“Sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə etməsinlər”
Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə xüsusi karantin rejiminin elan edilməsi bəzi işbazlar üçün fürsət yaradıb, marketlərdə ərzaq mallarını süni olaraq bahalaşdırırlar. Bundan isə alıcılar şıkayətlənir, hətta bu yöndə ölkə başçısına müraciət edənlər də var. Xatırlayırsınızsa, bir neçə gün öncə, oxucularımızdan biri “Araz” marketlər şəbəkəsində ərzağın qiymətinin bahalaşmasına etiraz edərək, Hurriyyet.org vasitəsilə prezidentə müraciət etmişdi.
“Bu, əvvəldən o yanlış siyasətin doğurduğu fəsadlardır”
Marektlərdə qiymət artımına münasibət bildirən iqtisadçı Nemət Əliyev Hurriyyet.org-a dedi ki, hələ Azərbaycanda koronavirusla bağlı fövqalədə addımlar atılmamışdan əvvəl ölkə iqtisadiyyatında xoşa gəlməyən proseslər yaşanmaqdadır: “Konkret olaraq yanvar və fevral ayından həmin tendensiyalar çox qabarıq şəkildə özünü göstərməyə başlayıb. Neftin qiymətlərinin bir o qədər aşağı düşmədiyi fevral ayında Azərbaycan çox böyük itkilərə məruz qalıb. Xam neft bazarının təxminən 58 faizə qədəri Azərbaycanın əlindən çıxıb. Xam neftin satışında çox ciddi geriləmələr qeydə alınıb. Bilirsiniz ki, mart ayında da neftin qiymətlərində əhəmiyyətli dərəcədə, təxminən 40-50% civarında enmələr müşahidə olunub. Bunu mən niyə xüsusi şəkildə qeyd edirəm? Ona görə ki, Azərbyacan neft üzərində oturuşmuş bir ölkədir. Çox təəssüflə qeyd edirəm ki, ölkə rəhbərliyi uzun illərdən bəri neftin verdiyi verdiyi imkanlardan istifadə edib, ölkədə rəqabət qabiliyyətli bir iqtisadi sistem qura bilməyib. Ona görə, neftin qiymətlərində, yaxud satış həcmində azalmalar qeydə alınan kimi, bu, özünü bütün çılpaqlığı ilə daxili bazarlarda nümayiş etdirir. Bu gün də bizim müşahidə etdiklərimiz uzun müddət ərzində yürüdülən yanlış siyasətin doğurduğu fəsadlardan biridir. İndi tək Bakıda deyil, bütün ölkədə koronavirusun yaratdığı fəsadlar var. Təsəvvür edin, o fəsadlar da bu məsələnin üzərinə gəlib. Yaranmış bu vəziyyətə görə, ölkədə iqtisadi fəallıq xeyli zəifləyib. Xüsusən də xidmət sektorunda, turizmdə geriləmələr müşahidə olunmaqdadır. Yanvar, fevral dövrünün statistikasına diqqət etsəniz, idxalda çox ciddi şəkildə geriləmə qeydə alınıb. Yəni bizim itikilərimiz yalnız ixracda deyil, idxalda da böyük itkilər verilmişik. İdxalın həcmində təxminən 30-40% azalma qeydə alınıb. İndi hökuməti müəyyən mənada başa düşmək olur. Neft gəlirlərinin azaldığ şəraitdə idxalı maksimum dərəcədə məhdudlaşdırmaq siyasəti yürdür ki, heç olmasa valyuta itkisinin qarşısını ala bilsin. Amma belə bir vəziyyət bizim daxili bazarlara təsir edir və daxili bazarlarda mal kütləsinin həcminin azalması ilə müşahidə olunur. Bax, sizin haqqında danışdığınız Nizami rayonunda marketdə ərzağın qalxması yalnız koronavirusun gətirdiyi Nazirlər Kabinetinin yanında yaradılmış Opretiv Qərargahın verdiyi qərarlarla bağlı deyil. Bu, əvvəldən o yanlış siyasətin doğurduğu fəsadlardır”.
“Sui-istifadə, möhtəkirlik hallarına yol verilməməlidir”
N. Əliyevin sözlərinə görə, hələ bu ilin əvvəlindən proqnozalar verilirdi ki, Azərbaycanda çox ciddi bahalaşma gözlənilir: “Bu gün o şikayətçilərin müşahidə etdiyi bahalaşma səviyyəsinə əhali diqqət etdiyinə görə, diqqəti cəlb edibdir. Əslində, hansı biriniz müşahidələr aparmısınızsa, bu haqda müəyyən siqnallar verilib. Yanvar ayının əvvəlindən qiymətlər hissə-hissə qalxmağa başlayırdı. Hətta mətbuatda şikayət olunurdu ki, satıcılar malların üzərində bir qiymət, kassa aparatında isə başqa bir qiymət vururlar. Yəni bahalaşma tendensiyası ilin əvvəlindən başlayıb və bu gün də davam etməkddədir. İndi faktiki olaraq idxalda da ciddi azlama qeydə alınıb. Heç şübhsiz ki, xaricdən mal gətirən sahibkarların da fəaliyyətində çox ciddi şəkildə geriləmələr qeydə alınıb və daxili bazarlarda mal kütləsi azalıb. Ona görə, xüsusən istehlak mallarına olan tələbatın artdığı bir şəraitdə mal təklifi də azalırsa, qiymətlərin artması gözlənilən hal idi. Əlbəttə, mən burada möhtəkirlik hallarını istisna etmirəm. Gərək, həmin sahibkarlar yaranmış vəziyyətdən sui-istifadə etməsinlər. Çünki onsuz da iqtisadi fəaliyyət ciddi zəifləyib və əhali ev şəratindən kənara çıxmamaq məcburiyyətindədir. Ona görə ki, bütün göstərişlər də bu istiqamətdədir. Ən azı can sağlamlığını qoruyub saxlamaq naminə insanlar bunu etmək məcburiyyətindədir. Belə bir şəraitdə əhali külli miqdarda qazancdan məhrum olub. Şifahi şəkildə deyilsə də ki, sahibkarlara müəyyən köməklər olacaq, aztəminatlı ailələrlə müəyyən yardımlar nəzərdə tutulur, faktiki olaraq bu gün ortalıqda bir şey yoxdur. Ona görə, həmin sahibkarlara mənim tövsiyyəm bundan ibarət olardı ki, yaranmış vəziyyətdən sui-istifadə etməsinlər. Onlar da indki çətin şəraitdə öz töhvələrini verməlidirlər. İnsanlar bu çətin vəziyyətdən hansısa bir formada çıxmalıdır. Onların da töhvəsi bundan ibarət ola bilər. Onlardan onsuz da çox şey gözlənilmir. Heç olmasa qiymətlərin əvvəlki səviyyəsini qoruyub saxlasınlar, imkan versinlər ki, yaranmış situasiyadan əl-ələ verməklə çıxa bilək. Yoxsa belə çox çətin olar. Çünki bütün xidmət sektorunda iş rejimi dayandırılıb, qiymətlər bir az da yüksəlimiş olsa, gəlir yoxdursa, təsəvvür edin, onların vəziyyəti necə olar?! Evdən kənara çıxmaları qadağan olunmuş yaşlı adamların əhvalı necə olar?! Ona görə, sui-istifadə, möhtəkirlik hallarına yol verilməməlidir. Amma bu çağırış hökumətə sui-istifadə imkanları da yaratmır”.
“İstehlak mallarının bolluğunu yaratmaq hökumətin bir nömrəli vəzifəsi olmalıdır”
N. Əliyev hesab edir ki, hökumət əlini iti tutmalıdır, elə etməlidir ki, daxili bazarlarda mal qıtlığı yaşanmasın: “Çünki hər bir halda bahalaşma tələb təkliflə bağlıdır. Bu, iqtisadi qanundur. Bunun inzibati metodlarla qarşısını bir müddət ala bilərsən, amma nəticə etibarilə onun qarşısını almağın iqtisadi mexanimzləri var. Nədən ibarətdir? Xarici ölkələrdən imkan daxilində ucuz mal tapıb gətirmək, yaxud da yerli istehsalı stimullaşdırmaq lazım gələcəkdir. Mən başa düşmürəm ki, hökumət niyə enerji daşıyıcılarının qiymətlərini aşağı salmaq istəmir? Elektrik enerjisinin, benzinin, dizelin, mazutun, digər sürtkü materillarının qiymətlərini aşağı salmaq lazımdır. Bunun istehsal sektorunda çalışanlara böyük bir töhvəsi ola bilər. Amma çox təəssüflər olsun ki, bunun üçün əlverişli şərtlər yetişməsinə baxmayaraq, dünyanın əksər ölkələrində adını çəkdiyim enerji daşıyıcılarının qiymətini aşağı salsalar da, Azərbaycan hökuməti qiymətləri aşağı salmır. Xüsusən təbii qazın da qiymətinin aşağı salınması üçün şərtlər yetişib. Hər bir halda, ölkədə daxili bazarlarda istehlak mallarının bolluğunu yaratmaq hökumətin bir nömrəli vəzifəsi olmalıdır. Çünki bolluq yaratmadan heç kəs deyə bilməz qiymətlərin artırılması mümkün olmayacaq. Yəni Azərbaycan iqtisadiyyatı bir növ idxal mallarına köklənib. Təsəvvür edin ki, bizim daxili bazarlarda məhsulun 60%-ni idxal malları təşkil edir. Belə bir vəziyyətdə Azərbaycan hökuməti nə etməlidir? Əlbəttə ki, birinci qeyri-neft sektorunda maddi istehsalın inkişafı üçün əlindən gələn addımları atmalıdır. Doğrusu, axtarsan iri mareketlərin əksəriyyətinin arxasında təmsil olunan bu hökumətdə yüksəki çinli dövlət məmurlarıdır. Mənə belə gəlir ki, hökumətin onlara əli daha tez çatar, nəinki sadə insanların. Ona görə hökumət, fəaliyyət göstərən fövqalədə komissiya onlara bu yöndə ciddi xəbərdarlıq edə bilərlər ki, bu hallardan sui-istifadə etməsinlər”.
Şamo EMİN, Hurriyyet.org