[b]Dövlət büdcəsi heç bir məmura dədəsindən qalmış xəzinə deyil ki, dədə malı kimi də xərcləsin...
[/b]
Gəncə şəhər stadionunda yenidənqurma işləri, daha doğrusu bu istiqamətdə görülməli olan və görülən işlər medianın diqqətindən yayınmır. Zaman-zaman bu mövzu ətrafında mediada yumşaq desək ziddiyyətli məlumatlarla zəngin yazılar dərc edilir. Nə karədirsə 10 milyonlarla dövlət vəsaitinin xərcləndiyi bu yenidənqurma işləri ilə bərabər, müxtəlif söz-söhbətlər də bitib tükənmir…
XATIRLATMA: Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı cənab president İlham Əliyevin 06 oktyabr 2023-cü il tarixli sərəncamı var. Sərəncamla Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Resbublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Resbublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1, 0(bir) milyon manat ayrıldı.
09 aprel 2024-cü il tarixdə isə cənab prezident Gəncə şəhər stadionunun təməlini qoydu.
[center][/center]
Yenidənqurma, yoxsa yenidənyığma…?
Artıq 1 il 4 aydan artıq zaman keçir… Bir şəhər stadionunun yenidən qurulması üçün bu heç də az zaman deyil. (Xatırladaq ki, məsələ yeni stadionun tikintisindən deyil, mövcud stadionda yenidənqurma işlərindən gedir. Red.) Üzərinə çökmüş qara buludlar çəkilmir ki, çəkilmir…
Sanki stadion kimlərinsə hansısa maraqlarının girovuna çevrilib. Kimlərsə məqsədli şəkildə bu stadionun yenidən qurulub, gəncəlilərin xidmətinə verilməsini əngəlləyir. İndiyədək bu dilsiz-ağzsız biçarə ilə bağlı dövlət büdcəsindən 10 milyonların ayrılmasını nəzərə alsaq, qara buludların altında az da olsa aydınlıq mümkün olar.
İndi isə Yenixeber.org-a daxil olan məlumatlarda Gəncə şəhər stadionunda yenidənqurma işlərinin sentyabr ayına qədər sona çatdırılmasının hədəflənməsi də yer alır. Səbəb isə 28 sentyabrda ölkəmizdə keçirilməsi nəzərdə tutulan III MDB Oyunları ilə bağlıdır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin yaydığı məlumata görə, III MDB Oyunlarının keçiriləcəyi gözlənilən yeddi şəhər sırasında Gəncə və Gəncə şəhər stadionu da var.
Müəmma dolu müqavilələr…
Məşhur bir söz var, “Siz nədən danışırsınız danışın, söhbət puldan gedir”. Bu ifadəni boşuna xatırlamırıq. Yenixeber.org-a ötürülən məlumata görə, Gəncə şəhər stadionunun talehinin düyünə düşməsində bu istiqamətdə xərclənən 10 milyonların müstəsna rolu var…
Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tender təxminən bir il əvvəl baş tutub. 15.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edilən məlumata görə, bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderdə “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qalib elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsi bağlanıb…
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi bu tarixdən bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə də “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.
Bir həftədə 17 milyon manatlıq müqavilə(?)
Hələ bu harasıdır, Gənclər və İdman naziri Fərid Qayıbovun “İnşaatçı 3” MMC-nə olan sevgisi əməllicə fontan vurur. Belə ki, bu ayın ilk günlərində yayılan məlumata görə tərəflər arasında işlərin üçüncü mərhələsi üzrə daha bir müqavilə imzalanıb. Həm də, nə az, nə çox 45.033.980,39 manatlıq! Baxmayaraq ki, bu şirkətə 4.000 manat maliyyə sanksiyası tətbiq olunub…
Digər bir maraqlı məlumat ötən ilin avqustunda yayılmışdır: Gəncə şəhər stadionunda işləyən fəhlələr “İnşaatçı 3” MMC tərəfindən maaşlarının 5 aydır ki, verilməməsindən şikayətçi idilər…
“İnşaatçı 3” MMC-ni özəl tərəfdaş edən səbəblər…
Bəs şansı həsəd doğuran bu “İnşaatçı 3” MMC nədir, kimindir, kimlərindir, hansı səbəblərdən belə sayılıb-seçilir?
Google üzərindən əldə etdiyimiz və özəl məlumatlarımızla “İnşaatçı 3” MMC haqqında…
Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “İNŞAATÇI 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2006-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 20, QAPI 1,2,3, qanuni təmsilçisi kimi isə Siraclı Qeys Məmməd oğlu qeyd olunub.
Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin adı ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SADIXOV AKİF ƏNVƏR OĞLUNUN TAM ORTAQLI İNŞAATÇI ŞİRKƏTİ olub. 2011-2013-cü illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ƏLİYEV YAŞAR ŞAMİL OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SİRACLI QEYS MƏMMƏD OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2015-2016-cı illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ORTAQLARININ TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2016-cı ildən bu günə kimi “İNŞAATÇI 3” MMC-kimi fəaliyyətini davam etdirir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu olub. 2014-cü ildən qanuni təmsilçilik Siraclı Qeys Məmməd oğluna keçib.
Qeyri-rəsmi mənbələrdə MMC və onun qanuni təmsilçiləri haqqında maraqlı məlumatlar var. MMC-nin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlunun həm də “DDLAR Group” MMC-nin qanuni təmsilçisi olduğu bildirilir. Məlumatlara görə MMC Əliyev Şamil Əli oğlu ilə Siraclı Qeys Məmməd oğlunun 1999-cu ildə təsis etdikləri “Tam Ortaqlı İnşaatçı” tikinti şirkətinin bazasında, 2011-ci ildə yaradılıb. Hazırda “DDLAR Group”a “İnşaatçı 3” şirkəti, “Mega Design” MMC, “Monolit Beton” MMC və “Yeni İnşaat” MMC daxildir. “DDLAR Group” şirkətinin əsl sahibinin mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olduğu bildirilir.
HAŞİYƏ: Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin sabiq rəhbəri Arif Rəhimovun adı bu dövlət qurumunda külli miqdarda mənimsəmə işində hallanıb. Hətta mənimsəmədə ittiham olunan qurumun şöbə rəisi Çingiz Mehdiyev Bakı Ağır Cinayətlər Məhkəməsində Arif Rəhimovun hər şeydən xəbərdar olduğunu bildirmiş və onun da məhkəmədə dindirilməsini tələb etmişdir. Hətta Mehdiyevin vəkili bu tələblə bağlı konkret əsaslar da səsləndirmişdir. Amma, hansısa əl(lər) bu işin istintaqında belə, Arif Rəhimovu kənarda saxlaya bilmişdir(?)
[center][/center]
***
“DDLAR Group” şirkəti bir sıra rayonlarda da tikinti işləri aparıb. Mingəçevirdə 2012-ci ildən sonra 3 məktəbin tikintisi və əsaslı təmiri ilə bağlı keçirilən tenderlərin hər birində “DDLAR Group” qalib gəlib. Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.
Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Həm də hər bir kompleksin dəyərindən bir neçə dəfə artıq qiymətə başa gəldiyi iddia olunur. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.
Mediada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun biznes ortağıdır. Mətbuatda gedən digər məlumata görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.(“BakuNews”)
Qeys Siraclı ilə bağlı digər bir maraqlı məlumatda isə Azərbaycana qardaş sayılan dövlətlərdən birinin birinci şəxsinin adı hallanır. Hətta bəzən bu faktı müəyyən əsaslarla reklam etdiyi də bildirilir…Məlum səbəblərdən hələlik bu haqda geniş yazmağı uyğun bilmirik.
Daha maraqlı məlumatlar isə MMC-nin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlılığıdır. Mediada yazılanlara görə “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Müzəffər oğlu Bayramov 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var. İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.
Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olduğu da məlumdur. Bu haqda sosial şəbəkələrdə yetərincə məlumatlar var…
Belə məlum olur ki, Arif Rəhimov hələ də Gənclər və İdman Nazirliyinə təsir etmək gücünü özündə saxlayır. Burada onun 2021-ci ildən Gənclər və İdman naziri vəzifəsinə gətirilmiş Fərid Qayıbovla köhnə ilişkiləri də rol oynaya bilər. Amma Gənclər və İdman Nazirliyinin Gəncə şəhər stadionunun yenidən qurulması işlərini “İnşaatçı 3” MMC-yə həvalə etməsində şübhəsiz Niyazi Bayramov faktoru da mühüm rol oynayıb.
[center][/center]
Və son əvəzi…
Biz Yenixeber.org olaraq hər iki tərəfdən – həm Gənclər və İdman Nazirliyindən, həm də "İnşaatçı 3” MMC-dən müəyyən suallarımıza cavab almaq istədik.
MMC ilə əlaqə yaratmaq mümkün olmadı. Təsəvvürolunmazdır: bu qədər dövlət vəsaitinin etibar edildiyi şirkətin internet üzərindən heç bir əlaqə vasitəsinə rast gəlinmir(?) Hörmətli Qeys Siraclı isə deyəsən mobil telefona cavab verməyi özünə ayıb bilir...
Gənclər və İdman Nazirliyinə bu ayın 3-də ünvanladığımız 6 sualdan ibarət sorğumuza isə cavab verilməyəcəyini bildirdilər(?)
Cənab Fərid Qayıbova xatırlatmaqda fayda var ki, hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Dövlət büdcəsi hansısa yardım fondu deyil ki, ölkə ictimaiyyəti və aidiyyatı dövlət orqanları tərəfindən bir o qədər də, maraqlı görünməsin...
Təəssüf ki, hələ də, bəzi səlahiyyət sahibləri medianın sorğusuna cavab verməyin vəzifə borclarından biri olduğunu ya bilmir, ya da bilmək istəmirlər. Həm də onu bilmək istəmirlər ki, heç bir vəzifə sahibi bir gün “qapısının döyülmədən açılacağından” sığortalanmayıb...
Dövləti maraqlara xidmət yoluna sadiq bir media resursu olaraq biz bura qədər araşdırıb, maraq doğuracaq faktları meydana çıxara bilirik. Buyursunlar, aidiyyatı hüquq-mühafizə orqanlarımız, davamı onlarındır...(Yenixeber.org)