malik ölkələri belə aciz duruma salması hamını əndişələndirir. Aparıcı dövlətlər mütəmadi olaraq gedişatı izləməklə yanaşı, həm də koronovirusun yayılmasını önləmək üçün milyardlar xərcləməyə belə hazırdırlar. Elə Dünya Səhiyyə Təşiklataı da narahatdır və bəyan edir ki, gedişat epidemiyanı pandemiyaya gətirib çıxara bilər.
Çevrəmizdə baş verir?
Azərbaycan tranzit yolların üzərində yerləşdiyindən durumumuz daha kritikdir. Üstəlik, qonşuluğumuzdakı ölkələrdə də vəziyyət yaxşı deyil. İranda koronovirusun yayılması demək olar ki, nəzarətdən çıxıb. Ölkənin spikeri, səhiyyə nazirinin müavini, habelə millət vəkillərinin belə bu virusa yoluxması, durumun hansı səviyyədə vahiməli olmasını deməyə əsas verir.
Son gələn xəbərlərdən belə məlum olur ki, İranın Səhiyyə Naziriliyi artıq prosesə nəzarət edə bilmir. Üstəlik, İtaliya, Küveyt, Bəhreyn, habelə İraqda aşkarlanan koronovirusa yoluxmaların hamısının mənbəyi artıq İran göstərilir. Belə başa düşmək olar ki, koronovirus qonşu ölkədə artıq geniş kütlə arasında yayılıb və onun qarşısını almaq xeyli çətindir.
Bu əsnada, Dünya Səhiyyə Təşkilatı İrana mütəxəssislər göndərmək barədə qərar verib. Onlar Tehranda və digər şəhərlərdə yayılan virusun önlənilməsi üçün yerli mütəxəssislərlə birgə işləyəcəklər. DST rəhbərliyi artıq bunun zərurətə çevrildiyini bəyan edib.
Rusiyada durum hələlik sabitdir. Moskva problemin onlarda üzə çıxmaması üçün bütün imkanlardan yararlanır. Baş nazirin birinci müavini Tatyana Qolikova bildirib ki, koronovirusun görüldüyü bütün ölkələrə gediş, gəlişi dayandırıblar.
Ermənistan İranda baş verənlərlə əlaqədar olaraq, bu ölkəyələ sərhədlərini bağlayıb. Rəsmi dairələr inkar etsələr ki, yerli mətbuat düşmən ölkədə koronovirusa yoluxma halının baş verdiyini bildirirlər.
Qardaş Türkiyədə də epizodik durum sabitdir. İranla bütün sərhədlərini bağlayan Ankara, gediş-gəlişi də məhdudlaşdırmaq barədə qərar verib. Digər ölkələrlə də eyni səpkidə davranmağa çalışan, lakin gözləmə mövqeyi tutmuş Türkiyə, paralel olaraq koronovirusa qarşı peyvənd hazırlanması prosesini də sürətləndirib. Bunun ilkin nümumələrini düzəldən Türkiyə, Çin hökumətinin istəyinə uyğun olaraq onlara göndərib.
Gürcüstanda isə artıq koronovirus var. Və bəla burasındadır ki, həmin yoluxan adam İrandan keçərək, Azərbaycan üzərindən Ttiflisə gedib. Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze keçirdiyi xüsusi brifinqdə bildirib. Onun sözlərinə görə, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub.
Yəni, bu o deməkdir ki, həmin şəxs nə az, nə çox, ölkənin içində 700 km-ə qədər bir məsafədə insanlarla təmasda olaraq, Gürcüstana yollanıb.
Rusiya və Gürcüstan sərhədləri bağlaya bilər
Vəziyyətin belə qarışıq vaxtında Azərbaycan hələ də İranla sərhəddi tam bağlamayıb. Düzdür, bir çox məhdudiyyətlər tətbiq olunub. Mal və məhsulların gətirilməsinə qadağa qoyulub. Eyni zamanda, əhalinin gediş-gəlişi də səngiyib. Amma iri həcmdə mal və məhsulların gətirilməsi və göndərilməsi prosesi davam edir.
İrandan gələnlər arasında koronovirusa yoluxma halının baş vermədiyini deyirlər. Səhiyyə Naziriliyi az qala Ətağanın cəddinə and içir ki, belə bir hala rastlanılmayıb. Lakin buna paralel olaraq, indiyə qədər 36 nəfər şəxsin koronovirusa yoluxma şübhəsi ilə xüsusi klinikalara yerləşdirildiyini də inkar etmirlər. Və böyük ehtimala əsasən, yaxın günlərdə belə şübhəli şəxslərin sayı daha da artacaq. Nəzərə alaq ki, koronovirus əgər 14 gün ərzində inkubasiya edirdisə, hazırda bu müddət 27 günə qədər uzanıb. Yəni, xəstəlik özünü 27 gün ərzində də büruzə verir.
İndiki məqamda İranla sərhədlərin bağlanılması Azərbaycan üçün elə də ciddi bir şey ifadə etmir. Düzdür, iki ölkə arasında geniş ticarət və tranzit əlaqələri var. Gediş-gəlişin əsas hissəsi də iki ölkəsi arasında qeydə alınıb. Cənub bölgəsinin əhalisinin əksəriyyətinin məhz İranla ticarət hesabına dolandığı da sirr deyil. Lakin kritik dönəmlərdə bütün bunlar nəzərə alınmaya bilər.
Azərbaycan böyük ehtimalla yaxın günlərdə İranla sərhədlərini tam bağlayacaq. Əks təqdirdə, Gürcüstan və Rusiya bizimlə sərhəddi tam bağlamaq məcburiyyətində qalacaq.
Səhiyyə Nazirliyi “fil qulağı”nda yatıb
Gürcüstana Azərbaycan üzərindən gedən şəxsin koronovirusa yoluxmasının üzə çıxması o deməkdir ki, xəstəlik artıq ölkədə var. Bu xəstəlik harada və nə zaman özünü göstərəcək, o bəlli deyil. Lakin gec göstərəcyi təqdirdə, ölkədə durumun necə olacağını demək mümkün deyil. Çünki Azərbaycan Səhiyyə Nazirliyi ekstremal hadisələrə hazır qurum deyil. Məsələn, bir neçə il əvvəl Mingəçevirdə baş verən qəzadan sonra ölkə xəstəxanalarında adi generatorların olmadığı üzə çıxmışdı. Bu səbəbdən xəstlər arasında ölənlərin olduğuna dair məlumatlar da vardı.
Üstəlik, bu nazirlik normal şərtlərdə öz əhalisinin sağlamlığını qorumaq gücündə deyil. Buna misal olaraq, xəstələrin böyük əksəriyyətinin İran və Türkiyəyə müalicəyə getdiklərini göstərmək olar.
Bəli, Azərbaycan klinikalarında ən müasir standartlara cavab verən texniki və tibbi avadanlıqlar var. Problem ondadır ki, həmin avadanlıqları lazımı səviyyədə işlədə bilən mütəxəssislərimizin olub, olmadığı məlum deyil.
Bundan başqa, səhiyyədə korrupsiya və rüşvətin təşəkkül tapdığını heç kim inkar etmir. Sıravi vətəndaşdan tutmuş, ictimai fəala qədər hər kəs bundan şikayətçidir.
Əslində, İrandan gələn ilk xəbərdən dərhal sonra Səhiyyə Nazirliyi bütün sərhəd-keçid məntəqələrində özünün mütəxəssis qruplarını yerləşdirməli, onların fəaliyyətini koordinasiya edən, habelə xəstəliklə əlaqədar məlumatları dəyərləndirmək üçün Qərargah yaratmalıydı. Həmin Qərargah təkcə, gömrüklərə deyil, bütün ölkə xəstəxanaları ilə koordinasiya qurmalı və gələn məlumatların əsasında təhlillər aparıb, addım atmalıydı. Lakin bunların heç biri baş vermədi, bundan sonra baş verəcəyi də məlum deyil.
Bir sözlə, əhali Səhiyyə Nazirliyindən əlini birdəfəlik üzüb və üzməlidir. Hər kəs öz başının çarəsinə baxmalıdır.
Gömrükçülər hara baxırmışlar?
Dövlət Gömrük Komitəsinin fəaliyyətindən danışmaq yersizdir. Bu qurumun hansı səviyyədə və nə gündə olduğunu deməyə də gərək qalmır. Onları düşündürən puldur. Başqa məsələlər hər neçənci dərəcəlidirsə, onları maraqlandırmır. İllərdir bununla bağlı yazılır, deyilir, faydası da yoxdur.
Gürcüstan vətəndaşı əlini, qolunu sallaya-sallaya sərhəddi keçirsə, həmin keçid məntəqəsində xüsusi avadanlıqlar mövcud olduğu halda, bu xəstəliyin daşıyıcısını müəyyənləşdirə bilməyiblərsə, o zaman baş verənlərin bir adı var: MƏSULİYYƏTSİZLİK!
Hərçənd, gömrükdə nə desən baş verə bilər. Mümkündür ki, həmin şəxsin temperaturu olub, avadanlıq da onu göstərib. Gömrükçülər də həmin şəxsin “sən öl, mən ölüm”ünü nəzərə alıb, buraxıblar. Məsələn, bir neçə gün əvvəl sosial şəbəkələrdə belə bir məlumat yayılmışdı ki, Azərbaycan vətəndaşı gömrüyü keçərkən, ondan ölkəyə girişinə icazə verilməsi üçün pul istənilib. Bu məlumatın nə dərəcədə doğru olduğunu demək mümkün deyil. Amma illərlə tanıdığımız və fəaliyyətinə bələd olduğumuz gömrükdə, belə bir halın baş verə biləcəyini də güman etməyimiz üçün yetərli qədər əsaslar var.
Bu məsələni uzun-uzadı müzakirə etməyə də artıq gərək qalmır. Vəziyyət ortalıqdadır. Ölkənin iki vacib qurumu konkret olaraq məsuliyyətsizlik edərək, əhalini risk qarşısında qoyub. Həmin məsuliyyətsizlik və bacarıqsızlığın bədəli nə olacaq, onu zaman göstərəcək.
Hər iki qurumun rəhbərliyi istefa verməlidir
Səhiyyə Naziriliyi və Dövlət Gömrük Komitəsinin məsuliyyətsizliyi və bacarıqsızlığı göz qabağındadır. Pafoslu açıqlamalar vermək, and içib əhalini inandırmaq artıq bir işə yaramır. Çində başlayıb, qonşumuz İrana qədər gələn bir təhlükəylə burun-buruna dayanmışıq. Üstəlik, İranda virusa yoluxan adamın rahatlıqla ölkəmizin ərazisinə girib, oradan da Gürcüstana getməsini belə görəcək qədər ayıq deyilik.
Belə olan təqdirdə, istər Səhiyyə Naziriliyinin, istərsə də Dövlət Gömrük Komitəsinin rəhbərliyi istefa verməlidirlər. Məhz işlərinin öhdəsindən gələ bilmədiklərinə görə, bu addımı atmalıdırlar.
Fərda Uğur,
JAMAZ.İNFO