Bir mətbuat orqanı olaraq hələ ötən il Ağcabədi rayonunda qeyri sağlam biznes mühitinin hökm sürdüyü barədə məlumatlar yaymışdıq. Həmin məlumatlarda regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində, bütün rayonlarda olduğu kimi Ağcabədidə də bir çox mühüm işlərin görüldüyü, infrastruktur layihələrinin həyata keçirildiyi bildirilirdi. Onu da əlavə etmişdik ki, Ağcabədi şəhərində küçə və yolların, meydanların asfaltlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin yenidən qurulması, təmir və yenidənqurma işlərinin aparılmasını rayonda fəaliyyətdə olan bir-iki nəfərə məxsus MMC-lər tərəfindən həyata keçirilir. Bunun da monopoliyadan başqa bir şey olmadığını hər kəs çox gözəl bilir. Burada yuxarıda qeyd etdiyimiz işlər üçün ayrılmış dövlət vəsaitlərinin satınalmalar yolu ilə təyinatından kənarlaşdırılmasına şübhə yaradan nüanslar kifayət qədər çoxdur və bu barədə də dövrü mətbuatda çoxsaylı məlumatlar dolaşır.
Aktualinfo.org bu yöndə apardığı araşdırmalar zamanı bu dəfə heç yerdə görsənməyən bir məsələ ilə üzləşib. Belə ki, Ağcabədi rayonunda əvvəlki adı Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyəti, hazırda isə Ağcabədi Pedaqoji Kolleci kimi fəaliyyətdə olan təhsil müəssisəsinin keçirdiyi bir tender proseduru ilə bağlı dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar sifarişçi qurumun da, podratçı təşkilatın da təəccübünə səbəb olub.
Qeyd etdiyimiz kimi, dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumata görə Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyəti sair xərclər üzrə 22.04.2019-cu ildə “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 531 000 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.
Lakin Ağcabədi Pedaqoji Texnikumunun direktoru və baş mühasibi onların belə bir tender keçirmədiklərini,belə bir MMC ilə satınalma müqaviləs bağlamadıqlarını bildirdilər. Podratçı təşkilatın qanuni təmsilşisi Bəhruz İsmayılov da redaksiyamıza zəng edərək belə bir müqavilənin bağlamadığını bildirdi. Ortaya suallar çıxır. Bu müqavilə bağlanılmayıbsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir dövlət qurumunun vahid elektron portalına haradan gəlib çıxıb, kim yerləşdirib?
Biz bir mətbuat orqanı olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edirik. Qurumun rəsmi internet portalında Ağcabədi Pedaqoji Texnikumu Məhdud Məsuliyyətli Cəmiyyətinin sair xərclər üzrə 22.04.2019-cu ildə “YOL TƏMİR-TİKİNTİ İNŞAAT TICARƏT-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 531 000 manat məbləğində satınalma müqaviləsi bağlanılması barədə məlumatı kimlər tərəfindən yerləşdirilməsinə aydınlıq gətirin. https://etender.gov.az/media/contracts-register
