Heyvanlarda bir instintk var - özünü qoruma instinkti. Hətta cəngəlliklər kralı aslan belə, ilk təhlükəni sezdiyi halda, əvvəlcə qaçıb gizlənir. Sonra ehtiyatla gizləndiyi yerdən başını qaldırır, ətrafa boylanır, diqqətlə 360% ətrafa baxır. Və sonda tam əmin olduqdan sonra ortalığa çıxır. Bütün heyvanlar belədir. İlk olaraq özlərini düşünürlər. Çünki Kipling deyirdi ki, “Cəngəlliyin birinci qanunu - hər kəs özünə!”dir.
Futbolda yazılmış və yazılmamış qanunlar var. Bu qaydaları pozanda, hakim bəy birinci dəfə cərimə təyin edir. Sonra cərimə və sözlü uyarı. Görəndə ki, “sən öz işindəsən və fotulla oynamağa” davam edirsən, bu dəfə sənə sarı kart göstərir. Bundan sonrası hakimin ədalət ölçüsünə, humanistliyinə, evdə arvadı ilə necə ayrıldığına, sağlıq durumuna, şəxsi problemlərinə və nəhayət profesionallığına baxır. Çünki bundan sonrası futbolçunun müqəddaratını həll edir. Onu oyundan atan qırmızı kart tez də gələ bilər, gec də.
Ağıllı hakimlər oyunu savaş meydanına döndərmir. Centlimencə idarə edir və hər kəs razı qalır.
Virus Çindəki laboratoriyadan yayılıb" - Həkimdən epidemiyanın ...
Tərəfimdən yazılıb və deyilib. Hökumətin bizi qoruma işi 23 martda bitib. 23 martdan sonra cəngəllik qanunları və hər kəs özünə prinsipi işə düşüb. Hər kəs özünü qoruyacaq. Çünki özünü qorumasan, birinci ailə üzvlərini, sonra qohumlarını, dostlarını, qonşularını yoluxduracaqsan. Fərqi yoxdur, sənin neçə yaşın var - 15 yoxsa 95. Özünü qoruyacaqsan.
Hökumət hər işdə 1 həftə gecikdi. O, yaxşı həkim kimi əvvəlcə xəstəni tam analizə göndərdi, sonra MRT və USM elədi, indi isə konsilium çağırıb, “xəstəni əmıliyyata alaqmı”, - sualına cavab axtarır. Amma artıq gün deyil, saat hesabı dəyişən situasiya ilə qarşı-qarşıyayıq.
Dünən gecə Nazirlər Kabinetinin (NK) sözçüsü, professionallığını hər zaman çox bəyəndiyim İbrahim müəllim xalqa sarı kart göstərdi. Əminəm ki, NK-nın əsas üzvləri, güc strukturları bu gecəni yatmayıblar. Saatlarla sürən müzakirələrdə, kim nəyi, necə edəcək, nə məhdudiyyətlər olacaq və s. kimi mövzular danışılıb.
Zamanında NK-nı, Səhiyyə Nazirliyini (SN) çox xəbərdar etməyə çalışdıq. Gücümüz və sözümüz yetən yerə qədər. Yenə deyirəm, qərarlar gecikdirildi. Cənablar, siz ölmək üzrə olan xəstəyə terapiya cəhdi edirsiziniz. Olmayacaq! Çünki millət olaraq bu dildən anlamırıq. Siz ya xoşqədəmləri, zaurları çıxardın bunu desinlər, ya da bildiyinizi edin.
13 martdan etməli olduğunuzu niyə 1 aprelə saxlayırsınız? Axı bu işin zarafatı yoxdur. “Azərbaycan İspaniya yolu gedir”, - deyirsiz. Bəs siz nəyi gözləyirsiniz. Səlahiyyət, oyunun fiti, qırmızı kart kimdədir? Sizdədir, yoxsa xalqda? Xalqda yoxdur. Heç vaxt da olmayıb. İşinizi görün, əməliyyata başlayın, yoxsa xəstə öləcək.
Sizi də xəbərdar edirəm, hörmətli cəngəllik üzvləri, odun 1 sm-nə çatmısınız. Özünüzü yandırırsız, xəbəriniz yoxdur. “Ya bu gün, ya heç vaxt” dilemması qarşısındasınız artıq. Bu gün sözə baxmayan çox insan 1 ay sonra süni tənəffüs aparatı olmayan reanimasiyalarda yarımcan vəziyyətdə ağ tavana baxıb “mən harda səhv etdim?”, - deyə düşünəcək.
Virus haqqında milyon konspiroloji fikir söyləndi. Hər nədirsə, dəqiq bilən yoxdur. Amma niyə siz bunu bilməyə-bilməyə belə arxayınsınız və özünüzü öldürmək istəyirsiniz? Özünü qoruma instinkti ilk olaraq qorunmağı, gizlənməyi, ancaq sonra “təhlükə real idimi” məntiqi ilə ətrafa boylanıb, çıxmağı diqtə edir.
Niyə gizlənmirsinizz? Siz cansızsınız, yoxsa şüursuz?
Oxu.az - Nazirlər Kabinetinin sözçüsü: “Azərbaycanda virusa ...
İbrahim müəllim dünən qırmızı kartın ucunu göstərdi. Çıxartmalı idi, amma çıxartmadı. Çünki rəhbər humanist adamdır. Amam nahaq. Qərar verilməyən hər 1 gün karantin müddətini 10 gün uzadacaq. Bunu hər kəs belə də bilsin.
Hörmətli hökumət ərkanı, qərar vermə səlahiyyəti olanlar!
Sizi bir daha əmin edirəm.
“Azneft”, dairəsində “Koroğlu” metrosu ətrafında, Sədərək yarmarkasında, Biləcəridə, Daxili Qoşunların ZHM-ləri durmayınca, saat 17-dən sonra küçələrə FHN-in əsgərləri nəzarət etməyincə, hər kvartalda PPX maşınları keşik çəkməyincə, icazə olmadan küçəyə çıxan, qonşu ilə samovar qoyub çay içən, uşağının əlindən tutub küçədə gəzən, yaşlılarla parkda nərd oynayan təqaüdçü həbs edilməyincə, biz İspaniyanın pis variantına doğru sürətlə gedəcəyik.
Hər kəsi ilk olaraq ailəsi qarşısında, sonra isə cəmiyyət və dövlət qarşısında üzərinə düşəni yerinə yetirməyə çağırıram. Sonuncu dəfə:
İbrahim müəllim, çıxardın artıq qırmızı kartı. Sabah gec olacaq. “Sağlam olun” deməyi də dayandırdım. Bundan sonra “çalışın, ölməyin” deyəcəm.
Müşfiq Hüseynov, həkim-farmakoloq